Lalə Hacıyeva müxalifətdəki rəqiblərinə qarşı hücuma hazırlaşır
Uzun müddətdir ki, radikal müxalifət düşərgəsində, hələ də, öz mövcudluqlarını hiss etdirməyə çalışan oyuncaq qurumlar düşdükləri bataqlıqdan çıxa bilmirlər. İctimai-siyasi proseslərdən tamamilə uzaq olan radikal müxalifət partiyalarının məhz belə bir aqibətlə üzləşməsi isə təbii qarşılanmalıdır. Çünki bu partiyalar mövcud olduqları gündən heç vaxt ictimai əsaslarla fəaliyyətə üstünlük verməyiblər. Onların yeganə prinsipi xarici donor təşkilatlara məktub göndərərək, sifarişlər əsasında pul qoparmaqdan ibarətdir.
Ona görə də, radikal müxalifət partiyaları siyasi mövcudluqlarının sonuna yaxınlaşdıqca, onlar üçün hər şey çox qəribə görünür. Partiya sədri olmaqla göz çıxaracağına ümidli olan, xarici havadarlarının vermiş oluqları pullar hesabına alınan pencək və qalstuklarını bəyanat vermək yolunda üzmüş tipik şəxslər mahiyyətdən hələ də bixəbərdirlər. Hələ də, fil qulağında yatmış müxalifət boşboğazları elə boğazdan aşağı "düşüncə"nin məhsulu olan yersiz bəyanatları və hay-küyləri ilə yenidən gündəmə gəlmək eşqinə düşüblər. Bir məqamı da, vurğulayaq ki, bu eşq məsələsi müxalifətin ən ağrılı yeridir. Çünki onlar gördüyünə eşqnamə oxuyur, sonradan isə deyir ki, filankəs mənə xəyanət etdi. Elə onların ən çılğın nöqtələri də xəyanətkarlıqlarındadır. Belə olmasaydı, müxalifətin lalə hacıyevaları, əli kərimovları, isa qəmbərovları, eldar namazovları və başqalarının nəyin və kimin qulu olduqları, yəqin ki, anlaşıqlıdır.
Anlamazlıqdan, qanmazlıqdan, görməzlikdən xarab olmuş müxalifət yetkililəri üçün sonun başlanğıcı onlar üçün sürpriz oldu. Son günlər düşərgədə hamının payızda keçiriləcək parlament seçkilərinə qatılmaq üçün əl-ayağa düşmələri köhnəlmiş moddan düşmüş müxalifət siyasətçilərini də, deyəsən, yaman iştahaya salıb. Müxalifətin iylənmiş, qoxusu çıxmış partiyalarından olan Azərbaycan Liberal Partiyası da, kommunizmin son qalıqları kimi yenidən gündəmə gətirilir. Aylardır, illərdir adı çəkilən quruma əvəzlik rolunu üzərinə götürmüş ALP-nin sədr əvəzi Əvəz Temirxan, axır ki, "murad"ına çatdı. " MBH" lideri Lalə Hacıyeva siyasətə zəngin gəldiyini deyə-deyə, Avropanın liberalizm prinsiplərinə aldanan şovinist təşkilatlarından öz aramızdır az pul qoparıb, aradan çıxmadımı?! L.Hacıyevanın birdən-birə siyasətdən ardına baxmadan getməsi və sonradan ortaya çıxan mətləblər bunu bir daha isbatlayır. Yaxasını proseslərdən uzaq tutub, guya hər şeyi Ə.Temirxan kimi bir əvəzi yetişməzə tapşıran L.Hacıyeva, nəhayət, onu da partiya sədri elədi. İki gündür ki, bu sevinci yaşayan Ə.Temirxan sevincindən yerə-göyə, güncə-bucağa sığışmır. Amma bu işin içində bir əmmanın olması da məlumdur. Çünki mənsub olduğu düşərgənin bütün üzvləri ilə qanlı-bıçaq olan L.Hacıyeva Ə.Temirxanı qabağa verib, rəqiblərinə qarşı mübarizədə istifadə etmək iddiasına düşüb. Elə bu məqsədlə də, məhz əlyandıda Ə.Temirxan sədrlik "taxt"ında oturdulub.
Amma hər bir halda düşərgədə baş verən bu cür anormallıqlar gözlənilən bir faciənin ayaq səslərindən xəbər verir. Çünki fələk gör müxalifət düşərgəsində necə tərsinə dövr edirsə, Ə.Temirxan da, partiya sədri olur. Elə bu yerdə şair yaman deyib: "Bat, a dünya, bat! Sənin ki, Ə.Temirxan kimi partiya sədrin var". Görünən mənzərə isə ondan ibarətdir ki, Ə.Temirxan kimi birisinin partiya sədri olması digərlərini də, başından böyük qələtlərə girişməyə vadar edir. Onlar iddia edirlər ki, bizim Ə.Temirxandan nəyimiz əskikdir? Elə hazırda düşərgədə qarayaranın üstündən çıxan sarı yara da, bu problem üzərində qurulub. Gerisini isə onlar bizdən də yaxşı bilir.