İsa Qəmbərovla Əli Kərimovun tələskən bəyanatının gizli məqamları
Əvvəlki seçkilərdə olduğu kimi, 2010-cu ilin parlament seçkilərinə siyasi partiyalar ciddi cəhdlə hazırlaşmaqdadır. Lakin ölkədə digər qüvvələr, xüsusilə də, özlərini "güclü siyasi qüvvə" hesab edən AXCP (i), Müsavat, ADP, ALP və digər radikal müxalifət partiyalarının destruktiv maraqlar üzərində qurulan siyasi fəaliyyətləri cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənmir.
Bu günlərdə Müsavatın qərargahında AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovun birgə keçirdiyi yığıncaqda irəli sürülən fikirlər bir daha radikal müxalifətin iç üzünü ortaya qoymaqla seçicilərə təzyiq göstərməyi, hər bir seçicinin qapısını döyməyi, zorla da olsa öz "varlıqlarını" nümayiş etdirməyin vacibliyi tapşırılıb.
"İsa Qəmbərov Müsavat partiyasının sədri kimi siyasi arenada hansısa bir uğuru ilə seçilməyib və bu mənada, onun parlament seçkilərində seçicilərdən dəstək gözləməyə mənəvi haqqı çatmır". Bu fikiri Vəhdət partiyasının sədri Tahir Kərimli İsa Qəmbərovun siyasi fəaliyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, "Xalq Cəbhəsi dövründə qeyri-qanuni və zorla parlament sədri olması, bu postda verdiyi qərarlar ortadadır: "Bu qərarların təhlili İ.Qəmbərovun siyasi iradəsinin çəkisini və istiqamətini müəyyənləşdirə bilər. Bundan başqa, elə həmin ildən sonra bir dəfə də olsun xalqın etimadını qazanıb, millət vəkili seçilə bilməyən İ.Qəmbərov hansı haqla siyasətdə qala bilər".
Verdiyi qərarlarda daim ziddiyyətlərin müşahidə olunduğunu söyləyən T.Kərimli onu da bildirdi ki, "ac toyuq yatanda darı gördüyü" kimi, görünür, İ.Qəmbərov da xəyallarla yaşaya-yaşaya qalıb: "Əslində, siyasi "spekulyasiya" ilə məşğul olan, amma bunun adını "siyasi manevr" qoyan Müsavat partiyası başqanının düşərgədaşları ilə həm dostluğu, həm də düşmənliyi 5 gün çəkib. Məsələn, 2000-ci ilin parlament seçkilərindən sonra "Yurd"çu qanadı təmsil edən Əli Kərimovun başçılıq etdiyi AXCP (i)-ni xəyanətkar adlandıran İ.Qəmbərov "klassiklər"lə "qardaşlaşmışdı". Hətta 2003-cü il prezident seçkilərində "bir sədr, bir papka" partiyaların birliyi olan "Bizim Azərbaycan" blokunun təmsilçilərindən sayılan, pis günündə pulunu və malını Müsavat partiyasından kənar etməyən "KAXCP" 2005-ci il parlament seçkilərində qapı arxasına qovuldu. Onun yerini 2000-ci ilin "xəyanətkarı" AXCP (i) tutdu. Bu cür qeyri-sağlam və imzasına, dediyi sözə qiymət verməyi bacarmayan bir şəxs hansı haqla yenidən partiya sədri kimi seçkilərə qatılır?"
İ.Qəmbərov hər zaman özündən böyük iddiaları ilə seçilən bir "şəxs" olduğunu söyləyən T.Kərimli onu da bildirdi ki, öz imkanlarından artıq istəklərdə bulunan, hələ də 1992-ci il təsadüfünün bir də təkrarlana biləcəyi xülyası ilə uyuyan Müsavat başqanının yaxşı idarəçi olduğunu da deməyə heç kimin haqqı çatmır: "Çünki elə Müsavatdaxili proseslərə nəzər saldıqda, hər şey ortaya çıxır. Partiyanın son məclis sədri seçkilərində o dövrün məşhur Arif Hacıyev-Rauf Arifoğlu və Sülhəddin Əkbər-Vurğun Əyyubov qruplaşmasının bir-birinin ünvanına dediyi sözlər, yəqin ki, çoxlarının yaddaşındadır. Bir-birilərini xarici kəşfiyyat orqanlarına işləməkdə suçlayan, partiya maraqlarını satmaqda ittiham edən və hətta ən ağır sözlərə təhrif edən müavinlər masa arxasında İ.Qəmbərovu da saya salmırdı. Vəhdət sədri İ.Qəmbərovun 2003-cü ildə 1992-ci il təsadüfünün eyforiyası içində yenidən dövlət daxilində qeyri-sabitlik yaratmaq istəyinin daşa dəydiyinə də toxunub: "Səbəb isə artıq Azərbaycanda oturuşmuş, dayanıqlı, sabitliyi və inkişafı hədəf götürmüş hakimiyyətin varlığı idi. 2005-ci ildə parlament seçkilərində də YAP namizədinə böyük fərqlə uduzmasından sonra ətrafında olan beş-on adam da ondan üz döndərdi. Bu insanın yalnız "qara piar" aparmaqla məşğul olduğu, yalnız pafoslu, yalan sözlərə güc verdiyi tərəfdarlarına bəlli oldu. Maraqlıdır ki, artıq neçə illərdir müxalifət adını inhisarda saxlamaq istədiyi dostları da ondan üz çevirmişdi. Səbəb isə Müsavat partiyasının, konkret rəhbərinin gündə bir xəyala düşməsi və hamıdan öz maraqlarına görə istifadə etmək istəməsi idi. Məsələn, 2005-ci ilin parlament seçkilərindən sonra "demokratiyanın inkişafı baxımından" parlamentdə iştirak etmək qərarı verən Müsavat partiyası 2008-ci ildə antidövlətçilik siyasəti aparmağa başladı.
Qarşıdan gələn parlament seçkilərində isə düşərgə daxilində mövcud vəziyyətdən çıxış yolunu Ə.Kərimovla birləşməkdə gördü. Bu "birlik" əslində İ.Qəmbərovun maraqları çərçivəsindədir. Amma Ə.Kərimovun da siyasi oyunları Müsavat üçün gözlənilən olmayacaq.