PDF Oxu

Müxalifət

  • 12

Düşərgədə "qara piar" radikalların özlərini parçalayacaq

Düşərgədə "qara piar" radikalların özlərini parçalayacaq
Müxalifət düşərgəsində seçkiqabağı yenə də növbəti oyunlar başlayıb. ADP sədri Sərdar Cəlaloğlu bu oyunun əsas səbəbkarının Müsavat partiyasının başqanı İsa Qəmbərov olduğunu söyləyib: "Siyasi partiyalara qarşı apardığı "qara piar" kampaniyası İsa Qəmbərovun seçkiqabağı taktikasının tərkib hissəsidir. Məqsəd də mümkün qədər Müsavatı müxalifətüstü bir güc mərkəzinə təqdim eləməkdən ibarətdir". S.Cəlaloğlunun sözlərinə görə, bu taktikanı həyata keçirmək üçün müsavatçılar tərəfindən müxtəlif partiyalara, müxtəlif liderlərə qarşı ən müxtəlif "qara piar" aparılır: "İlk olaraq bu kampaniya "Ümid" partiyasının sədri İqbal Ağazadəyə, ALP lideri Lalə Hacıyevaya və "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevə qarşı aparılır. Ən acınacaqlısı isə İ.Qəmbərovun səviyyəsiz düşüncəsidir. O, elə zənn edir ki, başqa müxalifət partiyalarını nə qədər nüfuzdan salsalar, nə qədər həqiqi bir müxalifət qüvvəsi kimi təqdim etməsələr, bir o qədər Müsavat daha müxalif, daha radikal, daha qüsursuz, iqtidarla bəlli bir məsafədə olan partiya kimi görünə bilər. Ancaq cəmiyyət kimin kim olduğunu çox yaxşı görür və bilir". AXP sədri Pənah Hüseynov da S.Cəlaloğlunun sözləri ilə həmfikir olduğunu bildirib. P.Hüseynov aparılan "qara piar" siyasətində digər bir məqama da aydınlıq gətirərək bildirib ki, müxalifətdə birliyin olmaması üçün Müsavat belə bir oyun aparır: "İndiki şəraitdə müxalifətin seçki ilə əlaqədar maddi və digər resurslarının səmərəli istifadəsi üçün belə bir birlik lazımdır. Birlik olmasa, təbii ki, bu, seçkilərin nəticələrinə mənfi təsir göstərəcək. Seçki ərəfəsində bir sıra müxalifət partiyaları birləşmək yolunda danışıqlar aparsalar da, birliyə nail ola bilməyiblər. Görünür, seçkilərə qədər "qara piar" oyununu aparan Müsavat başqanının çirkin əməlləri müxalifəti növbəti dəfə də məğlubiyyətə düçar edəcək". "Ümid" partiyasının sədri İqbal Ağazadə isə Müsavat başqanı İsa Qəmbərovu dezinformasiyalarla Azərbaycan müxalifətinin və seçicisinin taleyini bərbad hala salmaqla demokratik prinsiplərə zidd hərəkət etdiyini söyləyib. İ.Ağazadə İ.Qəmbərovun bu iyrənc oyunları nəticəsində müxalifətin siyasi meydanı tamamilə tərk edəcəyini bildirib. Onun sözlərinə görə, 2010-cu il seçkiləri öncəsi İsa Qəmbərovun bu çirkin oyunlarından sonra düşərgə təmsilçiləri arzularına çata bilməyəcəklər.

Digər xəbərlər