Müxalifətin parlament seçkilərində iştirak etmək gücü qalmayıb
Cəmiyyətin heç bir halda rəğbətini qazana bilməyən müxalif düşərgə, nəhayət ki, öz sonluğunu özü görə bildi. Çünki inteqrasiya edən bir cəmiyyətin köhnəlikdən çıxış edən qüvvələrə nə ehtiyacı var? Ona görədir ki, özünü müxalifət adlandıran qurumlar yığını uzun müddətdir ki, nə irəliyə, nə də ki, geriyə gedə bilir. Hər halda hər bir hərəkət üçün təkan lazımdır. Əgər bu təkanı müxalifət kənardan öz xalqı əleyhinə iş aparmaq istəyində olan qüvvələrdən alırsa, onda belə bir halın olması mümkün deyildir.
Digər tərəfdən isə, etiraf olunası bir çox məsələlər vardır ki, müxalifət də tam səmimiyyətdən uzaq olaraq bunu etməyi belə bacarmır. Nədənsə, həmişə öz hərəkətlərinə ad qoyub, don geyindirən müxalifətçilər heç bir halda "turşumuş ayranlarına turş" demək istəmirlər. Bəlkə də onların belə bir istəyi olsaydı və nəsə yenilik nümayiş etdirə bilsəydilər, o zaman bir söz demək olardı. Sadəcə olaraq, arzular müstəvisində bütün hallarda öz işini qurmağa çalışan müxalif düşərgə heç bir sosial baza olmadan böyük iddialarla yaşayırlar. Lakin arzu etmək heç də nəyəsə nail olmaq demək deyil. Ancaq onların bu arzuda olmaları da təəccüb doğurmur. Çünki 17 il eyni düşüncə ilə uğursuz yol gedən radikal liderlərdən ancaq xülyalarla yaşamağı gözləmək olar. Məhz boş xülyalar və arzular kontekstində AXCP (i) sədri Əli Kərimovun, Müsavat başqanı İsa Qəmbərovun, ALP lideri Lalə Hacıyevanın, ANİF sədri Eldar Namazovun, AXCP (k) sədri Mirmahmud Fəttayevin və başqalarının abstrakt ideyaları gerçəkləşən deyil. Çünki daha bu şəxslərdən nəsə bir yeni iş gözləmək qeyri-mümkündür.
Məqsədi və məramı bəlli olmayan bir qurumun yenə də cəmiyyətdə öz mövcudluğunu saxlaması, sadəcə olaraq, ikrah hissi ilə qarşılanır. Misal kimi indiyə qədər ölkəmizdə keçirilmiş bütün seçkilərdə müxalifətin iştirakını və nə səviyyədə özünü göstərməsini nümunə gətirmək olar. Öz mövcudluğu şəraitində nəsə bir müsbət mənada ad qazanıb cəmiyyətdə yaxşı fikir sahibi ola bilməyən qüvvələrdən nəsə gözləməyin faydası yoxdur. Radikal prinsipləri əllərində əsas tutub öz maraqları uğrunda çarpışan müxalifət, hansı iyrənc oyun olur-olsun, oynamağa hazırdır. Əgər belə bir halın şahidi və müşahidəçisi olmasaydıq, müxalifətin süddən çıxmış ağ qaşıq olduğuna kim şübhə edərdi? Çox təəssüflər olsun ki, bu, belə deyil. Müxalifət nə edibsə, nə iş görübsə, səhv fəaliyyəti müqabilində də çirkaba batıb. Çünki məqsəd və niyyət çirkli olanda, ortalıqda hasil olan nəticə də məkrli olur. Elə radikal müxalifətin ölkəmizdə keçirilmiş olan bütün seçkilərə bu məqsədlə qatıldığını və qatılmadığını söyləmək daha müqabil olardı. Hər bir seçkiyə özünəməxsus formada don geyindirməyə çalışan müxalifət, əslində, bu anlamda öz üzərinə düşən vəzifənin də çəkisini anlamaqdan çətinlik çəkib.
Amma hər bir halda, seçki cəmiyyətin istəyi ilə formalaşan zərurət kimi qiymətləndirilir. Bu zərurətin arxasında xalqın sifarişi dayanır. Müxalifət isə bu istəkdən çox-çox uzaqdadır. Nəhayət isə, indi cəmiyyətimiz qarşıdan gələn parlament seçkilərinə çox ciddi hazırlaşır. Müxalifət isə, həmişə olduğu kimi, bu seçkiyə də çox pərakəndə və dağınıq halda hazırlaşır. Artıq seçki adı gələn kimi, düşərgədə hər kəs özünü "hakim" kimi görməyə çalışdığından, onların nifaqı da elə bu prinsip üzərində qurulur. Hələ seçkiyə müəyyən bir müddət qalıb, amma daim olduğu kimi, müxalifət yenə də təşviş yaşamaqdadır. Bütün bunlar isə, onu göstərir ki, bu düşərgədə hələ də ağıllı bir adam tapılıb onlara yol göstərə bilmir. Əgər belə olsaydı, bu "yazıq" bəndələr də bacardıqları işin qulpundan tutardılar. Onlara seçki-zad yaraşmır. Zərurət bunu tələb etdiyindən, müxalifətin məkrli niyyəti də baş tutmur ki, tutmur. Elə heç bir vaxt da baş tutası deyil.