Radikal düşərgədə növbəti qarşıdurma
Seçkidən-seçkiyə mövcudluğunu isbat etməyə çalışan radikal müxalifət düşərgəsində qarşılıqlı ittihamlar yenidən adi hala çevrilib. Bir müddət əvvəl, bu ittihamlar bir qədər səngisə də, parlament seçkiləri yaxınlaşdıqca, radikal düşərgə daxilində yaşanan ziddiyyətlər yenidən kəskinləşir. Müxalifət düşərgəsinin mənsubları indi bir-birilərini Qərbə işləməkdə, lqəlp müxalifət" olmaqda günahlandırırlar.
Bu baxımdan, "Demokratiya Uğrunda İttifaq"ın ("DUİ") AXCP (i)-yə qarşı yönəltdiyi ittihamlar diqqəti çəkir. "DUİ"-nin seçki qərargahının rəhbəri, "Azadlıq" partiyasının sədri Əhməd Orucov AXCP (i)-ni müxalifətin birliyini pozmaqda günahlandırıb. Xatırladaq ki, hazırda Müsavat partiyası ilə seçki bloku yaradaraq "vahid namizədlər" siyahısını müəyyənləşdirməyə cəhd göstərən AXCP (i) birmənalı şəkildə "DUİ"-nin bu bloka qoşulmasına qarşı çıxır. Bu səbəbdən, Müsavat rəhbərliyi "DUİ"-yə daxil olan partiyalar, o cümlədən, "KXCP" ilə ikitərəfli razılaşmaların üstündən xətt çəkməli olub. Doğrudur, Müsavat başqanı İsa Qəmbərov lDUİ" ilə qarşılıqlı öhdəliklərinə əməl etməyə çalışacaqlarını deyir. Bununla belə, dairə bölgüsünün məhz Müsavatla AXCP (i) arasında həyata keçirilməsi, faktiki olaraq, bu qurumu seçkiyə hazırlıq prosesində oyundankənar vəziyyətə salıb. Ə.Orucovun, "KXCP"-nin sədri Mirmahmud Fəttayevin müvafiq açıqlamalarından aydın görünür ki, belə vəziyyətə görə qınaq obyektinə çevrilən başlıca hədəf AXCP (i)-dir. "DUİ"-dən Müsavatın ünvanına yönələn müəyyən tənqidlər səslənsə də, onlar daha çox lislahatçılar"dan narazı görünürlər.
"DUİ" Müsavat-AXCP (i) cütlüyündən daha çox səs toplayacaq" deyən Ə.Orucov dolayısı ilə müxalifətin radikal qütbünü əhatə edən digər qütbünün hər hansı real təsir dairəsinin olmadığını dilə gətirib. Beləliklə, radikal düşərgə parlament seçkiləri ərəfəsində iki rəqib qruplaşmaya bölünüb. Bu qruplaşmalar birinə "DUİ", digərinə Müsavat-AXCP (i) cütlüyü daxildir. Hər iki qruplaşma siyasi rəqabət müstəvisində qarşı tərəfi mümkün qədər sıradan çıxarmağa çalışır. Belə vəziyyətdə daha mürəkkəb vəziyyətə düşən isə Müsavat təmsilçiləridir. Onlar düşərgə daxilində az qala hamıya müttəfiqlik vəd etdiklərindən, indi çıxılmaz durumdadırlar. Bir qədər paradoksal görünsə də, ziddiyyətlərin daha da kəskinləşməsinin səbəbkarı da elə Müsavat təmsilçiləridir. Əvvəlcə bu məsələdə xeyli tərəddüd edən müsavatçılar indi birmənalı şəkildə AXCP (i)-yə üz tutublar. Lakin "DUİ" təmsilçilərinin də vurğuladığı kimi, bu, daha çox Qərbin muzdlu sifarişindən və hər iki tərəfin öz korporativ maraqlarını təmin etmək istəyindən qaynaqlanır. Son zamanlar AXCP (i) ilə Müsavat arasında müəyyən zahiri yaxınlaşma isə heç də səmimiyyətdən deyil, korporativ maraqların müvəqqəti olaraq üst-üstə düşməsindən qaynaqlanır. Adətən, maraqları toqquşan, barışmaz rəqiblər sayılan bu iki müxalif partiyanın qəfildən müttəfiqlik və seçkilərdə birgə iştirak barədə bəyanatlar səsləndirməsi kifayət qədər şübhəli görünür.
İndiki halda tərəfləri zorən dil tapmağa vadar edən məqamlar da diqqəti çəkir. Həm Müsavat, həm AXCP (i) təmsilçiləri qarşıdan gələn seçkilərdə uğursuzluğa düçar olacaqlarını yaxşı bilirlər.
Hazırda həm Müsavatın, həm də AXCP (i)-nin sıraları həddən artıq seyrəlib. "DUİ", "KXCP" çevrəsində də vəziyyət, demək olar ki, bu iki partiya ilə müqayisədə çox da fərqli deyil. Bu qurmulardan heç birinin siyasi səhnədə real çəkisi, nüfuzu yoxdur. Digər tərəfdən, müxaliflərin birləşmə oyunu ilə həyata keçirmək istədikləri spekulyasiya əsasən, Qərbin müəyyən dairələrindən təmənnalı qrantlar qoparmaq niyyətindən irəli gəlir. Onlar parlament seçkiləri ərəfəsində bununla bağlı hay-küy qoparmaqla müəyyən dairələrin rəğbətini qazanacaqlarını güman edirlər.
Başqa sözlə, radikallar heç də birləşmək uğrunda deyil, xarici təzyiq qruplarının maliyyəsi hesabına ciblərini doldurmaq üçün savaşırlar. Parlament seçkilərində hər hansı nəticə əldə etmək isə onları qətiyyən maraqlandırmır. Çünki əksər namizədlərinin seçkidə üçüncü-dördüncü yeri belə tuta bilməyəcəyini yaxşı anlayırlar. Onların şərti birləşməsi baş tutsa belə, bu, müxalifət düşərgəsində hər hansı ciddi dəyişikliyə səbəb olmayacaq. Bu səbəbdən, radikal düşərgədə yaranan növbəti qarşıdurma mövcud pərakəndəliyi, dağınıqlığı artırır, düşərgədaxili ziddiyyətləri daha da kəskinləşdirir.