Bölüşdürülə bilməyən dairələr...
Müsavatla AXCP (i) arasında vahid seçki blokunun formalaşdırılması ilə bağlı aparılan danışıqlar yenidən dalana dirənib. Tərəflər əksər seçki dairələri üzrə namizədlər siyahısının razılaşdırıldığını bəyan etsələr də, adları "vahid namizədlər" sırasına düşməyənlər buna kəskin etiraz edirlər. İsa Qəmbərovla Əli Kərimovun bu siyahını ikilikdə -namizədliyə iddialı müsavatçıların və cəbhəçilərin maraqlarını nəzərə almadan tərtib etmələri yaranan narazılığı bir qədər də artırır.
Müsavat başqanı ilə AXCP (i) sədrinin sayğısızlığından qəzəblənən narazılar tərtib olunan formal siyahı müqabilində iddialarından geri çəkilmək niyyətində deyillər. Belə ki, Ə.Kərimovla İ.Qəmbərovun bu anlaşması onlar tərəfindən ikibaşlı oyun kimi dəyərləndirilir. Artıq həm AXCP (i), həm də Müsavata yaxın olan mətbuatda birgə seçki bloku ideyasının gerçəkləşməsini şübhə altına alan fikirlər səsləndirilir. Bu səbəbdən seçki blokunun formalaşdırılması barədə danışıqları dayandırılacağı kifayət qədər real görünür. Tərəflər şərti bir saziş imzalayaraq, seçki blokunun yaradılmasını elan etsələr belə, narazılar bu razılaşmanı qəbul etməyəcəklər. Bu halda, hər iki partiyada daxili ziddiyyətlər həddən artıq kəskinləşə bilər. Belə vəziyyətdə Müsavatla AXCP (i)-nin münasibətləri də istər-istəməz yenidən kəskinləşəcək ki, bu da seçki bloku məsələsinin arxa plana keçməsi deməkdir.
Bütün bunlara rəğmən, Müsavatla AXCP (i)-nin birgə seçki bloku yaratmaq cəhdlərinin baş tutmayacağı aydın görünür. Müsavatçılar bu məsələdə onlara "stavka" edən Ə.Kərimovdan razı görünsələr də, "islahatçılar" İ.Qəmbərovun məkrli davranışından narazıdırlar. Onlar İ.Qəmbərovun köhnə AXCP-nin parçalanmasında göstərdiyi dırnaqarası fəallığı da yaddan çıxarmayıblar. İndi "KXCP"-dən imtina edərək AXCP (i)-yə üz tutan Müsavatın ikibaşlı oyunu "islahatçı" cəbhəçiləri əməlli-başlı özündən çıxarıb. Onlar Müsavat başqanını birləşmə oyunu ilə manipulyasiya etməkdə və cəbhəçiləri aldatmaqda günahlandırırlar. Ə.Kərimovu isə İ.Qəmbərovun toruna düşməkdə, birləşmiş partiyaya sədr olmaq xülyasına qapılaraq cəbhəçiləri müsavatçıların ayağına verməkdə ittiham edirlər. Hazırda Müsavat müttəfiqi ilə ciddi problemlər və mətbuat savaşı yaşayır.
