PDF Oxu

Müxalifət

  • 7

Radikal müxalifət: dağılan tifaq və puç olan arzular və ya seçkiönü situasiyaya politoloji baxış

Radikal müxalifət: dağılan tifaq və puç olan arzular və ya seçkiönü situasiyaya politoloji baxış

Nobel mükafatı laureatı Tekket Errounun fikrincə, bütün kollektiv düşüncələrin, əməllərin başında bir güclü və sağlam tənqid dayanır. Lakin ən acınacaqlısı odur ki, bizim respublikada bəzi siyasətbazlar iqtidara deyil, məhz dövlətə və dövlətçiliyə qarşı müxalifətdə dayanıblar. Qarşıdan çox mühüm siyasi kampaniya-növbəti parlament seçkiləri gəlir. Hələlik, seçkilərə rəsmən start verilməsə də, prosesdə iştirak etməyə qərarlı olan siyasi partiyalar, bloklar qanunvericiliyin tələblərinə əsasən namizədlər müəyyənləşdirməli və buna müvafiq fəaliyyətlərini qurmalıdırlar.
I Yazı

Halbuki yenə də, müxalifət daxilində seçki öncəsi qeyri-müəyyənlik hökm sürməkdədir. Ultraradikalların seçkiqabağı bəsit və qeyri-peşəkar üsullardan istifadə edərək, bir-birilərini gücdən salmaq istiqamətində fəaliyyətləri situasiyanı daha da gərginləşdirib. Müxalifət partiyalarının rəhbərləri seçkilərə aydın proqram, konkret fəaliyyət istiqamətləri ilə deyil, ənənəvi ssenarilərinə uyğun destruktiv hərəkətləri ilə gedirlər.
Ağıllı və praqmatik addımları ilə ictimai rəyin dəstəyini öz xeyirinə təmin etmiş hakimiyyət bütün ictimai resurslarını vahid siyasi xəttin müdafiəsinə yönəldib. Buna paralel olaraq hansı hədəfə qarşı vuruşmaq lazım olduğunu müəyyənləşdirə bilməyən antiiqtidar qüvvələrinin bütün ssenariləri pozulmaqdadır. Opponentlərin çaşqınlığı açıq-aşkar hiss olunur və şübhə yoxdur ki, müxalifət vəziyyəti dəyişmək üçün yeni planlara və üsullara malik deyil. Radikalların elektorata təsir etmək imkanları yoxdur, daha dəqiq desək bu sıfıra bərabərdir.
Sözsüz ki, Azərbaycan müxalifəti yeniləşməlidir tələbinin hər dəfə seçkilər ərəfəsində böyük aktuallıq və israrla gündəmə gəlməsinin ən başlıca səbəbi müxalif düşərgənin seçki uğursuzluqlarıdır. Radikal müxalifət partiyalarının rəhbərliklərində görünən sifətlərin, eşidilən bəyanatların illərdən bəri dəyişməz qalması seçkidən-seçkiyə onlar üçün daha böyük məğlubiyyətlər gətirir.
Bu baxımdan, Azərbaycan müxalifətində aparıcı personaların dəyişməsi, yeni simaların timsalında yeni ideyaların irəli buraxılması cəmiyyətin sosial sifarişi kimi nəzərdən keçirilməlidir. Meydan hərəkatı dövründən bəri öz yerini kimsəyə güzəştə getmədən, siyasi partiyadan ticarət obyekti kimi istifadə edənlərin neqativ davranışlarının get-gedə daha intensiv və kəskin tənqidi haqlı məntiqə söykənir. Məsələ burasındadır ki, demokratik cəmiyyətlərdə müxalifətə həmişə ehtiyac var.
Demokratiya örnəyi sayıla biləcək ölkələrdə müxalifətin təlqin etdiyi ideyalar hakimiyyətdə olan qüvvələrin həyata keçirdiyi siyasətlə kompramisə girərək cəmiyyəti daha böyük yüksəlişə aparır. Son illər demokratiyanın inkişafı sahəsində böyük nailiyyətlər qazanaraq öz gələcəyini sivil bir Avropa ölkəsi kimi quran Azərbaycanda da siyasi münasibətlər gec-tez belə bir reallığa doğru istiqamət almalıdır.
