Son zamanlar AXCP (i) ilə Müsavat arasında müəyyən zahiri yaxınlaşma hiss olunur. Əvvəlcə bu məsələdə Müsavat başqanı İsa Qəmbərovun canfəşanlığı daha çox nəzərə çarpırdı. İndi isə AXCP (i) sədri Əli Kərimovun təşəbbüsü ələ almaq istəyi aşkar şəkildə sezilir.
Ənənəvi olaraq maraqları toqquşan, barışmaz rəqiblər sayılan bu iki müxalif partiyanın qəfildən müttəfiqlik və seçkilərdə birgə iştirakın mümkünlüyü barədə bəyanatlar səsləndirməsi ən azı kifayət qədər müəmmalı görünür və müvafiq açıqlamaların səmimiliyi ilə bağlı kifayət qədər ciddi şübhələr doğurur. Bu mənada, hər iki radikal siyasi qurumun vahid namizədlər siyahısı ilə parlament seçkilərində iştirakı və yaxın perspektivdə birləşməsi ideyasının cəmiyyətə sırınması, bununla bağlı müxalifət yönümlü mətbuatda geniş təbliğata start verilməsi heç də təsadüfi deyil. Müvafiq birlik şousunun məğzini, mahiyyətini dolğun ifadə etməkdən ötrü ilk baxışda diqqəti cəlb etməyən, gizli, pərdəarxası məqamları nzərə almaq lazım gəlir.
Əli Kərimov İsa Qəmbərovu aldadır
Burada tərəfləri zorən dil tapmağa vadar edən məqamlardan biri də budur ki, həm Müsavat, həm AXCP (i) təmsilçiləri qarşıdan gələn seçkilərdə uğursuzluğa düçar olacaqlarını yaxşı başa düşürlər. Bu səbəbdən Ə.Kərimovun vahid namizədlər siyahısının müəyyənləşdirilməsi ilə bağlı İ.Qəmbərova həddən artıq güzəşt ə getməsi onun qaçılmaz məğlubiyyətə görə məsuliyyətdən yayınmaq niyyəti ilə izaha edilə bilər. Belə görünür ki, "islahatçılar"ın təmsilçisi Müsavatın namizədlərini "qabağa" verməklə məsuliyyəti də onların boynuna qoymaq istəyir. Vaxtilə o, AMİP-in təmsilçisi Etibar Məmmədovu da eyni üsulla aldatmışdı.
İndi isə AXCP (i) ilə Müsavatı birləşdirməklə "daha böyük" partiyanın sədri olmaq xəyalına düşən Ə.Kərimov bu iddiasını reallaşdırmaq üçün az qala dəridən-qabıqdan çıxır. O, Müsavat başqanı ilə qısa zaman kəsiyində dəfərlərlə görüşməklə belə təəssürat yaratmağa çalışır ki, başqanlıqdan gedəcəyini bəyan edən İ.Qəmbərovun əsil varisi elə özüdür. Tərəflərin hələ razılığa gəlmək niyyətindən çox uzaq olmasına baxmayaraq, o, artıq özünü "birləşmiş Müsavat-AXCP (i) cütlüyü"nün sədri kimi aparır. Bununla bağlı Müsavatın funksionerləri ilə təmaslarını intensivləşdirən Ə.Kərimov onları müxtəlif vasitələrlə öz tərəfinə çəkməyə çalışır. Başqanın müavinlərini separat danışıqlara cəlb edən Ə.Kərimov birinə "birləşmiş" partiyada yüksək vəzifə, digərinə yüksək maaş, başqa birisinə maddi maraqlarının və iddialarının yüksək səviyyədə təmin olunacağını vəd edir.
AXCP (i) yaddan çıxıb
İndi daha çox Müsavat çevrəsində nüfuz qazanmağa çalışan Ə.Kərimov reallıqda sədri olduğu AXCP (i)-ni az qala yaddan çıxarıb. O, hazırda Müsavatın funksionerlərinə daha çox diqqət, xoş münasibət göstərir. AXCP (i) təmsilçilərindən isə tələb edir ki, birləşmə ideyasına xələl gətirə biləgək hər hansı fikirlər səsləndirməkdən, mətbuatda bununla bağlı kəskin ifadələr işlətməkdən mümkün qədər çəkinsinlər. Ə.Kərimovun belə ehtiyatlı davranmasının səbəbi bəllidir. O, bununla öz iddiasının reallaşmasına maneə törədə biləcək bütün mümkün amilləri aradan qaldırmağa, neytrallaşdırmağa çalışır. Başqa sözlə, parlament seçkilərindən sonra "birləşmiş" partiyanın sədri olmaq qərarına gələn Ə.Kərimov öz işini elə indidən asanlaşdırmaq istəyir. O, AXCP (i) mənsublarının onun iradəsinin sözsüz yerinə yetirəcəyini güman edərək əsas diqqətini müsavatçılara yönlədib. Bu isə AXCP (i) təmsilçilərinin təəccübünə və ciddi narazılığına səbəb olub. Onlar Ə.Kərimovu cəbhəçiləri müsavatçıların ayağına verdiyinə görə qınayır, AXCP (i) sədrinə diqqətli olmağı, ölçülüb-biçilən addımlar atmağı tövsiyə edirlər.