"İslahatçılar"ın tələblərinə baxmayaraq, Müsavat "Demokratiya Uğrunda İttifaq"la da münasibətlərini kəsməyə tələsmir. Sentyabrın 1-də Müsavat və "DUİ" rəhbərliyi arasında keçirilən görüş, "DUİ"-nin əsas partiyası olan "KXCP"-nin sədri Mirmahmud Fəttayev ilə Müsavat başqanı İ.Qəmbərov arasında imzalanan saziş AXCP (i)-ni fakt qarşısında qalması deməkdir. Bununla qarşı tərəfə təzyiq göstərdiyini düşünən Müsavat rəhbərliyi əslində AXCP (i)-ni parçalamaq niyyətindən geri çəkilmədiyini ortaya qoyur. Müvafiq sazişə əsasən, Müsavatın "KXCP" ilə bir sıra dairələr barədə razılığa gəlməsi qeyd olunan məqamları danılmaz fakt kimi arqumentləşdirir. Əvvəlcə Müsavatla "KXCP"-nin sazişinin seçkilərin birgə müşahidəsini nəzərdə tutduğu bəyan edilsə də, sonradan bəlli olub ki, Müsavatla "KXCP" (və müttəfiqləri) bir sıra dairələrdə razılığa gəliblər. Bu, AXCP (i)-nin heç cür Müsavata güzəştə getmək istəmədiyi dairələrdir. Müsavat isə müvafiq dairələrdə müsavatçı millət vəkillərinin və az-çox tanınan partiya üzvlərinin iddialı olduğunu əsas gətirərək geri çəkilmək fikrində deyil. Deyilənə görə, burada şəxsi intriqalar və qisas hissi də öz rolunu oynayır. Belə ki, AXCP (i) sədri Ə.Kərimov müsavatçı deputatları, Rauf Arifoğlunu və bir sıra digər AXCP (i) ilə Müsavatın vahid seçki siyahısına salmamışdı. O, bununla Müsavatın əsas iddialı fiqurlarını sıradan çıxarmaq və öz aləmində bir neçə "islahatçı"ya "yaşıl işıq" yandırmaq istəyirdi. Lakin belə görünür ki, İ.Qəmbərov Ə.Kərimovdan daha zirək və ehtiyatlı tərpənib. Maraqlıdır ki, öz məkrli oyununu davam etdirən Müsavat başqanı həm AXCP (i) ilə müttəfiqliyini qoruyub saxlamaq istəyir, həm də narazı müsavatçı deputatların könlünü almağa çalışır. "İslahatçılar" isə Müsavatın olduqca təhlükəli oyun oynadığını, bu oyunun AXCP (i)-Müsavat birliyini sual altına atdığını bildirirlər.
Xatırladaq ki, AXCP (i) "Azadlıq" blokundakı müttəfiqlərindən Müsavatla birliyə görə imtina etmişdi. İ.Qəmbərov bunun müqabilində "DUİ"-dən uzaqlaşmaq barədə öhdəlik götürsə də, həmişə olduğu kimi, yenə də vədinə xilaf çıxıb. Belə şəraitdə AXCP (i) mənsubları yenidən tragikomik vəziyyətə düşüblər. Artıq AXCP (i)-dəki "Müsavat tərəfdarları" da Müsavatın ikibaşlı oyunundan həddən artıq narazı qalıb. AXCP (i)-nin cavab addımları isə, yəqin ki, özünü çox da gözlətməyəcək. Belə ki, AXCP (i) də eyni sazişi "MBH"-"VİP"-"Yurddaş" bloku və ya ADP ilə "Ümid"in yaratdığı "Qarabağ" bloku ilə bağlaya bilər. Belə olan halda, AXCP (i) ilə Müsavatın vahid seçki siyahısı formal xarakter daşıdığı aydın görünür.
"İslahatçılar"ın müvafiq ittihamları da diqqətdən yayınmır. Onlar Müsavatı siyasi etika qaydalarını pozmaqda və öz öhdəliklərinə qeyri-ciddi yanaşmaqda ittiham edirlər. Ümumilikdə isə, Müsavat təmsilçilərinin ziddiyyətli və ikibaşlı oyunları radikal düşərgə daxilində heç də birmənalı qarşılanmır. Bu mənada, Müsavatın son hərəkətlərini partiya daxilində qruplararası savaşın təzahürü kimi xarakterizə edənlər də var. Burada baş verənlər partiyanın idarəolunmaz hala gəlməsi, İ.Qəmbərovun partiyanın bütövlüyünü qoruyub saxlaya bilməməsi ilə izah edilir. Məlumatlara görə, Müsavatın "DUİ" ilə saziş bağlaması partiyanın fəalı Arif Hacıyevin təşəbbüsü ilə baş tutub. O, bununla, AXCP (i)-dən dəstək alan Sülhəddin Əkbərin qrupunu neytrallaşdırmaq istəyir. Qarşı tərəf isə bunun müqabilində AXCP (i) ilə daha da yaxınlaşmağa və A.Hacıyev qrupunu sıxışdırmağa səy göstərir.
İstənilən halda, bütün bunlar Müsavatın partiya olaraq iki-üç qruplaşmaya parçalandığını təsdiqləyir. İndiki halda artıq bir neçə dəfə parçalanan AXCP (i)-nin də vəziyyəti heç də ürəkaçan deyil. Bu vəziyyət Müsavatda parçalanma prosesinin seçkidən öncə başlanacağını göstərir.
Beləliklə, bölüşdürülə bilməyən dairələr, deyəsən, radikal müxalifət partiyalarının bir neçə qütbə bölünməsinə səbəb olub. Müsavatın ikibaşlı oyunları həm AXCP (i)-ni, həm də "KXCP"-ni narazı salıb. Bu isə süni birlik şousunun uğursuzluğa düçar olduğunu göstərir.