PDF Oxu

Müxalifət

  • 4

Parlament seçkiləri: təkamülə əsaslanan demokratik inkişafın yeni mərhələsi

Parlament seçkiləri: təkamülə əsaslanan demokratik inkişafın yeni mərhələsi

Fəlsəfədən məlumdur ki, materiyanın atributu hərəkət olduğu kimi, dövlətin də atributu inkişaf və quruculuqdur. Lakin onu da nəzərə alaq ki, demokratik inkişaf statik deyil, onun hansısa ölçü vahidi hələ kəşf olunmayıb, bu mənada dünyanın ən inkişaf etmiş, demokratik ölkələrində də bu proses davam edir, sadəcə olaraq, bir pillədən o birinə, daha yüksəyinə keçir. Hakimiyyətin demokratikləşmə prosesinə səlis, səmimi və birmənalı münasibəti təsdiqləyir ki, Prezident İlham Əliyev siyasətinin əsas prioritetini qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulması və sivil dünyaya inteqrasiya təşkil edir...
IV yazı

Lakin o da etiraf olunmalıdır ki, Azərbaycan postsosialist məkanının bir parçasıdır. XXI əsrin ilk illərini isə postsovet məkanı ölkələri, o cümlədən, Azərbaycan üçün həddindən artıq böyük və taleyüklü dəyişikliklər dövrü kimi dəyərləndirmək olar. Bütün maneələrə, keçid dövrünün obyektiv şərtlərinə baxmayaraq, bu gün Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu prosesini yaşamaqdadır, eyni zamanda, ağır müharibə şəraitinə baxmayaraq demokratik, hüquqi, vətəndaş cəmiyyətinin bütün institutları uğurla formalaşır.
Parlament seçkiləri dövründə baş verən hadisələrin politoloji təhlilini aparsaq, bir daha belə bir nəticəyə gələrik ki, digər respublikalardan fərqli olaraq Azərbaycanda demokratikləşmə prosesi özünəməxsus şəkildə inkişaf edir və bu təkamülə, yaradıcı potensiala əsaslanır. Belə ki, uzun illərin gərgin əməyi və yürüdülən müdrik siyasət nəticəsində ölkədə mükəmməl seçki sistemi təşəkkül tapıb və ötən illər ərzində bu sistem dayanıqlılığı ilə bir çox situasiyalarda alternativsizliyini sübut edib və bu, növbəti dəfə özünü bir daha nümayiş etdirir.
Onu da nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyəti hazırda sürətlə qloballaşan dünyanın ayrılmaz hissəsinə çevrilir. Bu, keçmiş sovet dövrünün totalitarizmindən inkişafın demokratik, açıq modelinə keçidin qanunauyğun nəticəsidir. Vətəndaşın hüquq və azadlıqlarının dərəcəsi və səviyyəsi dinamik şəkildə yüksəlir - çünki insan hüquqları sahəsində fəaliyyət iqtisadi, siyasi və digər islahatları demokratikləşdirmək prosesinin, ictimai inkişafın keyfiyyətcə daha yüksək pilləsinə doğru irəliləyişin mühüm tərkib hissəsidir. Şəxsiyyətin hüquq və azadlıqları konsepsiyası təsərrüfat münasibətlərində, sosial və hüquqi təsisatların demokratikləşdirilməsi prosesinin dərinləşdirilməsində, cəmiyyətdə özünüidarənin və özünütənzimetmənin genişləndirilməsində, cəmiyyətin mənəvi-əxlaqi mühitinin təzələnməsində, siyasi-hüquqi mədəniyyətin yüksəldilməsində yeni prinsiplərin bərqərar olmasının geniş perspektivlərini nəzərə almaqla inkişaf edir.
Bu mənada qarşıdan gələn növbəti parlament seçkilərinə hazırlıq prosesi onu sübut edir ki, Azərbaycan seçicisi kifayət qədər sayıq və hadisələri və proseslərin gedişini düzgün qiymətləndirmək, reallıqlara əsaslanan seçim etmək gücündədir. Eyni zamanda, seçkilərin gedişində və postseçki dövründə ictimai rəyə hakim kəsilmiş və beynəlxalq birliyin də şərik çıxdığı rəy bir daha öz təsdiqini tapır: demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir.
