"Azadlıq" partiyasının sədri Əhməd Oruc deyəndə ki, AXCP (i) birlik tərəfdarı deyil, cəbhəçilər onu hoydu-hoyduya götürürlər. Ancaq xoruzun quyruğu görünəndə cəbhəçilər deməyə bir söz də tapa bimədilər.
Nəhayət ki, AXCP (i) təmsilçiləri Müsavatla yaradacaqları birlikdə "DUİ"-ni görmək istəmədiklərini bəyan etdilər. Min bir sifət sahibi olan Əli Kərimovla İsa Qəmbərov elə sifət göstərdilər ki, guya ittifaqdakıların elə bu birlikdə olmaları üçün ürəkləri gedirdi...
Xüsusilə də "Azadlıq" blokunu darmadağın etdikdən sonra hər iki simasızlar (bunu biz yox, müxalifət sirdaşlarınız deyir) AXCP (i) ilə Müsavatın seçkiyə bir blokda gedəcəyi ilə bağlı xəbər yayılandan "Demokratiya Uğrunda İttifaq"ın da bu birliyə qoşulacağı söylənilirdi. Bəlkə də, Müsavat buna ikiəlli razı olardı, amma AXCP (i)-nin qırımından hiss olunurdu ki, partiya bu işə əvvəlcədən "hə" deməyəcək. Elə "DUİ"-dəkilər də bunu görüb, AXCP (i)-nin birlik tərəfdarı olmadığını deyirdilər. Axır ki, "mıs-mısın Mustafası" bəlli oldu və AXCP (i) rəsmiləri "örtülü bazar dostluğu pozar" deyib, "DUİ"-ni yeni birlikdə görmək istəmədiklərini açıqca söylədilər.
AXCP (i) sədrinin müavini Nurəddin Məmmədli indiki məqamda "DUİ"-nin AXCP (i)-Müsavat birliyində olmasını əlverişli saymır. Əsaslandırması da var: "Partiyaların birliyində daha çox siyasi qurum təmsil olunanda, diferensiallaşma çətinləşir və mübahisələr artır".
Müsavatda isə AXCP (i)-dən fərqli düşünürlər. Məsələn, bu partiya seçki blokunun yaranmasına və maksimum dərəcədə seçki dairələrindən müxalifət qüvvələrinin vahid namizədlərinin müdafiə olunmasına çalışır və bunu da gizlətmir. Belə ki, Müsavat "DUİ" ilə bir sıra dairələri razılaşdırıb və bu razılaşmaya da sadiq qalacağını açıqca deyir. Bu isə dolayısı ilə Müsavatın "DUİ"-ni də yeni birlikdə görmək anlamına gəlir.
Qəribə mənzərə yaranır. Görünür, "siyasi günvurmadan" baş gicəllənməyə düşən "hiyləgər siaysət liderləri" növbəti çirkin niyyətlərini həyata keçirmək istəyir. Qəribə səslənir - Müsavatın "DUİ"-ni yeni birlikdə görməsi... Bu məsələyə mat-məəttəl qalan Əhməd Oruc bildirir ki, açığı, "DUİ"-nin AXCP (i)- Müsavat birliyinə qoşulması məsələsinin hardan qaynaqlandığını bilmir: "Amma bildiyim odur ki, heç ittifaqdakı partiyalar da bu birlikdə olmaq üçün dəridən-qabıqdan çıxmırlar. Düzdür, "DUİ" birliyi müsbət dəyərləndirir, hesab edir ki, bu, müxalifətin maraqları naminə gərəklidir. Üstəlik, qarşı tərəfdən onlara birliyə qoşulmaq təklifi olarsa, bunu müzakirəyə çıxarmağa hazırdırlar. Amma ittifaq başbilənlərinin bu birlikdə təmsil olunması üçün AXCP (i) ilə Müsavata müraciət edəcəyini heç kəs gözləməsin.
"Ümid" partiyasının sədri İqbal Ağazadə də Əhməd Orucun fikirləri ilə razılaşlığını söyləyir: "Qeyd edirəm ki, nəinki partiyalar birləşəcək, hətta seçki bloku da yaranmayacaq. Çox təəssüflər olsun".
Səbəbini açıqlayan İ.Ağazadənin sözlərinə görə "əqidəsizlərlə satqınlar, daha doğrusu, əks qütblər birləşə bilməzlər". Bu baxımdan da, öz liderinə satqın olanların birliyindən danışmaq absurddur".
İ.Ağazadə Azərbaycan siyasətinə kənardan gəldiyini söyləyir: "Pənah Hüseynovun öz deyimi ilə deyim. Səni vurmağımızın tək səbəbi var. Bunu tək mənim yanımda yox, bir neçə nəfər müxalifətçinin yanında deyib. Deyib ki, ortada bir müxalifət kökəsi var. Sən gəlib elə bir səviyyəyə çatmısan ki, gəlib o kökəni bütövlükdə götürmək istəyirsən. Bizim burda çəkimiz, yerimiz var. Hər kəs yalnız bizim icazəmiz olaraq götürə bilər. Xeyir ola, biz iddialarımızı gerçəkləşdirməmiş, yeni bir adam çıxsın ortaya?"
Ey dağınıq düşərgənin bədbəxt sakinləri, bax, budur reallıq!