Müxalifətin sosial bazası suyu qurumuş quyunu xatırladır
Son seçkilərdə məğlub və aciz simada çıxış edən pərakəndə və miskin vəziyyətdə olan radikal müxalifətin uğursuz addımları bir-birinin ardınca fiaskoya uğrayır. Elə bu günlərdə müxalifətin yaratdığı seçki bloklarının MSK-nın qeydiyyatından sonra daxilində çatlar baş verdi.
AXCP (i) və Müsavatın siyasi əməkdaşlıq məqsədilə yaratdıqları "AXCP (i)-Müsavat", "Ümid" və ADP-nin yaratdığı "Qarabağ"la yanaşı, digər seçki blokları daxilində ziddiyyətlər dərinləşməkdədir. Ən qəribəsi də odur ki, mövsümü birlik nümayiş etdirən "mehriban düşmənlər" utanmadan aksiyalar keçirməyə qərar verib. Ancaq radikal müxalifət başçıları anlamırlar ki, atacaqları bu addımları ictimaiyyətin növbəti dəfə də qınağına məruz qalacaq. İlk aksiyanı keçirməyi planlaşdıran Müsavatla AXCP (i) bu günlərdə keçirdikləri müşavirədə bildirib ki, seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində silsilə mitinqlər planlaşdırılıb.
Müxalifətin kütləvi aksiyalar keçirəcəyi ilə bağlı AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlının dediyinə görə, "AXCP-Müsavat" seçki bloku kütləvi aksiyaların vaxtını yaxın günlərdə elan edəcək. F.Qəhrəmanlı təbliğat dövründə AXCP (i) və Müsavat liderlərinin bölgələrə də gedəcəklərini də açıqlayıb: "Rayonlarda blokun "vahid namizəd"lərini dəstəkləmək üçün "liderlər" bölgələrə gedəcəklər. Bununla bağlı çox geniş qrafik tuturuq. Ölkənin əksər ərazilərini əhatə edən aksiyalar keçiriləcək".
Ancaq funksionerlər Müsavatla AXCP (i)-nin növbəti şou yaratmasından hiddətlənərək hər iki radikal partiya liderlərinin "yüngülsaqqal" olmamağa çağırıb. Müsavat funksionerləri Həsən Əhmədov, Bəhrəm Sübhanlı, Tofiq Qasımovun "Səs" qəzetinə verdiyi açıqlamlarında bildiriblər ki, müxalifətin bu günə kimi çirkin oyunlarından adam lap iyrənir: "Nə qədər təlxəklik etmək olar? Xalq artıq bu oyunbazların çirkin oynlarına inanmır. Biz də bu gün həm ailəmiz, həm də ictimaiyyət qarşısında xəcalət çəkirik. Bu neçə ili onların kim olduğunu daha aydın gördük. Hazırın-naziri olmaq istəyən bu şüarbazlar keçirilən bütün seçkilərdə belə hay-küy salıblar. Atalar demişkən, "utanmasan, oynamağa nə var ki".Özlərini "Ata"- "ana" müxalifət sayan İsa Qəmbərovla Əli Kərimov bilmirmi ki, özlərini 2003-2005-ci illərdə "xərcləyib" qurtarıblar. Bütün sosial dayaqları sarsılıb".
Müsavat funksionerləri bu gün radikal müxalifət liderlərinin hazırına nazir olmaq istəyində olduqlarını açıq şəkildə dilə gətirdilər: "Ölkənin hansı ictimai-siyasi prosesində müxalifətin gücü hiss olunur? Xaricdən müəyyən dəstək alan düşərgə təmsilçiləri klub səviyyəsində fəaliyyət göstərirlər. Xalq artıq onların çağırışlarına gəlmir və onların kütləni bir araya toplamaq imkanı məhduddur. Azərbaycan müxalifətinin bugünkü vəziyyətini görməmək mümkün deyil. Nə qədər bloklar yaratmağa çalışsalar da, birləşmək meyilləri olsa da, bu, bir səmərə verməyəcək. Bir yerdə olduqları vaxt nə ediblər ki, gücsüz vəziyyətdə nə edə bilsinlər. Əgər belə olmasaydı, yaratdıqları seçki blokunun MSK tərəfindən qeydiyyata alınması ilə çat verməsi bir olmazdı. Ona görə də, Müsavat-AXCP (i) cütlüyünün birlik nümayiş etdirməsi, biabırçı uğursuzluqla nəticələnən aksiyalar keçirmək planları çox iyrənc və ağılsızlıqdır. Mitinq və piketin keçirilməsi fikirləri deklorasiyadır".
Müxalifətin öz səhvlərini iqtidarda deyil, keçmişində axtarmasını da bildirən Müsavat funksionerləri onları şüarbaz və boğazdanyuxarı çıxış edən "lider" adlandırdılar: "Bu bədbəxtlər anlamırlar ki, 18 ilə yaxındır ki, belə şoular çox göstəriblər, ancaq nəticəsi nə olub?"
Göründüyü kimi, sosial bazası tükənən müxalifətin budəfəki fırıldağı da baş tutmayacaq.