Xəyanətkar İsa Qəmbərov, nəinki namizədlik iddiasına düşməlidir, hətta o, bu ölkəni tərk etməlidir
Parlament seçkilərinə start verildikdən sonra müxalifət düşərgəsində vəziyyət daha kriminal hal alıb. Xüsusilə, eyni dairədən ayrı-ayrı radikal müxalifət liderlərinin irəli sürdüyü namizədlər bir-birilərinə güzəşt getməyəcəklərini bildirməsi bir çox partiya sədrlərinin hissiyyatına toxunub. "VİP" sədri Əli Əliyev müxalifət düşərgəsində baş verən gərginliyin əsas səbəkarı Müsavat başqanı İsa Qəmbərovun olduğunu bildirib. Həmçinin, onu da vurğulayıb ki, İ.Qəmbərov və onunla bir olan AXCP (i) sədri Əli Kərimov kimilər artıq xalq tərəfindən tarixin arxivinə atılmışlardır. Bunu mən demirəm, xalq söyləyir. Xüsusilə də, seçkiqabağı dövrdə istər siyasi vəziyyətin, istərsə də müxalifət daxilində problemlərin gərginləşməsində bu iki riyakarların əli var: "Faktdır ki, adını çəkdiyim iki partiyanın bundan sonra da öz fəaliyyətlərini davam etdirməsi mümkünsüz olacaq. Çünki hər iki partiya sədrləri funksionerlər tərəfindən də qəbul edilmir. Belə olan halda, hansı üzlə seçkidə iştirak etmək və ağızdolusu "millət vəkili" olmaq istəyirlər. Görəsən, bundan sonra hansı iyrənc əməllərə əl atmaq istəyirlər? Hesab edirik ki, nə vaxtsa səni satmış tərəf-müqabilin növbəti dəfə də səni sata və yaxud bir dəfə mənəviyyatsızlıq edərək, sənə xəyanət etmiş şəxs, bunu növbəti dəfə də təkrarlaya bilər. Mən Müsavat partiyasının sıralarında olan minlərlə vicdanlı insanın üzərindən xətt çəkmək istəmirəm. Mənim Müsavat partiyasıyla bağlı şəxsi etirazım yoxdur, söhbət həmin partiyanın təmsilçisi olan və Azərbaycanın siyasətini çirkaba bulaşdıran başqan İsa Qəmbərov uzun müddətdir ki, ölkənin siyasətində bütün prosesləri məğlubiyyətə doğru aparmağın ruhlandırıcı qüvvəsi olub. Son 20 ildə, İ.Qəmbərov Azərbaycanın demokratik hərəkatının qısa dönəmlərində xəyanət etməklə məşğul olub. O, həmişə şəxsi maraqlarını, ölkənin milli, dini maraqlarından üstün tutub. Və şəxsi maraqlarını təmin etmək üçün çox vacib dönəmlərdə Azərbaycanın siyasi inkişafının qarşısını alıb. Odur ki, belə bir şəxslə seçkidə iştirak etmək, hər hansı bir siyasi məqsədləri ümumiləşdirmək, fikrimcə, təhqirdir. Nə qədər ki, çirkaba bulaşmış bu cür insanlar bu işlərlə məşğul olacaq, müxalifət düşərgəsində uğur gözləmək yersizdir. Çünki cəmiyyət kimin kim olduğunu artıq çoxdan bilir. Ona görə də, cəmiyyətin aldadılmasında İsa Qəmbərov və onun kimilərinin "xidmətləri" çox olub".
Müxalifətin bütün uğursuzluqlarının başında İsa Qəmbərovun dayandığını vurğulayan Ə.Əliyev 2003-cü ildən bu günə kimi baş verən hadisələrin başında İsa Qəmbərovun durduğunu söylədi: "Yadınıza salın o dövrləri. 2003-cü il oktyabr hadisələri zamanı İ.Qəmbərov məqsədyönlü surətdə insanları meydana çıxarıb özü isə evində gizlənmişdi. Bu, Azərbaycan siyasətində onun missiyasıdır və hesab edirəm ki, bunu cəmiyyətə çatdırmaq lazımdır, nəhayət, xalq bilməlidir ki, artıq bu cür fırıldaqçılar siyasi arenadan getməlidir. Nə qədər ki, onlar siyasi meydanı tərk etməyiblər, müxalifət düşərgəsində irəliləyiş olmayacaq".
"VİP" sədri onu da bildirdi ki, seçkiərəfəsi İ.Qəmbərovun əyri yollarla bəyanat verməsi də şəxsi istəyinə nail olmaq məqsədi üçün edilir. Bu gün müxalifətin indiki imkanları, cəmiyyətdəki ovqat 2005-ci ilə nisbətən xeyli zəifdir. Ona görə də, cəmiyyət hakimiyyətə alternativ olmadığının şahididir. Belə olan halda İ.Qəmbərov kimilərin xam xəyallarla yaşaması boş xülyalardan başqa bir şey deyil. Bir də, atalar demişkən, "sirkə nə qədr tünd olsa, öz qabını çatladar". İndi İ.Qəmbərovun mənasız xəyallarla yaşaması, ona ancaq başucalığı yox, nifrət gətirəcək.