Radikal müxalifət dilənçilik prinsipləri aşılayır
Radikal müxalifət düşərgəsində rəzalət, faciə və ikrahçılıq hissləri son zamanlar açıq şəkildə görünməkdədir. Ötən gün Müsavat partiyasının qərargahında bir neçə aydır ki, boş başların müzakirəsinin nəticəsi olaraq, ortaya atılmış oyuncaq "AXCP (i)- Müsavat" blokunun ilkin toplantısında dilənçilik, mədhiyyəçilik, yarınmaq, zorla insanların evinə gedərək, onlara öz radikal xülyaları haqqında bəhs etmək məsələləri daha çox önə çəkilib. Müsavatın başsız başqanı İsa Qəmbərov açıq şəkildə təklif edib ki, onlar blok yaratsalar da, bunun mahiyyətə təsiri yoxdur. Çünki bu işi müəyyən dərəcədə irəli aparmaq üçün maliyyə çətinliyini qeyd edən başqan İ.Qəmbərovdan həmin toplantıda iştirak edən başı papaqlılardan biri soruşmayıb ki, bəs "Soros" fondunun və "Nauman" təşkilatının Müsavat partiyasına ayırdığı pullar hara getdi? Onu da əlavə edək ki, 20 gün öncə həmin təşkilatlar Müsavat başqanına Almaniya və Kambocada hesabat vermək adı ilə müəyyən dərəcədə vəsait ayırıblar. Məhz sentyabrın son günlərində həmin ölkələrdə olacaq İ.Qəmbərov verilmiş göstərişlərin və ayrılmış pulların hesabatını verəcək. Eyni zamanda, başqana orada yeni təkliflərin də, irəli sürüləcəyi gözlənilir. Təki bazar olsun, İ.Qəmbərov istənilən adamla dil tapıb pul qoparmaqda ustadır axı. Bütün bunlar bir kənara qalsın, İ.Qəmbərovun hər şeydən əli üzüldüyündən, dilənçiliyə qurşanması bir qədər təəccüblü görünür. Ömrü boyu siyasətdə yedəkçilik prinsipindən qurtula bilməyən bir şəxsin birdən-birə belə bir addım atmaq fikrinə düşməsi insanlarda ikrah hissi oyadır. Payızda keçiriləcək parlament seçkilərində iştirak edən bütün müxalifət partiyalarının acınacaqlı bir durumda olması hər kəsə bəllidir. Maraqlıdır ki, onlar bu dəfə hansı hoqqalarla ortalığa düşmək iddiasındadırlar? Amma müxalifətin məhz bu seçkidən sonra yenə də məğlub olacağı qaçılmazdır.
Digər diqqətçəkən məqamlardan biri də, ondan ibarətdir ki, bu gün müxalifətin nə gündə olduğu məlum toplantıda açıq şəkildə etiraf olunub. İstər başqan İ.Qəmbərov, istərsə də, AXCP (i) sədri Əli Kərimov məhz qapı-qapı düşüb özlərinə dəstək istəyəcəklərini və onların maddi köməkliyinə ehtiyaclarının olduğunu deyəcəklərini vurğulayıblar. Ə.Kərimov qeyd edib ki, insanların evində olub, onların bir stəkan çayını içməklə onlardan yardım diləmək ən optimal variantdır. Sadəcə olaraq, onlar bu məsələdə xalqımızın humanist və insanpərvər, qonaqpərvər olmasında, evinə gələn düşmənə belə hörmətlə yanaşmasından sui-istifadə etməyə çalışırlar. Amma burada bir məqam isə ondan ibarətdir ki, Ə.Kərimov təkcə qapı-qapı düşüb, evlərdə çay içə-içə özünün həm təbliğatını aparıb həm də, yardım istəyəcək? Yəqin ki, Kərimovla Qəmbərov "Həm ziyarət, həm ticarət" filminə baxdıqdan sonra belə bir qərara gəliblər. Eyni zamanda, görünür, onlar bu filmə birlikdə tamaşa ediblər. Onların bu filmi harada, və necə izləmələrini isə özləri bilər. Bizim bildiyimiz isə odur ki, ikiüzlülükdə, yalançılıqda, fırıldaqçılıqda-tayı-bərabəri olmayan bu "cütlüyün" dilənçiliyə başlaması, görəsən, nə ilə bitəcək? Maraqlıdır ki, artıq Müsavat qərargahında səslənən bu fikirlərdən sonra Ə.Kərimov və İ.Qəmbərov tərəfdarları İmişli və Saatlıda artıq özlərinin biabırçı əməliyyatlarına başlayaraq, insanların evlərinə gedib onlardan ianə və seçkilərdə onlara dəstək olmaları barəsində yardım istəyiblər.
Bütün bu olanlar isə, onu göstərir ki, bu gün belə bir vəziyyətdə olan müxalifətin sonu necə olacaq?