Bütün bunların fonunda Ə.Kərimov bir sıra Müsavat mənsublarından - Qubad İbadoğlu, Tofiq Yaqublu, Vurğun Əyyubov, İbirahim İbrahimov, Sülhəddin Əkbər, Nəsiman Yaqublu və digərlərindən dəstək almağa nail olub. Bu şəxslər artıq Ə.Kərimovla sıx əlaqə saxlayır, məsləhətləşir və fəaliyyətlərini onunla razılaşdıraraq koordinasiya edirlər. Ə.Kərimov müxtəlif vasitələrlə İ.Qəmbərovun təsisçisi olduğu "Yeni Müsavat" qəzetini, Rauf Arifoğlu ilə birgə bu qəzetin bütün əməkdaşlarını eyni üsulla öz təsir dairəsinə almağa çalışır. Beləliklə, Müsavat başqanının AXCP (i)-yə yönələn birləşmə təklifi əks nəticə doğuraraq onun sədrlik etdiyi partiyaya qarşı yönəlib. Müsavat daxilində yaranan belə vəziyyət partiyada müəyyən çaşqınlığın və təlaşın yarandığını göstərir. Eyni zamanda, bu, Müsavatda baş verən parçalanmanın ilkin əlamətləri kimi yozula bilər.
Müsavat yenidən parçalana bilər
Ə.Kərimov Müsavatın əksər təmsilçilərini öz tərəfinə çəkməklə İ.Qəmbərova anlatmağa çalışır ki, o, bundan sonra istəsə belə, verdiyi təklifdən geri çəkilə, Müsavatla AXCP (i)-nin birləşməsinə mane ola bilməyəcək. Əks təqdirdə, 10 il əvvəl AXCP-nin başına gələnlər indi Müsavatın başına gələcək ki, Ə.Kərimovun da ən böyük arzusu və istəyi elə budur. İndiyə qədər Müsavatdan AXCP (i)-nin parçalanmasını dəstəklədiyinə görə dəfələrlə əvəz çıxmağa çalışan Ə.Kərimov, əlinə düşən real fürsəti buraxmaq niyyətində deyil. O, yaranmış şəraitdə bütün mümkün vasitələrlə Müsavatla rəqabət müstəvisində qarşı tərəfdən aldığı zərbələrin əvəzini çıxmağa çalışır.
Hazırda İ.Qəmbərovun yaxın ətrafında yalnız 2 Müsavat funksioneri qalıb. Bunların biri Arif Hacıyev, digəri isə Mehman Cavadoğludur. Lakin Ə.Kərimovun şirnikdirici vədləri fonunda onların uzun müddət duruş gətirə biləcəyi inandırıcı görünmür. Artıq tam bəllidir ki, tərəflərin üzdə məmnuniyyətlə razılıq verdikləri bu birləşmə təşəbbüsü əslində gizli rəqabətin yeni müstəvidə davam etdirilməsi deməkdir. Belə ki, İ.Qəmbərov bu təşəbbüsü irəli sürməklə əslində AXCP (i)-ni Müsavatın daxilində əritməyə çalışırdı. Lakin rəqibinin taktiki hiyləsini başa düşən Ə.Kərimov, vəziyyəti qismən də olsa, öz xeyirinə dəyişməyə nail olub.
Köhnə rəqiblərin sifarişli müttəfiqliyi
Uzun müddət açıq siyasi rəqabət müstəvində bir-birilərini sıradan çıxarmağa çalışan bu iki təşkilatın indi ortada olan kəkin ziddiyyətləri asanlıqla dəf edərək birləşməsi qətiyyən real görünmür. İ.Qəmbərov AXCP (i) daxilində baş verən parçalanmanı açıq şəkildə dəstəkləyən bir şəxsdir. İndi vaxtilə qəbul etmədiyi, tanımaq istəmədiyi və mümkün qədər sıradan çıxarmağa çalışdığı AXCP (i)-yə dönə-dönə birləşmək təklif edir. Bu məsələdə xaricdən gələn korporativ sifarişin xüsusi rol oynadığı şübhəsizdir. Belə görünür ki, xarici təzyiq qrupları pulu bu dəfə AXCP (i)-yə veriblər, təşəbbüs göstərməyi isə Müsavata həvalə ediblər. Bu pulları "silməkdən" ötrü isə İ.Qəmbərov israrlı şəkildə "təşəbbüs" göstərir, Ə.Kərimov isə həddən artıq canıyananlıq və canfəşanlıq edir.
Digər tərəfdən, indi həm Müsavatın, həm də AXCP (i)-nin sıraları həddən artıq seyrəlib. Bu mənada, birləşmə baş tutsa belə, bu, müxalifət düşərgəsində kəmiyyət və keyfiyyət baxımından hər hansı dəyişikliyə səbəb olmayacaq. Çünki nə Müsavat, nə də AXCP (i)-nin elektorat, siyasi reytinq, tərəfdarların sayı baxımından vəziyyəti heç də ürəkaçan deyil. Hər iki partiya siyasi cəhətdən pərakəndə və dağınıq durumdadır. Belə vəziyyətdə hər hansı nominal birləşmə nə Müsavatı, nə də AXCP (i)-ni uğursuzluqdan və acınacaqlı məğlubiyyətdən sığortalamır.