Demokratiya sahəsində böyük uğurlar əldə etmiş dövlətlərin seçki praktikası göstərir ki, hər bir seçkinin demokratikliyini təmin edən şərtlər sırasında siyasi iradə amili ilə yanaşı, təkmil seçki qanunvericiliyinin mövcudluğu olduqca vacib şərtlərdən biridir. Eyni zamanda, hər dəfə keçirilən seçkilər seçki qanunvericiliyindəki boşluqların və qüsurların üzə çıxarılmasında və onların aradan qaldırılmasında mühüm rol oynayır ki, Azərbaycan hakimiyyəti də məhz bu amili nəzərə aldı.
Bu mənada etiraf edilməlidir ki, hakimiyyət 2010-cu il parlament seçkilərinin keçirilməsinin hüquqi tənzimlənməsini çox böyük uğur, peşəkarlıq və beynəlxalq təcrübəni nəzərə almaqla həyata keçirir. Belə ki, Seçki Məcəlləsinə mütərrəqi dəyişikliklər edilmiş, qanunda təsbit olunan qrafikə uyğun olaraq vaxtında bütün seçki strukturları yaradılmış, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması birmənalı olaraq Seçki Məcəlləsinin tələblərinə cavab verməkdədir. Eyni zamanda, seçki institutlarının fəaliyyətini tənzimləmək üçün vaxtında lazımi texniki yardımlar göstərilmiş, o cümlədən, binalar, rabitə avadanlıqları, seçkilərin təşkili ilə bağlı digər maddi-texniki vasitələrlə təmin edilmişdir. Bununla yanaşı, seçki komissiyaları üzvlərinin təcrübəsinin artması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı treninq və kurslar keçirilmiş, bu istiqamətdə beynəlxalq təcrübə dəqiqliklə öyrənilmişdir. Mərkəzi Seçki Komissiyasının 15 üzvünün seçki ilə bağlı beynəlxalq sertifikata malik olması fakı da Azərbaycanda artıq bu sahədə peşəkar kadrların formalaşmasını şərtləndirən əsas amillərdən biridir.
Bütün bunları nəzərə alaraq ənənəvi müxalifətin və bəzi beynəlxalq qurumların seçki öncəsi situasiyadan narazılıq etməsi üçün hər hansı şərtlər mövcud olmayıb və bu sahədəki iddialar tamamilə əsassızdır, reallıqları əks etdirmir. Əgər Azərbaycan seçiciləri seçki kampaniyasında iştirak edən hər hansı bir partiyanın proqramını və həmin proqram əsasında namizədliyini irəli sürmüş şəxslərini dəstəkləyib ona səs vermirlərsə, bu Azərbaycandakı seçki mühitinin xarakterinə dəlalət edən hər hansı mənfi gerçəklik deyil.
Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi qüvvələr, siyasi partiyalar özlərinin gücü hesabına deyil, seçki qanunvericiliyində, seçki komissiyalarının tərkibində dəyişikliklər etmək hesabına paritet deyilən, lakin həyata keçirilməsi mümkün və zəruri olmayan proseslər hesabına seçkidə uğur qazanmaq istəyirlər. Halbuki bunun ölkənin seçki sisteminə, bütövlükdə demokratik proseslərə xələl gətirdiyi hələ 1998-ci il prezident seçkilərinə hazırlıq dövründə öz təsdiqini tapmış, eyni zamanda, çoxsaylı arqumentlrlə bunun ciddi problemlərə gətirib çıxaracağı tamamilə sübuta yetirilmişdir. Beynəlxalq qurumların hesabatları da tamamilə təsdiq ki, Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq norma və standartlara uyğundur və ənənəvi müxalifətin iddiaları sadəcə olaraq nəzəri mülahizələrdən başqa bir şey deyil. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio: "Venesiya Komissiyası Seçki Məcəlləsi (SM) ilə bağlı rəyini açıqlayıb. Hesab edirik ki, Seçki Məcəlləsində bəzi dəyişikliklər lazım olsa belə, hazırkı qanunvericilik də azad və ədalətli seçkilərin keçirilməsi üçün yaxşı bazadır.".
Azərbaycan hakimiyyətinin parlament seçkiləri öncəsi ölkənin demokratik inkişafı, insan hüquq və azadlıqlarının qorunması sahəsində atdığı ən mühüm addımlardan biri də sərbəst toplaşmaq azadlığının təkmilləşdirilməsi və onun demokratik normalarla daha da zənginləşdirilməsidir. Əvvəla, onu qeyd edək ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavələr və dəyişikliklərin edilməsini nəzərdə tutan Qanun layihəsinin hazırlanması istiqamətində Venesiya Komissiyası ilə xeyli müddət öncə məsləhətləşmələr aparılıb, bu yöndə üç görüş keçirilib, hətta bununla bağlı dəyirmi masalar təşkil olunmuşdur. Bu müzakirələrin yekunu olaraq belə bir qanun layihəsi hazırlanıb və rəy verilmək üçün beynəlxalq qurumlara göndərilib.
Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında hazırlanmış qanun layihəsi olduqca mütərəqqi xarakter daşıyır. "Sərbəst toplaşmaq haqqında" Azərbaycan Respublikası Qanununa edilən yeni düzəlişlərə əsasən hökumət orqanlarının 300 metrliyində kütləvi aksiyalara icazə verilmirdisə, indi bu məsafə 200 metrə endirilib. Eyni zamanda, yeni əlavə və dəyişikliklərdə xarici ölkə vətəndaşları, həmçinin, vətəndaşlığı olmayan şəxslərə aksiyaların təşkilatçısı olmaq hüququ verilir. Hətta bəzi Avropa dövlətlərində belə bu hüquqlar verilmir. Qanunun 7-ci maddəsində sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər dəqiqliklə müəyyən edilmiş və bildirlir ki, "Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər".
Avropa Şurası Venesiya Komissiyasının 75-ci plenar sessiyasında "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər ətrafında müzakirə aparılmış və müsbət fikirlər səslənmişdir. Venesiya Komissiyası katibliyinin nümayəndəsi Sergey Kuznetsov: ""Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı haqqında Qanuna dəyişiklik və əlavələr haqqında" Qanuna düzəlişlər Avropa Şurası Venesiya komissiyası ilə razılaşdırılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun müsbət dəyişikliklərə məruz qalıb və biz bunu müşahidə etmişik". ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun "Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənəddə də qeyd olunur ki, qanun beynəlxalq standartlara tamamilə cavab verir.
Ən əsasa məqamlardan biri də odur ki, qanuna edilmiş əlavə və dəyişikliklərdə icra hakimiyyətinin səlahiyyətlərinin daha da azaldılması nəzərdə tutulur. Lakin sözsüz ki, icra hakimiyyətini tamamilə sərbəst toplaşmaq faktorundan çıxarmaq qeyri-mümkündür, əks halda bu anarxiyaya, tənzim edilməyən bir prosesin başlanmasına gətirib çıxara bilər. Təəssüf ki, ənənəvi müxalifət bütün bu reallıqları obyektiv qiymətləndirmək gücündə deyil və seçkilər ərəfəsində bu düşərgənin bir dəfə də olsun kütləvi aksiyalar keçirməməsi birmənalı olaraq onun gücsüzlüyünə, cəmiyyətdə sosial dayaqlarının olmamasına dəlalət edir. Halbuki Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq icra hakimiyyətləri orqanları tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün qabaqcadan konkret yerlər müəyyən edilmişdir.
Beləliklə, cəmiyyətin idarə olunmasında sosial ədalət prinsipinə riayət olunması hər şeydən əvvəl ədalətli və demokratik seçkilərdən başlayır. Məhz ədalətli və demokratik seçkilər və bu seçkinin nəticəsində seçilən şəxslər cəmiyyətdə sosial ədalət prinsipinin prioritet təşkil etməsinə səy göstərir, öz siyasətlərini bu istiqamətdə qururlar.
Ümumiyyətlə, cəmiyyətin idarə olunmasındakı ədalət prinsipi cəmiyyətdəki özünütəşkilatlandırma, özünütənzimləmə ilə sıx bağlıdır. Demokratik cəmiyyət quruluşu həmin cəmiyyətdə yaşayan insanların tənqidi-sinergetik təfəkkür tərzinə malik olub-olmaması ilə sıx bağlıdır.
Bu gün artıq bütün səviyyələrdə etiraf edilir ki, Azərbaycan cəmiyyətinin sinergetik təfəkkür tərzinə uyğun gələn yeni metodologiyalar üzrə idarə olunması günün tələbidir. Bu reallığı düzgün və obyektiv qiymətləndirən Azərbaycan hakimiyyətinin həyata keçirdiyi idarəetmənin əsasını da məhz ədalət və demokratiya təşkil edir. Təəssüf ki, buna mane olan bir sıra tendensiyalar, hələ ki, öz aktuallığını saxlamaqdadır.

Digər xəbərlər