Saxta birliklərin saxta liderləri
Bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə bir neçə ay qalıb. O baxımdan, parlament seçkisinə ciddi hazırlıq prosesi getsə də, müxalifət öz ənənəvi ampluasına sadiq qalaraq bu hazırlığı adət etdiyi formada aparır.
Bir də, seçkiöncəsi, nəinki hazırlıq prosesi aparan, ümumiyyətlə, bu barədə öz nəzarətlərindəki qəzetlərdə danışmağı belə özünə "rəva bilməyən" düşərgə təmsilçilərinin, əslində, deməyə sözü də yoxdur. Çünki bu ölü sükutu şərtləndirən bir neçə səbəb var. Belə ki, uzun illərdir seçkiyə hazırlıq prosesini yalnız pafoslu fikirlərlə, yalanlarla pərdələmək istəyən müxalifət artıq dərk edir ki, bu seçkilərdə də pozucuqları baş tutmayacaq. Çünki cəmiyyət açıq şəkildə görür ki, hər hansı bir problemin aradan qaldırılması istiqamətində proqrama malik olmayan, yalnız partiyadaxili xırda intriqalarla gündəmdə qalmaq istəyən, milli maraqları şəxsi mənafeyə qurban verən müxalifət qüvvələri, müəyyən maddiyyatın qarşılığında, hətta dövlətin imicini fikirləşmədən hansısa xarici siyasi qüvvənin əlində oyuncağa çevrilməyi belə "bacarır". Müxalifətin ən böyük problemi inkişafa meyil etməməsi, yalnız avtoritar partiya strukturlaşmasına üstünlük verməsidir. Məhz bu cür prinsipsizlik, şəxsi mənafe uğrunda mübarizə, korporativ maraqlar son nəticədə partiyaların özlərinin sıradan çıxmasına, insanların, hətta illərlə bu təşkilatlarda təmsil olunan funksionerlərin üz döndərməsi, oradan uzaqlaşması ilə yekunlaşır. Artıq həmin şəxslər də anlayır ki, bu düşüncə tərzi, bu cür mübarizə yolu ilə heç nəyə nail olmaq mümkün deyil. Müxalifətin bəlkə də ən böyük problemi məhz öz düşüncə tərzini dəyişməmək, reallıqları görməzlikdən gəlməkdir.
"MBH" lideri Lalə Hacıyeva da müxaliəft düşərgəsində qeyri-sağlam mühitin olduğunu söyləyib: "Mənəm-mənəm" deyənlər həmişə seçkiöncəsi guruldayır, sonra da sabun köpüyü kimi partlayır. Elə buna görə də, müxalifətin zəifliyi çox vaxt belə iddialardan yaranır". Funksionerlərin düşərgəyə olan inamının azaldığını deyən L.Hacıyeva müxalifət içərisində sivil münasibətlər sisteminin olmadığını, bu mühiti yaradan AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İ.Qəmbərovun mədəniyyətdən və demokratiyadan xəbərsiz olduğunu bildirib. Nə deyirik, bunu ki, sizlər deyirsiniz. Ona görə də, müxalifət bu mədəniyyətə malik olmadığı üçün sizlər iqtidara normal opponent kimi yox, düşmən kimi baxır. Ancaq bir məqamı da qeyd etmək lazımdır ki, müxalifət öz içində həmişə bir-birinə düşmən kimi baxıb.
"MBH" lideri düşərgədə yaranmış inamsızlığın səbəbkarları hiyləgər Müsavat başqanı ilə mənəviyyatsız "Yurd" şefinin olduğunu da deyib: "Namərdlik edənlərlə heç 5 kilometr də yol getmərəm" fikrini söyləyən L.Hacıyeva nə bu seçkidə, nə də bundan sonra onlarla bir masa arxasında əyləşməyəcəyini də bildirib. Nə deyirik? Hər şeyi zaman göstərər.