PDF Oxu

Müxalifət

  • 11

İsa Qəmbərovun bütün xəyalları puç oldu

İsa Qəmbərovun bütün xəyalları puç oldu
Son vaxtlar radikal müxalifət düşərgəsində hər kəs Müsavatla AXCP (i)-nin "yaxınlaşmasından", "doğmalaşmasından", "əkizləşməsindən", və nəhayət, bir-birlərinə "dürtülməsindən" danışır. Bir çoxları bu birləşmənin, dürtülmənin baş tutmayacağını bildirsələr də, məsələnin diqqətçəkən tərəfi hələ heç kəsə aydın olmayıb. Aydın olan odur ki, bu radikal müxalifət düşərgəsindəkilərin bir "xasiyyəti" var ki, onlar 20 ilə yaxındır bir-birlərinə yaxınlaşmaqdan danışdıqca, daha da uzaqlaşıblar. Bəzən bir qərargahda belə lövbər salmış radikallar arasında sanki bir okean qədər məsafənin olduğu müşahidə olunub. Müxalifət düşərgəsində bu vəziyyət bu gün də belədir. Sadəcə olaraq, burada müəyyən qədər informator qüvvələr var ki, onlar düşüncəni başqa səmtə yönəltməkdə mahirləşiblər. Guya müxalifət düşərgəsində "yel əsib, qoz tökülüb" mənzərəsi nümayiş etdirməyə çalışan Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Ə.Kərimov indi ağız-ağıza verib birlik havasından dəm vururlar. Reallıqda isə onların nədən dəm vurması heç kəs üçün maraqlı olmasa da, özlərini bu dərəcədə pafoslu formada göstərmələri istər-istəməz insanda ikrah hissi yaradır. Faktlara əsaslanaraq, demək olar ki, radikal müxalifət adlı bir şəbəkə mövcud olandan İ.Qəmbərovla Ə.Kərimov arasında münasibətlər qatı düşmənçilik səviyyəsində olub. Məhz insanı da hiddətləndirən cəhət ondan ibarətdir ki, birdən-birə bunları belə bir hay-küylə çıxış etməyə vadar edən səbəb ortaya çıxmışdır. Bu da sübut etmişdir ki, onların ikisinin də başının bir yerə bağlandığı nöqtə mövcuddur. Əsgər komandirinə tabe olan kimi İ.Qəmbərovla Ə.Kərimov da pul alıb göstəriş aldıqları qüvvələrə tabedirlər və bütün "əmrləri" sözsüz və irad bildirmədən yerinə yetirməlidirlər. Elə buradan da, aydın olur ki, İsa "bəy"lə, Əli "bəy" niyə "nikah" evinə girməyə tələsirlər. Amma bu işin içində də çoxlu əmmalar mövcuddur. Bu əmmalardan Ə.Kərimovla İ.Qəmbərovun yaxasını kənara tutması müşkül məsələdir. Ona görə də, onların hər ikisinə kənardan yeni "birləşmə" barəsində "paket" göndərilib. Məhz bu "paket" əsasında onların birləşməsi qeyri-mümkündür. Amerikalı qağaları Əli ilə İsaya deyiblər ki, gedin biriniz birləşəcəyiniz partiyanın başqanı olun, biriniz də gələcəkdə prezidentliyə namizəd olarsınız. Bu məntiq isə özlüyündə müxalifət düşərgəsindəki uçurumun növbəti dalğasının başlanğıcı kimi qiymətləndirilir. Çünki adları qeyd olunan şəxslərin hər ikisi ömürlərinin son məqamına qədər prezident olmaq sevdası ilə yanıb-alışacaq. Belə məqamda onların qarşısında konkret şərtin qoyulması isə prosesdəki çatların daha da böyüməsinə gitirib çıxarıb. Elə bu səbəbdəndir ki, AXCP (i) sədri Ə.Kərimov tabeçiliyində olan mətbu orqanlarda birləşmənin tərəflərinə dair şərh verərkən, dolayı yolla olsa belə, İ.Qəmbərovun ünvanına çata biləcək ifadələr işlədib. Bu isə indiki məqamda həssaslığın bir qədər də yüksəlməsini təmin etmiş olub. Digər bir məsələ isə ondan ibarətdir ki, İ.Qəmbərov təklif "paketi" ilə qaneedici