Amma özünü müxalifət lideri adlandıran kəslər mövqelərini kiməsə güzəştə gedib qazanc obyektlərini itirməmək naminə bu prosesə mane olmaq üçün illərdən bəridir ki, səyləri səfərbərliyə alıblar. Az-çox intellektual potensiala malik partiya üzvlərinin qərarların qəbulu anından kənarda saxlanmasını, xüsusilə, gənclərdən alət kimi istifadə hallarını, yeni qüvvələrin inkişafına yol aça biləcək bütün yolların əvvəlcədən qapadılmasını, partiya sədrlərinə asi çıxanların ləkələnməsi üçün "qara piar" üsulunun saxlanmasını başqa cür qiymətləndirmək mümkün deyil. Lakin bu cür siyasətin ən böyük ziyanı artıq özünü müxalifət lideri adlandıranlara dəyir. Əgər onların oyunlarına dözmək istəməyən partiya üzvləri əvvəllər, sadəcə olaraq, partiyalar arasında transferlərlə kifayətlənirdilərsə, indi müxalifət düşərgəsindən kütləvi şəkildə uzaqlaşırlar. Başqa yol yoxdur. Qarşıda perspektiv görünmür.
Aqressiv və radikal müxalifət özünü demokratikləşmə prosesdən tamamilə kənarda qoyub. Radikal müxalifət partiyaları noyabrda keçiriləcək növbəti parlament seçkisinə demokratik inkişafın növbəti mərhələsi kimi, dünya praktikasını mənimsəmək üçün növbəti şans kimi dəyərləndirməkdən daha çox ölkədə ictimai-siyasi durumu gərginləşdirmək, xaos və anarxiya yaratmaq prizmasından yanaşır. Məqsəd isə özlərinin iddia etdikləri kimi "demokratik cəmiyyət qurmaq" deyil, sadəcə olaraq, öz siyasi ambisiyalarını təmin etməkdir. Lakin aparılan təhlillər göstərir ki, müxalifət parlament seçkiləri öncəsi ən zəif dövrünü yaşayır. Əgər əvvəlki seçkilərdə müxalifətin məhdud sayda da olsa, elektoratı var idisə, indi bu sıranın daha da seyrəkləşdiyini görürük.
Müxalifət liderlərinin özləri də bu faktdan xəbərdardırlar. Amma nə qədər qəribə də görünsə, onlar ictimai dəstəkdən məhrum olmalarını "xalqın passivliyi" kimi absurd bir bəhanə ilə əsaslandırmağa çalışırlar. Amma əslində, bu, birbaşa müxalifətin fəaliyyətindəki qüsurlarla bağlıdır. Çünki Azərbaycan ictimaiyyəti kifayət qədər fəaldır və ölkədə baş verən hadisələrə lazımi səviyyədə reaksiya verir. Müxalifət cəmiyyəti ona görə passivlikdə ittiham edir ki, Azərbaycan ictimaiyyəti həmin müxalifətə dəstək verməkdən imtina edib. İnsanların müxalifətin keçirdiyi tədbirlərə qatılmamasının səbəbi həmin vətəndaşın, həmin müxalifət partiyasında, onun sədrində, nizamnaməsində öz arzusunu və məqsədini, o cümlədən, ümummilli maraqları əks etdirən nüanslar görməməsi ilə bağlıdır.
Ekspertlər də bu qənaətdədir və onların fikrincə, artıq Azərbaycan cəmiyyətində radikal müxalifət siyasi səhnədən silinməkdədir. Həmçinin, ekspertlər radikal düşərgənin siyasi fəallığını əhəmiyyətsiz hesab edərək, bu taktikanın seçkinin nəticələrinə təsir göstərməyəcəyini düşünürlər.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin başçısı Mübariz Əhmədoğlu müxalifətin fəallığının siyasi proseslərə ciddi təsir etməyəcəyi qənaətindədir. Politoloqun fikrincə, beynəlxalq aləm Azərbaycana daxildə baş verən hadisələrə görə qiymət vermir: "Azərbaycanda indi elə vəziyyətdir ki, bütün müxalifət birləşsə belə, öz istəyini reallaşdıra bilməyəcək. Bunun da heç bir effekti olmayacaq. Hər bir halda müxalifətin seçkiyə qatılması demokratiyanın əlamətidir. Bu, Azərbaycanda demokratiyanın bir qram, bir addım da olsa, inkişafına yardım etmiş olacaq".
