Bolşevik təfəkkürlü Müsavat başqanı
"Azadlıq" bloku dağıldıqdan sonra radikal düşərgədə yaranmış vəziyyət pik nöqtəyə çatıb. Bu günlərdə Müsavat başqanı İsa Qəmbərov ALP lideri Lalə Hacıyev haqqında mətbuatda verdiyi açıqlamasında onu səviyyəsiz və siyasi meydanda zəif lider kimi qələmə verib: "Həmçinin, neçə illərdir ki, Lalə Hacıyeva siyasi meydanda yox, evdə fəaliyyət göstərir. Onun birlik çağırışı öz şəxsi istəyini həyata keçirmək üçün lazımdır".
Bu açıqlamadan hiddətlənən "MBH" lideri Lalə Hacıyeva Müsavat başqanı İ.Qəmbərovu müxalifətdə olduğu gündən bu günə kimi təxribatçılıqla məşğul olduğunu söyləyib: "İsa Qəmbərov, həmişə olduğu kimi, bu seçkiərəfəsi də iqtidarı tənqid və şantaj edir. O, həm də bir düşərgədə yanaşı oturduğu adamları da şərləyir. Görünür, Müsavat başqanı bu çirkin əməllərindən heç vaxt əl çəkə bilməyəcək. Elə buna görə də, digər yaranan blokları səviyyəsiz hesab edir".
"MBH" lideri, həmçinin, onu da söyləyib ki, Müsavat başqanına kiminləsə belə şərtlə danışmaq hüququ verilməyib: "Bu, demokratiyaya, siyasi mədəniyyətə ziddir. Biz çox vaxt cəmiyyəti passivlikdə qınayırıq, amma müxalifətin içində müxalifətə atəş açanlar bilməlidirlər ki, bununla, özləri də daxil olmaqla, bütün müxalifətə inamı qırırlar".
L.Hacıyeva İ.Qəmbərovun İrana, Rusiyaya işləməsinə əmin olduğunu da bildirib. Onun sözlərinə görə, Azərbaycan müxalifətində bir nəfər siyasətçi qalmayıb ki, onu "agent" adlandırmasın. İkincisi isə, məhz bu üsuldan, yəni "agent", "xalq düşməni" axtarışından yaxın müasir tariximizdə bolşeviklər və Hitlerin partiyası geniş istifadə edib. Bu gün Müsavat rəhbərliyi tərəfindən bolşevik təfəkkürlü üslubdan istifadə etmək, məhz Müsavatın tarixinə xəyanətdir. Mən burada xüsusi ilə qeyd etmək istəyirəm ki, Müsavat sıralarında çoxlu sayda alicənab, fədakar insan var.
"Ümid" partiyasının sədri İqbal Ağazadə də L.Hacıyevanın sözlərilə razılaşdığını deyib. Bildirib ki, görünür, İsa Qəmbərov, həqiqətən də, müxalifətin agentidir: "İsa Qəmbərov qeyd edir ki, onun informasiya mənbələri hakimiyyətin içindədir. Təbii ki, hakimiyyətin heç bir reaksiya vermədiyi və tədbir görmədiyi faktı ortadadırsa, deməli, bunlar yanlış informasiyalardır. Amma sual olunur, onda İsa Qəmbərovun bu informasiyaları səsləndirməklə, Azərbaycan müxalifətini parçalamaq niyyəti güdmürmü? 2010-cu il seçkiləri öncəsi İsa Qəmbərovun çıxışından sonra partiyalar arasındakı münasibətlər hansı səviyyəyə gəldi?! Bu miqyasda münasibət nəticə etibarı ilə 2010-cu ildə seçkilərə birgə qatılmaq perspektivini çox aşağı endirir. Bu da, onu deməyə əsas verir ki, İsa Qəmbərova belə informasiyalar düşünülmüş şəkildə verilir, o da bu informasiyaları tirajlayır. Bütün bunlar, onu deməyə əsas verir ki, İ.Qəmbərovun bolşevik təfəkkürlü üslubdan istifadə etməsi Müsavatın tarixinə xəyanət etməsi deməkdir və bundan sonra da başqanın hansısa düz yola qayıdıcağına inanmaq ağılsızlıqdır. Yaxşı olar ki, İ.Qəmbərov üzüsulu gedib bacardığı işlə məşğul olsun.