Radikal müxalifət daxilinə gərginlik şəxsi müstəviyə keçib
Müxalifət daxilində seçki dairələrinin razılaşdırılması prosesində gərginlik davam edir. Ölkəmizdə keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətlərdən sonra 2010-ci ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsi əsasən iki partiyanın- AXCP (i) və Müsavat üzərində qurulması düşərgə daxilində kütləvi narazılıqların ortaya çıxmasına zəmin yaradır. Hər iki radikal partiyanın liderlərinin ardıcıl görüşlər keçirməsinə baxmayaraq, hələ ki, bəzi dairələrdə "vahid namizəd"lərini müəyyənləşdirmək mümkün olub. Parlament seçkiləri yaxınlaşdıqca radikal müxalifət daxilində qeyri-müəyyənlik, prosesdə iştirakla bağlı birmənalı mövqe formalaşmaması düşərgə daxilində tüğyan edən münasibətlərin nəticəsidir ki, tərəflər arasında gərginlik şəxsi müstəviyə keçib. Lider xarizması üzərində köklənən "demokratlar" Müsavat və AXCP (i) rəhbərlərinin siyasi qərarlarına məhəl qoymur, öz arzu və istəklərinə uyğun olaraq konyuktur prinsiplərin üzərində çalışırlar.
Eyni siyasi çətir altında fəaliyyət göstərməyə çalışan radikalların prosesdə iştirak etməyə qərarlı olan siyasi partiya təmsilçiləri arasında yaranan anlaşılmazlıq seçki öncəsi şəraiti dəyişir. Partiya təmsilçiləri ayrı-ayrı mətbuat səhifələrində verdikləri açıqlamalarla bir-birilərini ifşa etməkdədirlər. Düşərgə daxilində müzakirələrin əsasını təşkil edən - AXCP (i) ilə Müsavat "birləşməsi", parlament seçkilərində əməkdaşlıq, yaxud bir blokda birləşmək ideyası ətrafında spekulyasiyalar edən Əli Kərimovun ətrafına başqan İsa Qəmbərovun cavabı birmənalı olub. Razılaşdırılmış dairələrin sayının artacağı hər iki partiya tərəfindən bəyan edilsə də, artıq indidən məlumdur ki, bir sıra dairələrdə anlaşma mümkün olmayacaq. Bu barədə "Yeni Müsavat" qəzetində "iki partiyanin çözə bilmədiyi problem" başlıqlı məqalədə qeyd edilir ki, həmin dairələrdən namizədliyini irəli sürməyi planlaşdıran müsavatçılarla cəbhəçilər geri çəkilmək fikrindən deyillər: "Maraqlıdır ki, bu vəziyyət daha çox partiyaların funksionerlərinin namizəd olmaq istədiyi dairələrdədir. Məsələn, 29 saylı Səbail seçki dairəsindən Müsavatın namizədi başqan müavini Mehman Cavadoğlu, AXCP (i)-nin namizədi Həsən Kərimovdur. 26 saylı Sabunçu seçki dairəsindən Müsavatdan namizəd başqan müavini Tofiq Yaqublu, AXCP (i)-dən isə sədr müavini İbrahim Vəliyevdir. 8 saylı Binəqədi seçki dairəsindən Müsavatın namizədi başqan müavini, hazırda həmin dairənin deputatı Arzu Səmədbəyli, AXCP (i)-nin namizədi isə sədr müavini Razi Nurullayevdir. Adıçəkilən şəxslərin iddialarından geri çəkilmək istəmədikləri mətbuata açıqlamalarından görünür. Onların hər biri məhz özünün daha şanslı olduğunu iddia edir. Daha bir neçə də dairə var ki, bənzər vəziyyətdir. Belə dairələrdə, hələ ki, partiyalar yekdil fikrə gəlməyiblər".
Millət vəkili Arzu Səmədbəyli hesab edir ki, Müsavatdan 8 saylı dairədən "vahid namizəd" kimi o nəzərdə tutulub. AXCP (i)-dən R.Nurullayevin 2005-ci il parlament seçkisində də həmin dairədən onun rəqiblərindən biri olduğunu xatırladan A.Səmədbəyli bildirir ki, həmin vaxt Nurullayev orada olan 26 namizəd içərisindən 9-cu yeri tutub: "Heç bir siyasi partiyanın dəstəyini almayan namizədlər belə R.Nurullayevdən xeyli çox səs toplayıb. Əslində, iddia qoymaq normaldır, amma qarşıdakının fikrini öyrənmədən, onunla danışmadan ictimai müzakirə aparmaq etik cəhətdən doğru deyil. Bu, həm siyasi naşılıqdır, eyni zamanda, ədəb qaydalarına uyğun deyil. Razi Nurullayevin isə məndən daha çox səs alacağını və mənə qalib gələ biləcəyini düşünmürəm".
Mətbuata verdiyi açıqlamada R.Nurullayev də bu iddiasından geri çəkilmək niyyətində olmadığını bildirərək özünün normal şəkildə iddiasını ortaya qoyduğunu təsdiqləyib. Müsavat Partiyası ilə AXCP (i)-nin liderlərinin namizədlərin toqquşması problemini necə yoluna qoyacaqlarına gəlincə, Müsavat başqanı İsa Qəmbərov bu məsələ ilə bağlı suala konkret cavab verməkdən yayınaraq, problemlərin mətbuat vasitəsilə masa arxasında həll olunmalı olduğunu vurğulayıb. AXCP (i) sədri Əli Kərimov isə "Azadlıq" radiosuna bu mövzuda danışarkən problemin ciddi olduğunu etiraf edib: "Bir çox dairələr var ki, orada bizim tanınmış, özünə inanan və layiq bildiyimiz namizədlər toqquşurlar. Eyni dairədən namizəd olurlar. Belə dairələr təəssüf ki, var və çoxdur. Amma bir neçə dairədə hər iki namizəd çox israr etsə, onlara yarışma fürsətini tanıyacağıq".