görünür. Çünki birləşmə baş tutarsa, "vahid namizəd" o olacaq və Ə.Kərimovun formal başqanlığı isə heç nəyi həll etməyəcək. Sonradan isə öz tərəfdarlarını Ə.Kərimovun üzərinə qaldırmaqla İ.Qəmbərov faktiki olaraq onu zərərsiz bir fiqura çevirəcək. Ona görə də, bu məsələ ətrafında dolaşan söz-söhbətlərdən belə aydın olur ki, müxalifət düşərgəsində böyük fırtınanın ilkin addım səsləri eşidilməkdədir. Müsavat başqanının iflas sindromu davam edir Müsavat başqanı İ.Qəmbərov ötən həftənin sonunda açıqlamasında AXCP (i) və Müsavat arasında gedən danışıqlar prosesinin çətinliyini və müzakirələrə gec başlamaqlarını etiraf etmək məcburiyyətində qalıb. Namizədlərin razılaşdırılması məsələsinə toxunan İ.Qəmbərov nəzəri cəhətdən AXCP (i) üzvlərinin əksəriyyətinin, lazım gələrsə, öz dairələrindən güzəştə getməyə hazır olduqlarını bildirsə də, bunun əksini deyəsən kor gözləri ilə gördükdən sonra danışığının tonunu dəyişməli olub. Eyni zamanda, o, səhvini boynuna alaraq bildirib ki, hər iki partiya arasında "vahid namizəd" əldə olunması üstündə, hələlik, problemlər qalmaqdadır. Və bu məsələdə razılıq əldə olunmadığı təqdirdə, bir sıra namizədlərinin sərbəst qalacağını bildirən İ.Qəmbərov riyakarlıq etməkdən usanmadığını sübut etməkdə deyəsən israrlıdır. lBu birliyin baş tutmayacağı təqdirdə, AXCP (i) Müsavatı günahlandıracaq və Müsavat buna cavab olaraq izah edəcək ki, məsələnin bu yerə çatmasının məsuliyyəti kimin üzərindədir. Seçici də deyəcək ki, yenə birləşmədilər" - deyə İ.Qəmbərov gözlənilmədən şok etiraflar etməklə, əslində, həmişə olduğu kimi, yenə də, məsuliyyəti boynundan atmaqla özünü sudan quru çıxarmağa çalışır. Əslində isə, hamı bilir ki, müxalifət düşərgəsində nə baş verirsə, hökmən onun altından İ.Qəmbərov çıxmalıdır. Çünki bu adam burnunu istədi-istəmədi, gördüyü yerə soxur ki, bunun da axırı məhz belə olur. Maraqlısı isə, ondan ibarətdir ki, son günlər AXCP (i)-Müsavat yaxınlaşmasından dəm vuranlar artıq bu məsələdən danışmaq belə istəmirlər. Yenə də, görünən odur ki, torbada pişik var. Ümumiyyətlə, günlər keçdikcə Müsavat-AXCP (i) danışıqlarının nəticə verməyəcəyi barədə rəylər daha da artır. Artıq tərəflər arasında səmimi bir müzakirə olmadığı da sezilir. Hətta bizə belə bir məlumat da daxil olub ki, İ.Qəmbərovla Ə.Kərimovun ötən həftənin cümə günü keçirilən görüşündə hansısa bir anlaşma əldə olunmayıb və müzakirələr qeyri-müəyyən vəziyyətdə, yarımçıq başa çatıb. Məlumatda bildirilir ki, müzakirələr həmin görüşdə namizədlərin razılaşdırılması ilə bağlı olub və konkret anlaşma əldə olunmayıb. Hər bir halda, Müsavat-AXCP (i) danışıqlarında bir problem yarandığını sezməmək mümkün deyil. Bu məsələyə dair mövqeyini öyrəndiyimiz adının çəkilməsini istəməyən müsavatçı da birliyin baş tutmasına artıq inamlarını itirdiklərini və elə başdan da, buna razı olmadıqlarını bildirib. Bütün bunlar isə onu göstərir ki, müxalifət düşərgəsində deyildiyi kimi, blok və ya birləşmə mədəniyyəti olmadığından AXCP (i)-Müsavat birliyi də baş tutmadı. Əvəzində isə müxalifət özü üçün yeni iflas sindromu qazanmış oldu.

Digər xəbərlər