Müsavat başına yeni problem açıb
Bir müddət öncə, Müsavat partiyası daxilində başlanmış olan qarışıqlıq və didişmə kənardan yekunlaşmış kimi görünsə də, problemin əsl tərəfləri hələ də həll olunmamış qalmaqdadır. Çünki bu il Müsavat partiyasında başqan İsa Qəmbərovun kürsüdən uzaqlaşması məqamıdır. Amma riyakar İ.Qəmbərov oturduğu kreslonu əlində hələ bir müddət də saxlamaq haqda düşünür. Bunun üçün onun tərəfindən müəyyən addımlar da atıldı ki, Müsavat daxilində ona qarşı hər hansı bir təxribat olarsa, bunun qarşısı dərhal alınsın.
Məsələnin görünən tərəfi isə ondan ibarətdir ki, İ.Qəmbərovun başqanlıqdan getməsi üçün Müsavat daxilində ona qarşı olanlar sakit görüntü yaratsalar da, əl-qollarını sallayıb oturmayıblar.
Müxalifət düşərgəsində bir-birinin ardınca baş verən problemlər daha çox diqqət çəkməkdədir. Bütün problemlərin başında isə, həmişə olduğu kimi, yenə də, Müsavat başqanı İ.Qəmbərovla AXCP (i) sədri Əli Kərimovun adı hallanır. Çünki bu iki şəxs daim müxalifət partiyaları arasında dövrə vuraraq, istənilən bir formada qalmaqal və yaxud da münaqişə yaranmasına səy göstərir. Onların bu iyrənc xislətlərinin arxasında, ilk növbədə, daxili çirkinlikləri dayansa da, havadarlarından almış olduqları göstərişlərin də təsiri inkarolunmaz səviyyədədir. Bu baxımdan da, İ.Qəmbərov və Ə.Kərimov dırnaqarası cütlüyü müxalifət düşərgəsində problem mənbəyi kimi xarakterizə olunur.
Maraqlı bir məqam isə, ondan ibarətdir ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri artıq Müsavat başqanı İ.Qəmbərovun dayaqlarını sarsıtmaq və onu sıradan çıxarmaq üçün gizli əməliyyata başlayıblar. Müxalifət düşərgəsindən verilən məlumata görə, artıq bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə qədər İ.Qəmbərovun siyasi səhnədən uzaqlaşdırılması prosesi yekunlaşmalıdır. Bunun üçün isə, ilk növbədə, onun başqanlıqdan kənarlaşdırılması və ardınca isə, siyasi arenadan birdəfəlik qovulması məsələsi nəzərdə tutulub. İ.Qəmbərova qarşı planın başında dayanan şəxslərin kimliyinə gəlincə, mənbə bu günlərdə müxalifət düşərgəsində Müsavat başqanı ilə dərin konfliktdə olan adamların ona qarşı gizli işlərlə məşğul olmasını bildirib.
Görünür, müxalifət düşərgəsində özünə qarşı böyük düşmən ordusu toplamış İ.Qəmbərov onların qarşısında hələ də siyasətlə məşğul olmağı udulmuş vaxt kimi dəyərləndirir. Əgər belə olmasaydı, dünənə kimi fil qulağında yatan Müsavat başqanı mitinq və ya piket keçirmək və hay-küy salmaqla bağlı tərəfdarlarına göstəriş verməzdi.
İ.Qəmbərov başqanlıq etdiyi Müsavat partiyasında arzuolunmaz şəxs kimi qarşılanmasına baxmayaraq, hələ də, əyləşdiyi kürsünü təhvil vermək niyyətində olmadığını göstərməyə çalışır. Bir çoxları isə, İ.Qəmbərovun başqanlıq ömrünün daha da qısa olduğunu bildirir. Bu günlərdə Müsavat partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısının açıqlanması da qurum daxilində problemlərin daha da şiddətlənməsinə səbəb olub. Müsavatın parlament namizədləri siyahısında adının çəkilməməsindən hiddətlənən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və Müsavat deputat qrupunun üzvü Pənah Hüseynov da baş verən hadisələrə görə partiya rəhbərliyini günahlandırıblar. Adlarının çəkilməməsini texniki məsələ kimi qiymətləndirən R.Arifoğlu və P.Hüseynov isə Müsavat daxilində yetkililərin özlərinə qarşı əks-kampaniya aparıldığını da bildiriblər.
Bütün bu olanlar, bir daha onu sübut edir ki, hal-hazırda müxalifət düşərgəsində anormal siyasi bir vəziyyət yaşanır. Ona görə də, tam əminliklə demək olar ki, düşərgədə baş verənlər, ilk növbədə, Müsavatın sonunu daha da yaxınlaşdıracaq. Həmçinin, onun ardınca isə, müxalifətin digər partiyalarının da bu yolu keçəcəyi proqnozlaşdırılır.