Azərbaycanda keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşır. Artıq ölkənin ictimai - siyasi həyatında da seçki əhval-ruhiyyəsi müşahidə olunmağa başlayıb. Amma heç də hamı seçkilərə lazım olan seçki mədəniyyəti ilə getmir. Parlament seçkiləri ərəfəsində müxalifət düşərgəsi yenə də ənənəvi ampluasından çıxış edir. Məsələ burasındadır ki, seçkilərdən - seçkilərə "qış yuxusundan" ayılan müxalifətçilər arasında yenə də deputatlığa namizəd olmaq üçün "yer davası" başlayıb. Hətta bəzi dairələri bölə bilməyən müxalifətçilər hələ namizədlikləri təsdiqlənmədən də bir-birləri ilə qırğına çıxıblar. Təbii ki, qarşılıqlı ittihamlar və kompromatlar da öz yerində olmaqla. Amma bu da hələ son deyil. Görünən odur ki, adları namizədlər siyahısına düşməyən müxalifətçilərin partiyadan kənar seçkilərə qoşulması bu qırğınları daha da gərginləşdirəcək. Başqa sözlə desək, seçkiqabağı müxalifət düşərgəsində yenə də "tragikomediyalar" nümayiş etdiriləcək.
Seçkiqabağı müxalifət düşərgəsində müşahidə olunan çaxnaşma bu düşərgəni təmsil edən partiyalar daxilində də müşahidə edilir. Bəzi müxalifətçilər hətta adlarının deputatlığa namizədlər sırasına düşməsi üçün partiyadaşlarını "beş qəpiyə" bada verməyə belə hazırdırlar. İş o yerə çatıb ki, uzun illər bir partiyada təmsil olunan adamlar üçün indi bir-birini əsası oldu- olmadı ittiham edərək, partiya maraqlarına xəyanətdə suçlayırlar. Bu xüsusi ilə də özlərinə "yer davasında" dəstək qazana bilməyənlərə aiddir. Partiyadakı qırğınlara qoşulmayan, namizədliyini müstəqil şəkildə verəcəklərini bəyan edənlərə ya "xəyanətkar" damğası vurulur, ya da hökumətlə əməkdaşlığa getməkdə suçlandırılırlar. Baxmayaraq ki, seçki zamanı hələ onların seçilib - seçilməyəcəkləri də bəlli deyil.
Elə Müsavat partiyasının Məclisinin son toplantısında baş verənlər bunun bariz nümunəsi oldu. Müsavat partiyasının deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi ilə bağlı Məclisin toplantısı öz işinə başlar - başlamaz araya yenə qarışıqlıq düşüb. Bir qrup müsavatçının "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın partiya üzvülüyündən çıxarılması və 81 saylı Beyləqan seçki dairəsindən namizədliyinin ləğv olunması məsələsini qaldırması Məclisi qarışdırdı. Hətta iş o yerə çatıb ki, qırğına çıxan Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev və partiya funksioneri Asif Məmmədovun bir-birilərinə qarşı səslərinin gücünü işə salması, əl-qolla danışmaları da işə yaramayıb. Asif Məmmədovun zaldan çıxarılması bir az da geciksəymiş, yəqin ki, Məclisin toplantısı krminal nəticəsi ilə yadda qalacaqdır. Ancaq iş ondadır ki, "Paralel" qəzetinin baş redaktoru partiya maraqlarını tapdamaqda ittiham olunsa da, onu suçlayanlar istədikləri nəticəni əldə edə bilməyiblər. Müsavatdaxili proseslərdə ənənəvi olaraq katalizator rolunda çıxış edən Arif Hacıyevin Tapdıq Abbas və onu müdafiə edənlərə qarşı göstərdiyi həmlələr də lazımi effekt verməyib. Tapdıq Abbas partiyada qalıb. Onun əleyhinə çıxanların gücü isə yalnız Müsavatın deputatlığa namizədlər siyahısından onun adının sildirməyə çatıb. Ancaq belə götürəndə bu da nəticə sayılmır. Çünki Tapdıq Abbas iddia edir ki, onsuz da adının partiyanın deputatlığa namizədlər siyahısına salınıb-salınmamasından asılı olmayaraq 81 saylı Beyləqan seçki dairəsində partiyanın yerli rayon təşkilatı onu dəstəkləyəcək. Belə yerdə deyirlər ki, "dəyriman öz işindədir, çax-çax isə baş ağrıdır".
