Radikal liderlər siyasi səhnədə son ifalarını səsləndirirlər
Real olaraq heç bir iş görə bilməyən ənənəvi müxalifət funksionerləri ancaq müxtəlif ideya və təkliflər istehsal etməklə məşğuldurlar. Müxalifətin "ideya generatoru" sayılan Pənah Hüseynov da ekstravaqant və ziddiyyətli açıqlamalarını davam etdirir. Müsavat deputat qrupunun üzvü bu qəbildən olan növbəti açıqlamasında 2010-cu il parlament seçkilərinin ənənəvi müxalifət və onun liderlərinin üçün son şans olduğunu bəyan edib.
P.Hüseynov onların adlarını çəkib. Xüsusilə də, qarşıdakı parlament seçkilərində Müsavat başqanı İsa Qəmbərovun hazırladığı siyahıda adının olmaması P.Hüseynovu yerindən oynadıb, özü də necə. Elə buna görə də, bu seçkilərin uğursuz liderlərinin siyahısında İ.Qəmbərovun adını birinci yerdə verməklə onun siyasi meydanı çoxdan tərk etməsini bildirib. Eyni zamanda, Müsavat başqanın ardınca "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev və AXCP (i) sədri Əli Kərimovun adlarını da sıra ilə düzüb. Xüsusilə də, seçkiyə start verildikdən sonra müxalif düşərgədəki liderlərə qarşı ittihamlarını ardıcıl söyləyən P.Hüseynov onlara, hətta öz "dəyərli" məsləhətlərini də verib: "Liderlərin yeganə çıxış yolu parlament seçkilərində "vahid namizəd"lə olmasa da, vahid platforma ilə, vahid komanda şəklində iştirak etməlidir. İsa bəy bilməlidir ki, siyasi müşahidəçilər bu tezislərin Müsavat mətbəxində hazırlandığını yaxşı bilir".
"İdeya generatoru"na məlumdur ki, istər "ACP" lideri R.Quliyev, istər AMİP lideri E.Məmmədov, istərsə də, Ə.Kərimov, L.Hacıyeva və digər liderlərin siyasi səhnədən getməsi artıq faktdır. P.Hüseynov onu da bildirir ki, Müsavat başqanı ilə AXCP (i) sədrinin seçkiərəfəsi hər oyuna girməsi, Allahdan qorxmayaraq, iqtidarın ünvanına böhtan yağdırması onların builki seçkidə məğlub olacaqlarını sübut edir. Hətta yerli və xarici ekspertlər belə qarşıdakı parlament seçkilərində müxalifətin məğlubiyyətini proqnozlaşdırırlar. Açıq-aşkar bəyan edilir ki, YAP-ın və onun namizədlərinin bu qədər uğurlarının fonunda müxalifətin seçkilərdə nəyəsə ümid etməsi anlaşılan deyil. Belə olan halda, yenidən seçkiləri boykotdan danışmağa nə məna? Başqan da seçkidə iştirak edib məğlub olacağını və siyasətdən gedəcəyini bilir. Amma onun başqa yolu yoxdur. Bu seçkidə Müsavat iştirak etməsə müxalifət düşərgəsində nüfuzun tamam itirə bilər "ana müxalifət" statusuna rəqiblərdən biri yiyələnə bilər. Bundan başqa partiyadaxili qruplaşmaların maddi və mənəvi dəstəyini itirə bilər. Nəticədə partiya elektoratı başqandan üz döndərər, xarici qrantlar əldən çıxar və siyasətdən rüsvayçı şəkildə gedə bilər".
Bir məqamı da vurğulayaq ki, P.Hüseynov son bir neçə ayda bir-birinə zidd açıqlamalar səsləndirməkdədir. Bu adam əvvəl bəyan edirdi ki, növbəti seçkidə müxalifətin heç bir şansı yoxdur, ona görə də qüvvələrini qoruyub sonrakı seçkidə mübarizə aparmalıdır. İndi isə, o, seçkiyə qatılmayacaq liderləri fərarilikdə ittiham edir. Bildirir ki, onlar bu seçkidə iştirak etməsə siyasətdən birdəfəlik getməyə məcbur olacaqlar.
Bir sözlə, müxalifətin düşdüyü vəziyyəti hamı kimi P.Hüseynov da görür və anlayır. Amma müxalifət liderlərini ittiham edərkən, o, özünü o sıraya aid etmir. Görünür, P.Hüseynov bu seçkidə düşərgəyə ağsaqqallıq etmək iddiasında olub. Ancaq nə fayda, "sən saydığını say, gör İsa bəy nə sayır". Heç səni siyahıya da salmadı, ay Pənah bəy. Böyük arzularla yaşayırdın. Bu da ac toyuğun yuxuda darı görməsi kimi, real yox, ancaq virtual yaşantı ola bilər.