Müsavat daxilində böhran: İsa Qəmbərov təklənib
Müsavat, AXCP (i) birliyindən kənarda qalan ADP və "Ümid" partiyası arasında aparılan müzakirələrin nəticəsiz qalması, düşərgə daxilində proseslərin istiqamətini dəyişdirib. Müsavat partiyasının əsas təbliğat ruporu olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun deputatlığa namizədliyinin ADP və "Ümid" partiyasının yaratdığı "Qarabağ" seçki bloku 25 saylı ikinci Nizami seçki dairəsində dəstəkləməsi düşərgə daxilində şəxsi müstəvidə ziddiyyətlərin olduğunu bir daha təsdiqlədi. Bu barədə adıçəkilən seçki bokundan verilən məlumata görə, həmin dairədə Müsavat partiyasının öz namizədi var, AXCP (i)-dən isə "vahid namizəd" olmağa iddialı olanlar var. Ona görə də baş redaktorun namizədliyinin "Qarabağ" bloku tərəfindən dəstəklənməsi yeni situasiya yaradır. Radikal müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxaran anormal vəziyyət düşərgədə ciddi problemlərin yaşandığından xəbər verir. Müxalifət təmsilçiləri ölkə rəhbərliyinin seçkiöncəsi yaratdığı demokratik şəraitdən istifadə etmək əvəzinə, mücərrəd ideyalar ətrafında spekulyasiyalar edirlər. Bu ərəfədə "vahid namizəd" məsələsinin Ə.Kərimov və İ.Qəmbərov arasında baş tutan danışıqların nəticəsi olaraq, partiyalararası münasibətlərin qarşıdurma müstəvisinə qalxır. Müsavat partiyasının daxilində böhranın ilkin əlamətləri artıq indidən özünü büruzə verməkdədir. Müsavat rəhbəri İsa Qəmbərovun partiyanın strukturu, gələcək siyasi kursu və ideoloji məqamları ətrafında mübarizəsi açıq müstəviyə keçib.
Eyni siyasi çətir altında fəaliyyət göstərməyə çalışan radikalların prosesdə iştirak etməyə qərarlı olan siyasi partiya təmsilçiləri arasında yaranan anlaşılmazlıq İ.Qəmbərovu çətin vəziyyətə salıb. Müsavatda cərəyan edən hadisələr maraqlı nüansları ortaya çıxarır. Ötən prezident və parlament seçkilərindən sonra partiya daxilində qarşıdurmalar günbəgün artmaqdadır. Partiya başqanı İ.Qəmbərovun idarəçiliyindən narazı olan qruplar açıq müstəvidə mübarizəyə başlayaraq situasiyanı öz xeyirlərinə dəyişdirməyə çalışır. Bundan istifadə edən Ə.Kərimov seçki öncəsi şəraitə uyğun olaraq, yaranmış vəziyyətdən səmərəli istifadə edir. Müxalifət düşərgəsində hazırda iki qütbə bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Partiya təmsilçiləri ayrı-ayrı mətbuat səhifələrində verdikləri açıqlamalarla bir-biriərini ifşa etməkdədirlər. Müsavata yaxın qəzetin baş redaktorun namizədliyinin AXCP (i) tərəfindən yox, "Qarabağ" bloku tərəfindən dəstəklənməsinə paralel olaraq, AXCP (i) və Müsavat rəhbərlərinin növbəti görüşündə Mirzə Sakitin 46 saylı Şirvan seçki dairəsindən "vahid namizəd" olması barədə razılıq əldə olunub. Belə vəziyyətdə Ə.Kərimovun "vahid namizədinin" İ.Qəmbərov tərəfindən dəstəklənməsi gözlənilən idi. Ə.Kərimovun təklif etdiyi namizədlərə sıcaq yanaşan İ.Qəmbərovun bu vəziyyətdə revanşları Müsavat daxilində ciddi narazılıqlara səbəb olub. Müsavat başqanı partiyanı hələ uzun müddət əldə saxlamaq üçün qabaqlayıcı tədbirlər haqqında artıq indidən fikirləşməyə başlayıb. Rauf Arifoğlunun bütün bu məsələlərdə İ.Qəmbərovdan narazı olan qrupa dəstək verməsi "Yeni Müsavat" qəzetindən aydın duyulur.
Ölkəmizin demokratik seçki tarixinin canlı iştirakçıları və şahidləri olan xalqa populist vədlər verən, çıxışlarını yalnız hakimiyyəti ittiham etmək üzərində quran, cəmiyyətə düşmənçilik ruhu aşılayan bu qüvvələr konkret proqramlara söykənmir. Müxalifətin bu reallığı nəzərə almayan simaları ölkə vətəndaşlarının qınaq obyektinə çevrilir. Postseçki dövrünün reallıqlarında radikal müxalifətin pozucu xarakteri, ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən təxribatçı addımlarında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq cəhdləri özünü daha qabarıq göstərir.