PDF Oxu

Müxalifət

  • 17

Rauf Arifoğlu özünü reklama başlayıb

Rauf Arifoğlu özünü reklama başlayıb
Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərini barmağına dolamış "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu son günlər şou biznes müğənniləri kimi ardıcıl olaraq özünün prezentasiyasını keçirməyə başlayıb. Ancaq özünü reklam prinsipinə söykənən R.Arifoğlu payızda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək üçün dəridən-qabıqdan çıxıb. Ötən gün rəhbərlik etdiyi qəzetdə özünün növbəti hoqqabazlıqları barəsində əlaltılarına göstərişlər verən R.Arifoğlu düşərgədəki həmkarlarından daha zirək tərpənməklə maraqlarını təmin etməyə çalışır. Təmsil olunduğu partiyanın prinsiplərinə məhəl qoymayaraq, özü üçün ayrıca bir "bazar" açan R.Arifoğlu qollarını çırmalıyıb "hərəkətə" keçib. Düşərgədə ona qarşı olan ayrıseçkiliyə məhz bu cür hərəkətlərlə cavab verməyə çalışan R.Arifoğlu hər vəchlə yoluna çıxan maneələri dəf etməyə çalışır. Bir neçə gün öncə AXCP (i) ilə Müsavatın oyuncaq "bloku"nun elan edilməsi də, R.Arifoğlu üçün problem kimi görünmür. Çünki o, bu cür təşkilatları özünə maneə yarada biləcək gücdə görmədiyi üçün qəti şəkildə onları qəbul etmir.
Qeyd edək ki, "DUİ"-dən öz namizədliyini göstərdikdən sonra Müsavat partiyasının da, naəlac şəkildə onu dəstəkləməsi R.Arifoğlunun müxalifət üçün hələ də, başlıca problem olduğunu isbatlayır. Əgər belə olmasaydı, AXCP (i)-Müsavat danışıqlarında da, onun iştirakı tələb olunmazdı. Görünür, düşərgədə olan hər kəsdə özü barəsində xof yaradan R.Arifoğlu daha böyük maraqlar iştahasındadır. Düşərgədə xoşu gəlmədiyi istənilən şəxsi rəhbərlik etdiyi qəzetdə ağ yuyub qara sərən R.Arifoğlu məhz bu yolla həmkarları üzərində "hakimlik" iddiasını saxlamağa çalışır. Bir fakt da, ondan ibarətdir ki, şəxsi maraqları naminə az qala min cür hoqqadan çıxan R.Arifoğlu indi də deputat olmaq üçün bacardığı bütün iyrənc metodları işə salmağa çalışır. Məhz "Yeni Müsavat" qəzetinin redaksiyasında əlaltılarını yıxıb təlimatlandıran R.Arifoğlu onların qarşısında konkret şərtlər qoyub. Bir sıra Avropa təşkilatlarından davamlı şəkildə qrantlar qoparan R.Arifoğlu bu vəsaitdən özünün təbliğatı üçün istifadə etməyə başlayıb. Artıq düşərgədə bir dəb halını almış qapı-qapı düşüb səs və ianə istəmək məsələsini R.Arifoğlu da, özü üçün mümkün variant kimi qəbul edib. Görünür, baş redaktora konkret tapşırıq gəlibdir ki, o, nəyin bahasına olur-olsun bu prosesdə iştirak etməlidir. Əgər belə olmasaydı, R.Arifoğlu indi çoxdan öz kefində idi. Çünki nəzərə alsaq ki, o, hər ilin bu vaxtları bir müddət aradan çıxıb, öz bildiyi yerlərdə macəralarını yaşayır. Amma görünür ki, bu dəfə R.Arifoğlu İstanbulun Laləliləri üçün hələ bir müddət həsrət qalacaq. Əlavə edək ki, ona verilmiş konkret tapşırıqların sırasında Müsavat başqanı İsa Qəmbərovun aradan götürülməsi kimi şərtlərin olması isə bu prosesdə daha kritik məqamların baş verəcəyi ehtimalını yaradır. Belə olan təqdirdə, R.Arifoğlu həm deputat, həm də, Müsavat başqanı kimi mühüm postlar ələ keçirmək imkanını nəzər alıb niyə də, bu cür fəallıq etməsin? R.Arifoğlunun təmsil olunduğu və dəstək verildiyi qüvvələrə qarşı sayqısızlıq göstərərək, bu cür tədbirlər təşkil edib, özünü reklam etməsi bir çoxlarının haqlı narazılığı ilə qarşılanıb. Belə ki, onun namizədliyinə ilk dəstək olmuş "DUİ" təmsilçiləri R.Arifoğlunu özbaşına hərəkət etməkdə suçlayıblar. Bir vaxtlar R.Arifoğlu ilə dodaq-dodağa öpüşən Pənah Hüseynov  belə, onun bu hərəkətindən hiddətləndiyini bildirib. Çılğınlığı ilə düşərgədə bir çoxlarının başını yemiş P.Hüseynov R.Arifoğluna bir balaca məsələhət verməyi də unutmayıb. O bildirib ki, seçkiöncəsi bu cür yanlışlıqlara yol vermək böyük dəstək itkisi deməkdir. "Ona görə də, inanıram ki, R.Arifoğlu bu yanlışlığını düzəldər" deyən P.Hüseynov bu cür halların yaranmasından təəssüf hissi keçirdiyini də gizlətməyib.
Bütün bu olanlara rəğmən o qənaətə  gəlmək olur ki, radikal müxalifət düşərgəsində artıq böyük baş ağrısına çevrilmiş R.Arifoğlu ya birdəfəlik müxalifətin axırına çıxacaq, ya da ki, onlar R.Arifoğlunun başını yeyəcəklər. Bu isə çox da uzaqda deyil.

Digər xəbərlər