Etibar Məmmədov da deputat olmaq eşqinə düşüb
Radikal düşərgədə bazar və küçə prinsipləri ilə idarə olunan partiya və təşkilatlar zamanın gerçək qərarından qurtula bilmirlər. Çünki mövcudluq və reallıq anlayışı radikal müxalifətin sonunu günbəgün, anbaan yaxınlaşdırır.
Bu mənada, siyasi etika və mədəniyyət sahibi olmayan şəxslərin müxalifətçilik adı altında bazarlıq etmələri hər kəsə bəllidir. Mövcud ictimai-siyasi mühit, zəruri predmetlər müxalifət düşərgəsində "siyasət" adı altında şəxsi ambisiyalarını güdən radikal yetkililərin bütün eyiblərini cəmiyyət üçün açıq etmişdir. Elə bu səbəbdən də radikal düşərgədə zaman-zaman baş verən yarpaq tökümü mahiyyət etibarı ilə həmin predmetin məntiqi ardıcıllığı kimi qiymətləndirilir. Qiymətlərlə və bazar müstəvisində öz şəxsi keyfiyyətlərini itirmiş müxalifət yetkililərindən olan AMİP lideri gerçəkliyin gözünə yanakı baxmaqla "siyasətdən ticarətə keçid üçün dönüş yaratmış siyasətçi" imici formalaşdırdı. Hər kəs radikal müxalifət düşərgəsində olan siyasi yetkililərin hələ də yetişməmiş düşüncələri müqabilində Etibar Məmmədovun yolunu gedəcəklərini proqnozlaşdırırdılar. Səbəbləri və izahatları həmişə bol olan, lakin düşüncəsizlik sindromundan hələ də qurtula bilməyən siyasi yetkililər üçün bu düşərgədə qalmaq, deyəsən, açıq bazarlıq etməkdən daha məqbul hesab edilir. Çünki zaman-zaman özlərini müxalifətin "anası", "atası", "xalası" və sairə kimi göstərməyə cəhd edən düşüncəsiz siyasətbazlar tutduqları mövqedən uzaqlaşmamaq məntiqini həmişə özləri üçün məqbul variant sayıblar. Ona görə də, AMİP liderindən sonra radikal düşərgədə həm partiya lideri, həm də ticarətlə məşğul olmaq prinsipi gündəmdə qalmaqdadır. Görünür, AMİP-i şəxsi maraqları naminə xərcləyib qurtarmış E.Məmmədov üçün yeganə çıxış yolu kimi dəyərləndirilən siyasətdən-ticarətə keçid mərhələsi bir çoxlarını yaman şirnikləndirmişdir. Amma məsələnin əsas mahiyyəti ondan ibarət idi ki, E.Məmmədov siyasətdən-ticarətə birdəfəlik keçid etdiyini açıqlamamaqla yanaşı, bir də buralara ayaq basmayacağını da bildirmişdir. Lakin sonradan prosesin üstündən müəyyən vaxtın keçməsi E.Məmmədov üçün də bir daha aydın oldu ki, hər şey quru sözdən ibarətdir. Belə ki, siyasətdən uzaqlaşdıqdan dərhal sonra qonşu Dağıstan, Rusiya və Türkiyə respublikalarında müəyyən ticarət şəbəkələri yaradan E.Məmmədov fırıldaqçılığı və ikiüzlülüyü ilə buradakı dostlarına da kələk gəlməklə xeyli miqdarda çirkli pullar əldə etmişdir. Lap sonralar isə, etmiş olduğu iyrənc işlərin əvvəl-axır üstünün açılacağından ehtiyat edən E.Məmmədov, nəhayət, vətənə üz tutmaq məcburiyyətində qalmalı olub. Onun yaramazlığı və satqınlığından təngə gəlmiş iş ortaqları Bakıya qədər E.Məmmədovu qovsalar da, ələ keçirə bilməyiblər. Bütün bu hoqqabazlıqlardan başını güc-bəla ilə qurtarmağa cəhd edən E.Məmmədov indi də yenidən siyasi arenaya qayıtmaq və deputat olmaq eşqinə düşüb. Doğrudur ki, müxalifət düşərgəsində təmsil olunanlar gecə yatıb səhər başqa bir fikirə düşdükləri üçün E.Məmmədov da onlardan heç nə ilə fərqlənmir. Əgər belə olmasaydı, uzun müddət meyvə-tərəvəz alveri ilə məşğul olan AMİP lideri siyasətə qayıtmaq barəsində qərar verməzdi. Görünür, E.Məmmədovun bu qərarı da müxalifət düşərgəsindəki problemlərin daha da alovlanmasına xidmət edir. Çünki AMİP lideri payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq namizədliyini AXCP (i) sədri Əli Kərimovun namizədliyini irəli sürdüyü dairədən göstərib. Bu isə, öz növbəsində, müxalifət düşərgəsindəki təlatümlü situasiyanın daha da böyüməsini təmin etmiş olub. Ona görə də, tam əminliklə demək olar ki, radikal düşərgədə son zamanlar baş verən bütün uyğunsuzluqlar məhz müxalifətin sonluğunu daha da yaxınlaşdırmış olur. Bu isə, o deməkdir ki, parlament seçkiləri müxalifətin sonuncu "aşırımıdır". Bundan sonrası isə artıq qarşısıalınmaz uçurumdur.