"Azadlıq" qəzeti Əli Kərimov üçün alver mənbəyidir
Azərbaycanda siyasi partiyaların fəaliyyəti, üzvlərinin sayı və maliyyə şəffaflığı daim müzakirə mövzusu olub. Ölkədə öz siyasi fəaliyyəti haqda hesabat verən, üzvlərinin sayını dəqiq açıqlayan, maliyyə şəffaflığını ortaya qoyan yalnız bir partiya var ki, bu da Yeni Azərbaycan Partiyasıdır. Dəfələrlə tənqid edildiyinə baxmayaraq, digər siyasi partiyalar nə maliyyə mənbələrini, nə üzvlərini, nə də siyasi fəaliyyətlərinin digər qaranlıq məqamlarını açıqlamırlar. Demokratik cəmiyyətdə isə, siyasi partiyaların və digər qurumların nüfuzu bu faktorlardan çox asılı olur.
Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevin adı Azərbaycan mətbuatında zaman-zaman hallanıb. Əslən Borçalıdan olan Sakit Allahverdiyev həm Rusiyadakı Azərbaycan icmasının rəhbərlərindən biri və həm də müxalifət partiyalarından birinə maliyyə yardımı edən iş adamı kimi Azərbaycan KİV-nin diqqət mərkəzində olub. S.Allahverdiyev Müstəqil İnformasiya Agentliyinə müsahibəsində ölkə müxalifəti haqda da bəzi real faktları açıqlayıb.
"Azərbaycan müxalifətinin indiki durumunu necə dəyərləndirərdiniz"- sualına cavab olaraq S.Allahverdiyev deyir ki, Azərbaycanda müxalifətin durumu ürəkaçan deyil: "Lider yoxdur, müxalifət partiyalarının sədrləri var. Partiya sədri ilə lider anlayışı tam fərqlidir. Demokratiya uğrunda mübarizə aparan partiya sədrləri gərək birinci olaraq öz partiyalarında da demokratik bir sistem qursunlar ki, cəmiyyət alternativi görüb onları dəstəkləsin.
İlk növbədə, sədrlərin özü demokratik təfəkkürlü olmalıdırlar. Demokratiya çox geniş bir anlayışdır və onun özünün təməl prinsipləri var. O prinsiplərə söz azadlığı, şəffaflıq və s. daxildir. Mən AXCP (i) üzvləri, o cümlədən, partiya sədri Əli Kərimov və onun müavinləri ilə mütəmadi təmaslarım olub. Bu təmaslar sayəsində mənə bəlli olub ki, AXCP (i)-də tam diktaturadır, burada demokratiyadan danışmağın yeri yoxdur".
İş adamı bildirib ki, 2005-ci ildə "Azadlıq" qəzetinə yardım məqsədi ilə Əli Kərimova pul verib: "Sonra bildim ki, qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin durumu ağırdır, əməkdaşlara maaş verə bilmir, mətbəəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin, axı... "Azadlıq" Azərbaycanın müstəqilliyinin simvollarından biridir. Bu qəzeti qorumaq lazımdır.
Sonra mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib. Yəni, Azərbaycan demokratiyasının simvolu olan "Azadlıq" Əli Kərimov üçün alver mənbəyidir. Başqa sözlə desək, açıq korrupsiya faktıdır, heç bir şəffaflıq yoxdur, burada hansı demokratiyadan danışmaq olar? Azərbaycan saytlarından oxuyuram ki, "Azadlıq" qəzetinin 2001-2005-ci illərdə "Azərbaycan" nəşriyyatına külli miqdarda borcu qalıb. Axı mən Əli Kərimova pulu ona görə vermişdim ki, borcu ödəsin, şəxsi problemlərini həll etmək üçün verməmişdim".
S.Allahverdiyev müsahibəsində bildirib ki, bu pulları partiya sədri özü mənimsəyib. "Qəzetin əməkdaşları da etiraf edər ki, 2005-ci ildə onlara heç bir yardım olmayıb. Belə bir şəxsin müxalifət partiyasının sədri olmağa nə siyasi, nə də mənəvi haqqı var. İnsanlar var ki, öz şəxsi vəsaitlərini, malını-mülkünü demokratiya, vətən uğrunda mübaizəyə xərcləyir, insanlar da var ki, demokratiyaya ayrılan pulları mənimsəyir. Bu da, bir növ büdcə oğurluğudur. Büdcə oğrusu yalnız dövlətin büdcəsini mənimsəyənə deyilmir.
