Müxalifət liderləri yenə də ənənəvi amplualarında...
Həmişə olduğu kimi, bu seçkilərdə də müxalifət təşviş içərisindədir. Dünən ATƏT-in Bakı ofisinin keçirdiyi toplantıda bunu bir daha şahidi olduq. Çünki artıq hiss edirlər ki, onları növbəti uğursuzluq gözləyir. Səbəb isə, hər birinin "ağa olmaq" istəyidir. Ancaq buna nə razı olan var, nə də təkbaşına mübarizə aparmaq üçün də kifayət qədər elektoratı, maliyyəsi və təşkilati imkanları. Nəinki bir partiya, hətta bir blokda birləşmiş bir neçə partiya belə ciddi güc mərkəzinə çevrilə bilmir. Anlaşılan odur ki, əvvəlki seçkiləri uduzan müxalifət özünə təsəlli vermək üçün heç olmasa qarşıdakı parlament seçkilərində müəyyən yer qazanmaq istəyir. Ancaq düşərgədə radikallar vəziyyəti elə bir hala salıblar ki, heç bu seçkilərdə də uğurlu çıxmağa əl yeri qoymayıblar. Elə bu vəziyyətdən çıxış yolunu dünən ATƏT-in Bakı ofisinin keçirdiyi tədbirdən bəhrələnmək üçün, "mehriban düşmənlər"in çıxışları da sübut etdi. Danışdılar. İlk öncə ADP sədri Sərdar Cəlaloğlu sözə başladı. Özü də necə. Ən gülünc vəziyyət o idi ki, dünənə kimi həmkarlarının ünvanına qurşaqdan aşağı nə varsa "hədiyyə" edən S.Cəlaloğlu dəyirmi masada "mehriban düşmənlər"inə "dostluq" mesajı ünvanladı. Lakin üz-üzə oturan Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimovun, görünür, bu mesajdan o qədər də xoşları gəlmədiyi üçün hər ikisi başını ağır halda yelləyərək "heç olmasa, burada olmayan üzünü göstər" demək istədilər. Ancaq S.Cəlaloğlu hər iki liderə əhəmiyyət vermədən "əsl müxalifət mənəm" fikrini belə bildirdi: "Əsas diqqəti başımıza açdığınız mətbuatınızın hansı problemlərlə yaşadığından danışın". S.Cəlalolğu cəmiyyətin, narazı elektoratın Ə.Kərimovla İ.Qəmbərovun razılaşmasından bezdiyini bildirmək istəyirdi.
Müsavat partiyasının sədri İsa Qəmbərov isə S.Cəlaloğluya bildirmək istədi ki, "noyabrda keçiriləcək parlament seçkilərində xalqın öz seçimini edə bilməsi üçün hər cür qanunsuz aksiyalara gedəcəyik. Uduzan sən olacaqsan".
AXCP (i) sədri Əli Kərimov isə bütün günahları kütləvi informasiya vasitələrinin üzərinə qoydu. Bu heç də təəccüblü deyil. Müxalifət liderləri öz ənənəvi amplualarından çıxış etməyə adət ediblər. "Azərbaycanda seçkilərin keçirilməsi üçün demokratik atmosfer yoxdur. Hökumət mitinqlər keçirilməsi üçün, hakim partiya və müxalifətdən olan namizədlər üçün bərabər imkanlar yaratmalıdır" fikrini söyləyən Ə.Kərimov qanun tələb etdiyi halda, hansı səbəbdən qanuna tabe olmaq istəmir? Çünki yaxşı bilir ki, Azərbaycanda seçki prosesi çox şəffaf və demokratikdir, bütün namizədlər üçün bərabər şərait yaradılıb. Bütün partiyalar üçün eyni şərait yaradılıbsa, müxalifət partiyalarına yaxın olan mətbuatın artıq seçki elan edilmədən "qara piar"a başlaması onların hər seçkiöncəsi ənənəvi amplualarından çıxış etməsini təsdiq etmirmi?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə Ə.Kərimov, İ.Qəmbərov və S.Cəlaloğlunun böhtan fikirlərini cavabsız qoymadı: "Bu gün demokratiyadan danışan bu kəslər, görəsən, seçki öncəsi böhtan kampaniyalarından niyə əl çəkmirlər? Bu böhtan kampaniyası mətbuatda, özünü real müxalifət adlandıran qəzetlər tərəfindən aparılmır ki?"
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da, öz növbəsində, sözünü dedi. Bildirdi ki, seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hökumət səy göstərir. O, seçkilər başlamamışdan öncə, bəzi media qurumlarının heç bir mənbəyə əsaslanmayan proqnozlar vermələrini bir daha radikalların öz uğursuzluqlarını qabaqcadan "malalamalarını" yozduğunu bildirdi.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə diqqəti daha çox seçki dövründə aparılan böhtan kampaniyalarına yönəltdi. Partiya sədri bildirdi ki, böhtan kampaniyaları müəyyən namizədlərin iştiraklarına sonradan problem yaradır: "Bu, xüsusilə, AXCP (i) və Müsavta partiyalarının nəzarətində olan media orqanlarında gözlənilir".
Göründüyü kimi, iqtidarın nüfuzunun daha da artması düşərgəni yaman çaxnaşmaya salıb. Başqa cür də ola bilməz. Çünki Azərbaycandakı mövcud siyasi situasiyanı və potensial namizədlərin reytinqini beynəlxalq təşkilatlar və xarici diplomatlar da etiraf edəndən sonra müxalifət ölü toyuğa dönüb.