Politoloq Zərdüşt Əlizadə də hazırkı dövrdə müxalifətin heç nəyə qadir olmadığını konkret faktlarla arqumentləşdirib: "Bu gün müxalifətdə olanların heç birinin idarəçilik təcrübəsi yoxdur, hamısı kəmsavad adamlardır. Onların arasında birlik yoxdur, hər biri yalnız öz mənafeyini güdür". Politoloq onu da qeyd edib ki, "1988-2003-cü illər ərzində Azərbaycan ictimai-siyasi həyatında formalaşmış müxalifət düşərgəsi özünün məntiqi sonluğunu yaşayır. Postsovet məkanında SSRİ-nin dağılması prosesi ilə yetişən siyasətçilər təbəqəsindən heç kim qalmayıb. Öz tarixi missiyasını yerinə yetirmiş bu kəsim artıq tarixin arxivinə verilib". Z.Əlizadənin fikrincə, müxalifət düşərgəsinin əsas böhran nöqtəsi onun avtoritarizmə meyilliyidir: "Müxalifət kəsimi ortaya fərqli alternativ təklif qoya bilmir".
Politoloq Məhərrəm Zülfüqarlı isə məsələni daha konkret qoyur: "Nə qədər ki, 1988-ci ildən bu günə kimi fəaliyyət göstərən partiyalara çürümüş düşüncəyə malik olan liderlər rəhbərlik edir, həmin partiyaların uğurlarından danışmaq məntiqsizdir. Çünki bu gün 1988-ci il deyil. Ona görə də həmin partiya liderləri siyasi mübarizədən əl çəkməli və bacardıqları işlərlə məşğul olmalıdırlar".
Beləliklə, ekspertlərin açıqlamalarından da görünür ki, radikal müxalifət partiyalarının rəhbərləri uğurları dəyərləndirməyərək, öz şəxsi mənafeləri naminə ən xırda problemləri şişirdir, siyasi xal qazanmaq üçün min bir oyundan çıxırlar. Amma adamlar da ağı qaradan seçməyi bacarırlar. Bunun nəticəsidir ki, həmin partiya rəhbərləri ictimaiyyət, eləcə də, öz partiya üzvlərinin arasında gündən-günə hörmətdən düşürlər. Həmin tendensiyanın nəticəsidir ki, indi müxalifət partiyalarının, demək olar ki, hamısında qarşıdurmalar mövcuddur.
Bu səbəbdən, müxalifət partiyaları iqtidarla rəqabətdə uduzmalarının, eləcə də, siyasi proseslərə təsir imkanlarının olmamasının real səbəblərini, ilk növbədə, seçdikləri yanlış mübarizə taktikasında axtarmalıdırlar. Etiraf olunmalıdır ki, bu gün müxalifətin üstünlük verdiyi siyasi davranış formaları demokratik, sivil mübarizə metodları ilə bir araya sığmır. Daim çalışırlar ki, şantaj, böhtan, qarayaxma yolu ilə hakimiyyətin imicinə xələl gətirsinlər, onun bütün işlərinə kölgə salsınlar. Məhz bu cür qeyri-sivil mübarizə formalarına üstünlük verdikləri üçün günü-gündən nüfuzdan düşür, sosial dayaqlarını itirirlər.
Vətəndaşlar isə ölkədə təmin olunmuş ictimai-siyasi sabitliyi yüksək qiymətləndirir, anarxiyanın və xaosun yaranmasına xidmət edən addımları dəstəkləmirlər. Əksəriyyət bu fikirdədir ki, siyasi radikalizm Azərbaycan üçün keçilmiş mərhələdir, hazırda bununla hansısa çirkin siyasi məqsədləri reallaşdırmaq mümkün deyil. Başqa bir tərəfdən, bu gün Azərbaycan ictimaiyyəti ölkədə aparılan uğurlu iqtisadi-siyasi, hüquqi islahatları, vətəndaş quruculuğu istiqamətində atılan addımları dəstəkləyir.
Halbuki müxalifət tərəfindən ölkəmizin hazırkı həyatında siyasi düşmənçilik, əsl kütlə inqilabı və vətəndaş toqquşmasının ideologiyası təbliğ olunur. İntiqamçılıq və revanşizmi siyasi mübarizənin əsas leytmotivinə çevirmək, qarşı tərəfi kin-küdurət hədəfitək göstərmək və maddi varlıq nə varsa, ona həsəd və mənimsəmə ruhu aşılamaq bolşevik təmayülüdür. Bir sözlə, siyasi mübarizə adı altında hər kəs öz hesabını aparmağı, itirdiyini qaytarmağı nəzərdə tutur.
Beləliklə, radikal düşərgənin fəaliyyətinin siyasi blef olduğu aksiomadıdır. Bütövlükdə, siyasi fəaliyyətlə deyil, onun imitasiyası ilə məşğul olan hakimiyyətin opponentləri ənənəvi şüarlarla tərəfdarlarını səfərbər etməyə çalışırlar. Artıq gecdir, radikal düşərgənin növbəti parlament seçkisində uduzacağı artıq gerçəkliyə çevrilməkdədir...

Digər xəbərlər