Partiyanın, qəzetin büdcəsini oğurlayan partiya sədri dövlət büdcəsini mənimsəyən məmurla eyni dərəcədə məsuliyyət daşıyır. Mənim üçünsə partiya sədrinin pulları mənimsəməsi daha faciəlidir. Ona görə də bunların apardığı mübarizənin heç bir effekti olmayacaq".
Hökuməti şəffaflığı təmin etməməkdə suçlayan, "özgə gözdə tük axtaran" müxalifət funksionerləri, görəsən, "öz gözlərindəki tiri" nədən görmürlər? Axı onların təmsil etdikləri partiya və QHT-lər heç vaxt hesabat verməyib, şəffaflığı təmin etməyiblər. Hətta öz üzvlərinin sayını təxmini də olsa açıqlaya bilməyən, şübhəli maliyyə qaynaqlarını gizlədən, problemlərini həll etməkdə aciz olan siyasilər necə haqdan-ədalətdən danışa bilərlər? Bunlar nümunə göstərdikləri Qərb ölkələrində belə halların yaxşı sayılmadığını, hətta qadağan edildiyini bilmirlərmi?
Bilirlər. Amma neyləsinlər? Necə xalqın qarşısına çıxıb desinlər ki, üzvlərimiz sürətlə bizi tərk edir, 5-10 adam qalmışıq, seçkilərdə namizəd irəli sürməyə belə adam tapmırıq, hansısa bir tədbir, aksiya keçirmək qüdrətimiz belə qalmayıb və s.
Bunları etiraf etmək cəsarət istəyir. Bir də vicdanlı olmaq. Bunu isə indiki müxalifət liderləri bacarmırlar. Bacardıqları ağı qara görmək, böhtan və şantajla məşğul olmaq, boş-boş bəyanatlar verməkdir. Bunun sonu isə pis qurtarır. Necə ki artıq belə də olub.
İri partiyaların belə mühasibatlığı, maliyyə sənədləri yoxdur, o da qala kiçik partiyalar. Ümumiyyətlə, əksər partiyalar bir neçə nəfərdən ibarətdir və fəaliyyətləri yalnız media üzərində qurulub.
Beləliklə, müxalifət partiyalarında maliyyə məsələsi yenə də arxa plana keçirilir. Bu zaman nəinki cəmiyyətin, hətta üzvlərin belə partiyanın maliyyə şəffaflığına əmin ola bilməsi mümkün görünmür.
Bilinən odur ki, partiyaların əksəriyyəti mənbəyi məlum olmayan xarici qrantlar hesabına fəaliyyət göstərir. Daha doğrusu, bu qrantlar partiyaların rəhbərliyi tərəfindən mənimsənilir və mediada belə görüntü yaradılır ki, guya hansısa layihələr həyata keçirilib. Bu işlə ən ciddi məşğul olanlar sırasına Müsavat və AXCP başçılıq edir.
Beləliklə, müxalifət partiyaları bir neçə şəxsin özəl şirkətinə çevrilib. Maliyyə qeyri-şəffaflığı və avtoritar idarəetmə prinsipinin tətbiqi partiya üzvlərinin rəhbərliyə inamını azaldır. Bu da sonda partiyaların sürətlə boşalmasını stimullaşdırır.
Durumu nəzərdən keçirdikdə meydana bir sual çıxır: nədən bu adamlar hələ də siyasi meydanda çığır-bağır salıb hakimiyyət davası döyürlər? Məntiqlə düşünəndə, belə çıxır ki, liderlər sadəcə oyun oynayırlar. Məqsəd həmişə dediyimiz kimi eynidir- özünü xarici dairələrə real müxalifət qurumu və siyasi güc mərkəzi kimi göstərmək və bununla da ölkəyə axan qrantları ələ keçirmək.
Prosesləri analiz etdikdə, ölkədəki siyasi partiyaların nədən şəffaf fəaliyyət göstərməməsi, xalqa hesabat verməməsi və maliyyə mənbələrini açıqlamaması məlum olur. Zatən buna ehtiyac da yoxdur. Olmayan fəaliyyəti, olmayan üzvlərin sayını necə açıqlamaq olar?
Maliyyə mənbələrinin isə heç açıqlanmağına ehtiyac belə yoxdur. Nədən ki, "qrant" adlandırılan bu çirkli paraların Azərbaycana düşmən qüvvələr tərəfindən "hədiyyə" edildiyi hər kəsə məlumdur. Lakin bu pulları batmış hesab etmək olar. Çünki çirkli olduğuna, görə həmin əsginazlar Azərbaycanda heç bir işə yaramır.