Müxalifətin seçki hazırlıqları da iflasa uğradı
Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində düyünü açılmayan məsələlər də ortaya çıxmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, 7 ilə yaxın müddət ərzində düşərgə ideoloqları müxalifətin perspektivi ilə bağlı bir dəfə də olsun nikbin fikir səsləndirməyiblər. 2003-cü il prezident seçkilərindən sonra düşərgədə ümidsizlik sindromu yarandı. Həmin seçkidə müxalifətin parçalanmamış partiyası olan Müsavat ətrafına topladığı partiyalarla birgə uduzdu və nüfuzunu itirdi. Ən pisi isə o oldu ki, elektorata ünvanlanan vədlər və rəqibə ünvanlanan hədələr boşa çıxdı. Digər partiyalar da imkanlarından daha böyük iddialarda bulunmaqla heç nə əldə edə bilmədilər.
2003-cü ilin prezident seçkilərindən sonra sıravi müxalifətçilərin illərlə "qəhrəman", "lider" kimi tanıdığı adamlar barəsində uydurulmuş miflər bir gecənin içində sabun köpüyü kimi partlayıb getdi. Müxalifət o həddə qədər kiçildi ki, 2005-ci il parlament seçkilərində düşərgənin bütün qütbləri birləşsə də, öncəki enerji və gücünü qaytarmaq mümkün olmadı.
Seçkidən sonra Müsavatla "Azadlıq" bloku arasında düşmüş mandat davası ümidsizlik sindromunu daha da dərinləşdirdi. Müxalifətçi elektorat bir neçə mandatdan ötrü bir-birini söyən sabiq müttəfiqləri bir daha tanımış oldu. Nəticədə "Azadlıq" bloku dağıldı və onlara bəlli oldu ki, bu liderlərin mübarizəsi mitinq tribunalarında deyilən "parlaq gələcək", "xalqın rifahı uğrunda" deyil, öz mənafeləri naminədir. Bu, dəfələrlə sınaqdan çıxmış məsələdir və sübuta ehtiyacı yoxdur.
Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir. ADP sədri Sərdar Cəlaloğlu radikal müxalifət düşərgəsində kəskin vəziyyətin yaranmasının səbəbini müxalifət liderlərinin mənəm-mənmlik iddialarında olmasında görür: "Müxalifətin özü-özünə etdiyi pislikləri heç kim etməyib. Seçkiərəfəsi səviyyəsiz və mənasız blok yaratmaq heç də qalib olmaq deyil. Düşünüb iş görmək lazımdır. Ona görə də, həmin bloklar uğursuzluqla üzləşir".
S.Cəlaloğlunun fikrincə, qarşıdan gələn parlament seçkilərində də müxalifət yetərli yer qazana bilməsə, o zaman radikal düşərgə liderləri siyasi səhnəni tərk etmək zorunda qalacaq: "Çünki bu gün radikal düşərgədə ölüm ab-havası höküm sürür. Ona görə də, bu, günkü uğursuzluğun günahını başqa yerdə axtarmaqdansa, ağılla hərəkət etməyin yolunu tapsınlar. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və funksionerlər də bunu yaxşı başa düşürlər".
AXP sədri Pənah Hüseynov da Müsavatın irəli sürdüyü namizədlər içərisində adının olmadığından əsəbiləşərək ağzını açıb, gözünü yumdu və ürəyində olanların hamısını ortaya tökdü: "Köhnəlmiş, Naftalin iyi verən yararsızlarla bir olmaq mənim üçün təhqirdir. Ona görə də, təkbaşına müxalifət liderlərindən daha artıq fəalam və daha çox iş görə bilərəm".
Yeri gəlmişkən, P.Hüseynov bir məqamı da tez-tez səsləndirir. Açıqca bildirir ki, o və ya hansısa millət vəkili və ya QHT rəhbəri siyasi strukturları olan partiyalardan daha çox iş görə bilər. Qəribədir ki, onun bu fikri ciddi şəkildə təkzib edilmir. Eyni tezisi ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev də səsləndirir. Eks-spikerin fikirləri bəlkə də, müxalifət liderləri haqqında son illər səslənən ən ağır və aşağılayıcı ittihamlardır.
Eyni ilə P.Hüseynovun indiki müxalifət liderlərini heç bir şeyə yaramadığını söyləyən eks-spiker Rəsul Quliyev bir çox məqamlara da toxunub: "İndiki liderlərin nə vaxtsa prezident və ya nazir olacağına inanmıram". "ACP" liderinin açıqlamalarının davamı daha maraqlı və müxalifət liderləri üçün heç də xoş deyil. Hazırkı müxalifət liderləri ilə 10 il çiyin-çiyinə mübarizə aparmış "ACP" lideri deyir: "...Əminəm ki, yaxın iki-üç ilə siyasi arenaya yeni şəxslər çıxacaq. Daha savadlı, öz maraqlarını ikinci plana keçirməyi bacaran, dünya siyasətindən başı çıxan və sair keyfiyyətlərə malik, xarici ölkələrdə təhsil almış yeni nəslin arasından çıxanlar xalqın gələcəyi uğrunda əsl mübarizə aparacaqlar".
Əslində, ənənəvi müxalifət liderlərinin bu deyilənlərə cavab verməyə də sözü yoxdur. Çünki artıq sıravi müxalifətçilər də bu həqiqəti dərk edərək özləri həqiqəti anlamağa başlayıblar. Onu da anlayırlar ki, əsl həqiqət qarşıdan gələn parlament seçkilərində bumeranq kimi müxalifətin özünə dəyəcək. Bu da ondan ibarətdir ki, son 17 ildə heç bir prosesdə uğur əldə edə bilməyənlər acı reallıqla barışmalı olacaqlar.