Amma Müsavat daxilində baş verənlər təkcə Tapdıq Abbasın hansı səbəblərdən hədəf seçilməsi deyildi. Görünən o oldu ki, özünü "ana müxalifət" adlandıran bu partiya daxilində hansısa qərarların sivil şəkildə qəbul edilməsi mədəniyyəti hələ də formalaşmayıb. Başqa sözlə desək, "demokratiya" adı altında qaragüruhçuluğu özlərinə peşə seçən müsavatçıların Məclisindən bundan artıq bir şey gözləmək də olmazdı.
Müsavat partiyasının Məclisində baş verənlər ortaya başqa reallıqları da qoydu. Baş verənlərin gedişi və sonluğundan belə məlum oldu ki, partiyada özbaşnalıqdı. Kim kimin bayrağı altına gəlmirsə, onu nişangaha götürür. Kim kimin haqqında necə istəyirsə, elə danışır. Kimin kimdən xoşu gəlmirsə, onu partiyadan çıxarır. Kimin kimdən xoşu gəlmirsə, onu qəzetində "biabır edir". Ya da partiyadan xaric olunmaq məsələsini qoyur. Yəni partiya rəhbərliyində təmsil olunan funksionerlərin hamısı "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipindən çıxış edərək, partiyada ən güclü mövqeyin ona məxsus olduğunu göstərməyə çalışırlar. Elə Məclisdəki dava-dalaşla bağlı partiya başqanı İsa Qəmbərovun "ağzına su alıb" durması" da onu təsdiqlədi. Bu hadisə həm də onu göstərdi ki, başqanın, deyəsən, qəlyanının tüstüsü - dumanı o qədər qatı olub ki, o partiyasında baş verənləri "görə bilmir". Dalaşanlardan kimin haqlı, kimin haqsız olduğunu da bilmir. Ya da, ümumiyyətlə, danışmaq ona sərf etmir. Çünki başqan üçün hansı funksionerin hansı funksionerə qarşı şəxsi maraqlarına görə qərəzli yanaşması, kimin adının namizədlər siyahısına düşməsi, kimin adının düşməməsi maraqlı deyil. Çünki başqanın fikri xaricdən gələn beş illik xərcin məbləğinin yanındadı.
Parlament seçkiləri ərəfəsində müxalifət daxilində baş verənlər yenilik deyil. Eyni proseslər elə 2005-ci ildə də müxalifət partiyalarında müşahidə edilmişdi. Hətta o zaman partiyalarda daxili intriqalar o həddə çatmışdı ki, partiya üçün az-çox iş görənlər qaragüruhçuların təzyiqləri ilə üz-üzə qalmışdılar. Elə onda da Müsavat başqanı baş verənlər qarşısında susub durmuşdu. Nəticədə isə cəmiyyətdə az-çox tanınan bir çox insanlar partiyadan getdi. Amma başqan buna görə heç əhvalını da pozmadı. Çünki gedən insanlar idi. Partiyanın boş qalması əsas deyil ki. Əsas məsələ cibin dolu olmasıdır ki, o da doldurulmuşdu. Bu dəfə də Müsavat daxilində proseslər eyni ssenari üzrə davam edir. Ona görə də bu seçkilərin də Müsavat üçün yeni bir "yarpaq tökümü" vəd etdiyini bəribaşdan söyləmək o qədər də çətin deyil.