Radikal müxalifət düşərgəsində demokratiya oyunu
Azərbaycanda demokratik təsisatların inkişafı, siyasi qüvvələr arasında qarşılıqlı inam və etimad hissinin bərqərar olması radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların maraqlarına uyğun gəlmir. Siyasi ziddiyyətlərin dinc və sivil yollarla aradan qaldırılmasına çalışmaq əvəzinə, radikal partiya qəzetləri də özəl maraqlar naminə bütün müqəddəs dəyərləri tapdalayıblar. Azərbaycanda keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətdən sonra 2010-ci ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsi əsasən iki partiyasının- AXCP (i) və Müsavat üzərində qurulması düşərgə daxilində haqlı narazılıqlar üçün əsas yaradır. Müsavat və AXCP (i) liderlərinin konfrantasiya mövqeyində olması və münasibətlərin getdikcə dərinləşməsi situasiyanı gərginləşdirsə də, qarşı-qarşıya gələn tərəflər nəzarət altında saxladıqları qəzetlərdən münasibətlərini ayırd etmək üçün vasitə kimi istifadə etdilər.
Xaricdən aldıqları qrantlar müqabilində müstəqil fəaliyyət yolu tutmaq imkanlarını itirən mətbuat orqanlarını antitəbliğata təşviq edən, fəaliyyətlərini xarici qüvvələrin maraqlarına uyğun quran Əli Kərimov və İsa Qəmbərov Azərbaycanda destruktiv fəaliyyətini davam etdirirlər. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində düşərgədə aparılan çirkin təbliğat ölkənin milli maraqlarını xarici təzyiqə məruz qoyaraq, ictimai diqqəti daxili proseslərdən yayındırmaq məqsədi daşıyır. 2005-ci il parlament seçkilərində demokratiya libası geyinən radikalların utopik meydan təfəkkürünə əsaslanan vərdişləri 2010-cu ildə də davam etdirəcəyi şübhəsizdir. Radikal müxalifət daxilində seçki prosesində iştirakla bağlı birmənalı mövqe formalaşmaması düşərgə daxilində gərginlik yaradıb. Seçki kampaniyasına rəsmən start verilməsinə cəmi 2 həftə qalmasına baxmayaraq, düşərgə daxilində fikir ayrılığı yaşanmaqdadır. AXCP (i) ilə Müsavat hələ "ən güclü" hesab etdiyi namizədləri müqayisə etmək və dairələri razılaşdırmaqla məşğuldur. Seçkilərdə birgə iştirak etməklə bağlı müzakirələr aparmaqda maraqlı olmayan, Azərbaycan siyasi arenasında mühafizəkar təfəkkürlü müxalifət bütün mümkün mexanizmləri işə salaraq hakimiyyətin gördüyü işlərə qarşı qarayaxma kampaniyası aparır.
Düşərgə daxilində ən maraqlı məqam isə Müsavatla AXCP (i)-nin "birləşməsi" digər partiyaların siyasi səhnədə sıxışdırılmasına gətirib çıxarıb. "Ümid" partiyasının sədri İqbal Ağazadə AXCP (i) və Müsavat blokuna daxil olan insanların hamısını, iddialı namizədləri razı sala biləcək birlik olacağına şübhə edir. Partiya sədri hesab edir ki, hələ də əsas yerlər müəyyənləşdirilməyib. Hətta deputat olan şəxslərin dairələrindən namizədlərin müəyyənləşdirilmədiyini bildirən İ.Ağazadə AXCP (i) - Müsavat birliyinin effektiv olmayacağına toxunub. Ölkə daxilində sosial dayaqları tükənən müxalifətin xaricdə özünə maliyyə və siyasi dayaqlar axtarması fonunda tərəflərin bir-birini ittiham etməsi onların vəziyyətini daha da ağırlaşdırır.