Seçki müzakirəsi Müsavatla AXCP (i)-nin axırına çıxacaq
Hər bir siyasi təşkilatın gücü, onun imkanları yalnız seçkidən-seçkiyə bəlli olur. Yəni, seçkilərdə partiyaların elektoratını müəyyən etməklə yanaşı, proqram və əsasnaməsinin də nə dərəcədə dövlət və milli maraqlara uyğun olduğunu müəyyən etmək mümkündür. Ona görə də, seçkilər ərəfəsi bütün siyasi partiyalar bütün daxili resurslarını işə salır və taleyüklü tədbirdə potensialını ortaya qoymağa çalışır. Amma vay o günə ki, həmin siyasi təşkilatın elektorat sarıdan ciddi problemləri olsun və fəaliyyət istiqamətlərində çatışmazlıqlar, nöqsanlar qabarıq şəkildə özünü göstərsin. Bu halda siyasi təşkilatın rəhbərliyində təmsil olunan şəxslərin hansı formada bəyanat səsləndirmələrindən, populist çıxışlar etmələrindən asılı olmayaraq, həmin təşkilatın seçkilərdə məğlubiyyəti qaçılmazdır. Çünki insanlar boş və mənasız fikirlərə deyil, real faktlara dəstək ola bilər. Bu nöqteyi-nəzərdən də birmənalı şəkildə demək olar ki, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsi radikal müxalifətin hansı şou və məzhəkələr qurmalarından asılı olmayaraq, seçki onlar üçün uğursuzluq gətirəcək. Bunu da onunla əsaslandırmaq olar ki, hazırkı mərhələdə radikal düşərgənin yaramaz ünsürləri hesab olunan Müsavat, AXCP (i), ADP, AMİP və bu kimi digər partiyaların sosial bazaları, demək olar ki, mövcud deyil. Xarici fondların diqtəsi ilə hərəkət etmələri də onlar üçün əlavə ciddi problemlər yaradıb. Ona görə də, radikalların gündə bir toplantı keçirib, seçki müzakirələri aparmaları yalnız baş qarışdırmaqdan başqa bir şey deyil. Onların seçki blokları yaradaraq, "vahid namizəd"lər müəyyənləşdirmək üçün səylər göstərmələri də yalnız diqqət mərkəzinə çevrilmək və xarici ağalarından əlavə vəsaitlər qoparmağa hesablanıb. Birmənalı şəkildə o qənaətə gəlmək olar ki, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov, ADP sədri Sərdar Cəlaloğlu və digərləri seçkilərin onlarlıq olmadığını aydın şəkildə başa düşürlər. Yayılan məlumatlara görə, Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov "vahid namizəd"lər siyahısına düşmək istəyənlərdən pul da alırlar. Mənbəmizin dediyinə görə, pul vermək istəməyənləri siyahıdan kənarlaşdırırlar. Elə AXCP (i) idarə heyətinin üzvü Gözəl Bayramovanın Müsavat MNTK sədri İbrahim İbrahimli ilə əvəzlənməsi də ikincinin İ.Qəmbərov və Ə.Kərimovun yaratdıqları fonda vəsait köçürmək istəməməsi ilə bağlı olub. Məlumatı verən mənbənin dediyinə görə, Müsavat funksionerləri Qubad İbadoğlu, Gülağa Aslanlı, Əhməd Əhmədzadə, Mehman Cavadoğlu və ümumilikdə 9 nəfər, eləcə də, AXCP (i)-dən Fuad Qəhrəmanlı, Qənimət Zahidov, Ənnağı Hacıbəyli, Seymur Həziyev və ümumilikdə 11 nəfər də vəsait ödəməkdən imtina etdiklərinə görə, "vahid namizəd"lər siyahısından kənarda qalacaqlar. Düzdür, bu barədə məlumat verən mənbəmiz onu da qeyd etdi ki, Ə.Hacıbəylinin siyahıdan kənarda qalması, hələ ki, tam öz həllini tapmayıb. Çünki Ə.Hacıbəylinin AXCP (i)-də təmsil olunan qardaşları Xaliq, Şamil, Rahib, Rövşən qardaşları Ə.Kərimovla danışıqlara getməklə, böyük qardaşlarına yardım göstərmək cəhdlərini davam etdirirlər.
Qeyd etmək yerinə düşər ki, Ş.Hacıbəyli AXCP (i)-nin Saatlı rayon təşkilatının sədri olmaqla, həm də o bölgədə dələduz kimi ad çıxarıb. Çünki Ə.Kərimovun təxribatlar törətmək təlimatı ilə qidalanan bu ünsür fəaliyyətini yalnız insanlar arasında çaşqınlıq yaratmaq, insanlara şər, böhtan deməklə onlardan istəyini almaqdır. Təbii ki, vəsait ödənilmədiyi təqdirdə, Ş.Hacıbəylinin "Azadlıq" qəzetindəki qardaşları Rahib və Rövşən vasitəsilə həmin şəxs tənqidə və təhqirə məruz qalır. Şeytan yuvası hesab olunan "Azadlıq" qəzeti xalqını sevən, dövlətinə bağlı olan insanlar haqqında şər, böhtan kampaniyasını Ş.Hacıbəylinin təqdim etdiyi siyahı əsasında da həyata keçirməyə çalışır. Bu və ya digər səbəbdən AXC-Müsavat hakimiyyəti dönəmində ədliyyə orqanlarında işləmiş Ə.Hacıbəylinin də Müsavat-AXCP (i) seçki siyahısında adının olacağı güman edilir. Ancaq bir məsələ açıq qalır ki, əgər bir ailədən - Xaliq, Şamil, Ənnağı, Rahib və Rövşən Hacıbəyov qardaşları namizədliklərini vermək iddiasındadırlarsa, o halda, AXCP (i)-nin durumunun hansı səviyyədə olduğunu söyləmək çətin deyil. Digər tərəfdən Müsavatda da Rauf, Ayxan qardaşları, Arif, Mustafa qardaşları, eləcə də, digər bu kimi partiya mənsubları olan qardaşların namizədliklərini irəli sürmək iddialarında olmaları AXCP (i)-nin və Müsavatın dağılmasının zamanının heç də uzaqda olmadığını deməyə əsas verir. Çünki at kimi bir-birinin üzünə durub, iddialarından geri çəkilməyən məxluqların tələblərinin partiyaların yerinə yetirməsi isə, təbii ki, mümkünsüzdür. Bu isə, qəti və konkret olaraq, seçkiyə qədər bu partiyaların dağılacağını demək olar.