Əli Kərimov İsa Qəmbərovu Lalə Hacıyevaya qarşı yönəldir
Son zamanlar əksər radikal müxalifət partiya rəhbərləri payızda keçiriləcək parlament seçkiləri ərəfəsində böyük qarşıdurmaların yaranmasına şərait yaratmış olublar. Mövcud problemlərin başında isə, həmişə olduğu kimi, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva dayanır. Çünki bu şəxslər siyasət adı altında ən çirkin işlərlə məşğuldurlar. Məhz belə bir məqamda onların özlərinin qarşı-qarşıya dayanması gözlənilən proseslərdən hesab olunur. Payızda keçiriləcək parlament seçkilərində bu və ya digər formada "birlik" yaratmaq cəhdlərinin boşa çıxacağına əmin olan müxalifət yetkililəri son anda bir-birini tam formada zərərsizləşdirib prosesə diqqəti cəlb edən formada qatılmaq istəyirlər. Bu isə, öz növbəsində, düşərgə daxilində mövcud problemlərin daha açıq şəkil almasına imkan yaratmış olur. İlk növbədə, xatırlamaq lazımdır ki, müxalifət düşərgəsində "hegemon"luq arzusunda olan Müsavat başqanı İ.Qəmbərov qarşısında maneçilik yarada biləcək bütün məsləkdaşlarını müxtəlif formada zərərsizləşdirməyə çalışıb. Bu ilin əvvəlində başqanlıqdan gedəcəyi barədə məlumat verən İ.Qəmbərov son anda niyyətini müəyyən səbəblərə görə dəyişmək məcburiyyətində qalmalı olub. Məhz ardıcıl olaraq xarici ölkələrdə səfərlərdə olan İ.Qəmbərov almış olduğu yeni göstərişlər müqabilində yenidən hərəkətə keçməyin vacibliyinə qərar verib. Amma onun vermiş olduğu qərarını dəyişməsi də Müsavat daxilində qızğın münaqişələrin yaranmasını zəruri edib. Artıq İ.Qəmbərovun başqanlıq etdiyi qurumda baş verən münaqişələr daha açıq xarakter almaqdadır. İ.Qəmbərovun rəhbərlik etdiyi partiyası daxilində olan problemlərdən diqqət yayındırmaq üçün kənarda bir münaqişə, konflikt yaratmağa da nail olub. Beləliklə də, bu ilin əvvəlindən aralarındakı söz-söhbəti daha da şişirtməklə, sözün əsl mənasında, qarşıdurma yaratmağa səy göstərən İ.Qəmbərov sonda buna nail olmağı da bacardı. "Azadlıq" blokunu tamamilə sıradan çıxarmağa nail olan İ.Qəmbərov, hətta bu təşkilata havadarlıq edən "MBH" lideri L.Hacıyevanı agent kimi qələmə verərək, onu rəzil hala salmağı da planlaşdıraraq, nəhayət, diqqəti partiyasından uzaqlaşdırmağa nail olub. Eyni zamanda, başqan bu proseslərin ardınca "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevi də şərəfsizlikdə, satqınlıqda günahlandıraraq, onu zərərsizləşdirməyi planlaşdırmışdı. AXCP (i) və onun sədri Ə.Kərimovun Müsavata tabe edilməsi isə İ.Qəmbərovun mənfur niyyətinin gerçəkləşdirilməsinə xidmət edib.
Məhz ən mənfur və çirkin əməllərdən yararlanan İ.Qəmbərov "Demokratiya Uğrunda İttifaq"a "ağalıq" edən Mirmahmud Fəttayevi də L.Hacıyevanın üzərinə qaldırıb. Bunun davamı kimi, "Azadlıq" partiyasının sədri Əhməd Orucov da L.Hacıyevanın üstünə göndərən İ.Qəmbərov məqsədinə nail olmaqdan ötrü nə qədər çirkin işlərə əl atdığını bir daha nümayiş etdirmiş oldu. Bütün bunlar isə, onu göstərir ki, müxalifət düşərgəsində olanlar və olacaqlar böyük bir fəlakətin yaxınlaşmasını zəruri edir. Amma bu fəlakətdən hansı müxalifət partiyasının salamat çıxacağı isə sual altındadır.