Radikal müxalifət mühafizəkar ampluasında
Fəaliyyətlərini qeyri-sivil mübarizə formaları üzərində kökləyən radikal müxalifət düşərgəsində son dövrlər münasibətlər daha da gərginləşib. Radikal partiyaların rəhbərlərinin "vahid namizəd" məsələsinə baxışlarında fərqli yanaşmalardan, müxalifətin mövsümü "birlik" formatından irəli gəlir.
2005-ci ildə parlament seçkilərində ciddi məğlubiyyətə uğrayan və uğursuzluqları ilə barışmaq istəməyən ifrat radikalların kütləvi iğtişaşlara cəhd göstərməsindən siyasi dividend əldə etməyə daim can atan AXCP (i) sədri Ə.Kərimov yenidən spekulyasiyalar etməkdədir. Payızda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca radikal müxalifətin ənənəvi simalarının spekulyasiyaları ətrafında Ə.Kərimov müttəfiqlərinə ən müxtəlif vədlər verməklə məşğuldur. Postseçki dövründə ənənəvi məğlubiyyətə uğrayan və sonradan müttəfiqləri tərəfindən ciddi kompromat hücumlarına məruz qalan Ə.Kərimovun tərəfdarları "AXCP (i) -Müsavat" seçki blokunun tərkibinin dəyişdirilməsi istiqamətində planlar üzərində işləyir. "AXCP (i) -Müsavat" seçki blokunun tərkibinin dəyişdirilməsi məsələsi müzakirə obyektinə çevrilməsi AXCP (i) daxilində müttəfiqlərinə arxadan zərbə vurmaq məqsədi daşımaqdadır. AXCP (i) və Müsavat arasında münasibətlərin "yaxın" olduğu bir vaxtda radikal müxalifətin potensial imkanı və siyasi iradəsi olmadığını nəzərə alan Ə.Kərimov perspektivi görünməyən siyasi mövqeyinə bir sıra düzəlişlər etmək niyyətinə düşüb.
Şəxsi maraqlarını partiya və ümummilli maraqlardan üstün tutan AXCP (i) sədrinin siyasi manipulyasiyaları ölkə ictimaiyyətinə yaxşı məlumdur. Müsavat partiyası daxilində son günlər yaşanan olaylardan xəbərdar olan Ə.Kərimov bu vəziyyətdən öz xeyirinə istifadə etməyə çalışır, radikal müxalifətin onun rəhbərliyi altında birliyinə cəhd edir. Müttəfiqlərinə ən müxtəlif sahələrdə şirin vədlər verən Ə.Kərimov qüvvələr nisbətinin onun ətrafında cəmlənməsindən, sözügedən seçki blokunun tərkibinin dəyişdirilməsi ideyasından qaynaqlanır. "AXCP (i) - Müsavat" seçki blokunun "vahid namizəd" siyahısından kənarda qalan, pərakəndə halında olan müxalifətçilərdən bir qrupu seçkilərə qatılmağı məqsədəuyğun saysa da, seçki qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərməkdə tərəddüd keçirirlər. Seçkilərə qatılmaq istəməyən müxaliflər isə qarşı tərəfi öz ardınca apara bilmədiklərindən ittihamlara üstünlük verirlər. Göründüyü kimi, partiya funksionerləri arasında start götürən qarşıdurmaya onların nəzarətindəki mətbuat orqanları da qoşulub. Onların sahib olduqları mətbuat orqanlarını da cılız siyasi maraqlara cəlb etmələri bu siyasətçilərin mühafizəkar düşüncələrinin göstəricisidir. AXCP (i) sədrinin "Azadlıq" qəzetinin siyasi maraqlara uyğun yönləndirilməsi ətrafında fikirləri də buradan irəli gəlir. Belə olan halda antiazərbaycançı qüvvələrin yenə də radikal müxalifətin xidmətindən yararlanması daha da asanlaşır.
Eyni siyasi çətir altında fəaliyyət göstərməyə çalışan radikalların fəaliyyətlərində xarici asılılıq seçkidə iştirak etməyə qərarlı olan siyasi partiyaların təmsilçiləri arasında yaranan anlaşılmazlıqda bir sıra suallar doğurur. Azərbaycanın daha da qüdrətli bir dövlətə çevrilməsi, yalnız özünün müəyyən etdiyi siyasi kursu reallaşdırması, milli maraqlarını tam müdafiə etmək iqtidarında olmasından narahat olan antiazərbaycançı şəbəkə Ə.Kərimovun maraqlarına uyğunluğu ilə diqqəti çəkir. Seçkilər ərəfəsində İ.Qəmbərovdan istifadə etməklə onun da xarici əlaqələrindən istifadə etməkdə maraqlı olan Ə.Kərimov qrantalma imkanalarını genişləndirmək məqsədilə düşərgənin gələcək taleyini öz təsir dairəsinə salmağa nail olub. Radikal müxalifətin ən xırda istəklərinin həyata keçirilməsinə çalışan radikallar bu istiqamətdə destruktiv fəaliyyətlərini davam etdirirlər. Lakin düşərgə daxilində "siyasi vədlər" əsasında qurulan siyasi münasibətlərin gedişi göstərir ki, müxalifət daxilində "birlik ideyası"na hesablanan taktika partiyaların qrantalma imkanları çərçivəsində mümkün olacaq. Beynəlxalq təşkilatların və böyük dövlətlərin yüksək təmsilçilərinin Azərbaycana gəlməsi və parlament seçkiləri ərəfəsində radikal müxalifətin təmsilçiləri ilə görüşməməsi düşərgə daxilində ruh düşgünlüyü yaradıb. Radikal müxalifətin pozucu xarakteri Ə.Kərimovun ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən təxribatçı addımları ölkəmizin beynəlxalq imicinə ləkə salmaq istəyindən doğur. Müxalifətin bu reallığı nəzərə almayan təmsilçilərinin fəaliyyəti ölkə vətəndaşlarının qınaq obyektinə çevrilib. Xatırladaq ki, ötən seçki ərəfəsində normal seçki mübarizəsində radikal müxalifət tərəfindən Azərbaycanın bir müstəqil ölkə kimi köklü dövlətçilik maraqlarını firqə maraqlarına qurban verərək, seçkilərin beynəlxalq təsisatlar tərəfindən keçirilməsi xahiş edilmişdi.