Bəzi dövlətlər Ermənistanla bağlı ikiüzlü siyasət yürüdür..
Rusiya və Ermənistan arasında imzalanması nəzərdə tutulan 49 illik hərbi müqavilə regionda təhlükəsizliyə ciddi problemlər yarada biləcək hal kimi dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, avqustun 20-22-də həmin dövlətlərin Sevan ətrafında təhlükəsizliklə bağlı çevik hərəkət qüvvələrinin də qeyri-rəsmi sammiti keçiriləcək. Bütün bunlar göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında səmimi deyil. Bəzi siyasi təhlilçilər ATƏT-in Minsk Qrupunun həmsədri kimi müqavilənin müddətinin uzadılmasının Rusiyanın daxili işi olmasına baxmayaraq, bu həm də Azərbaycanın maraqlarına zidd müqavilə kimi qiymətləndirirlər. "Səs" qəzetinə açıqlama verən politoloq Cümşüd Nuriyev isə bildirdi ki, Rusiya ilə Ermənistan arasında imzalanan müqavilə o qədər də qorxulu deyil: "Amma ermənilər həmin müqaviləyə bir bənd əlavə etmək istəyirlər ki, həmin bənddə göstərilsin ki, Ermənistanın milli təhlükəsizliyi ilə bağlı hər hansı bir təhdid olarsa, Rusiya onun təhlükəsizliyini təmin etsin. Əslində, buna ehtiyac yox idi. Çünki Ermənistan Rusiya ilə həm kollektiv təhüləsizlik müqaviləsində, həm də sərhədlərin birgə qorunmasında, hava hücumunun müdafiə sistemində də saziş imzalayıb". Politoloqun sözlərinə görə, Rusiyanın marağı tək Azərbaycanla bağlı deyil. Azərbaycanı superdövlət kimi görür və Ermənistanın əli ilə Azərbaycana və Gürcüstana təsir göstərməyə çalışır. C. Nuriyev bildirdi ki, bu müqavilə hərbi müqavilədən çox siyasi müqavilədir. Çünki Rusiya 2008-ci il hadisələrindən sonra artıq Gürcüstanda möhkəmlənib və bunu birmənalı şəkildə yeni bir müstəviyə - Ermənistan müstəvisinə keçirtməklə İranın maraqlarına xidmət edir.
Ölkə başçısı cənab İlham Əliyevin çox uğurlu siyasəti erməniləri bir növ iflic vəziyyətinə salıb. Bütün dünyaya bəllidir ki, Ermənistan işğalçı dövlət, Azərbaycan isə, işğala məruz qalmış ölkədir.
C. Nuriyev onu da qeyd etdi ki, "907-ci düzəliş" ona görədir ki, ABŞ Ukraynanı itirəndən sonra Ermənistanın vasitəsi ilə Azərbaycanı əldə etməyə çalışır. Halbuki Ermənistan Rusiyanın bir əyaləti səviyyəsində dövlətdir, əgər dövlət demək mümkündürsə. ABŞ öz xarici siyasətində müəyyən dəyişikliklər etsə, daha yaxşı olar. Çünki ABŞ-ın xarici siyasəti hal-hazırda çox bərbad vəziyyətdədir. Barak Obama birmənalı şəkildə ermənilərə maddi yarım göstərir. "907-ci düzəliş"lə bağlı yürütdüyü siyasət isə çox uğursuz siyasətdir. B. Obama Azərbaycanın Elçibəyidi. ABŞ həm "907-ci düzəliş", həm Dağlıq Qarabağla, həm də Ermənistanla bağlı çox ikiüzlü siyasət yürüdür. Bu, ikili mövqe deyil, ikiüzlü siyasət adlandırılır.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsinə toxunan politoloq vurğuladı ki, Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimov işğal altında olan torpaqlarımızı müdafiə edərək həlak olmuşdur. Ermənilər hər zaman ölülər üzərində qəhrəmanlıq göstərməyə çalışırlar. Dünya onsuz da erməniləri vəhşi kimi tanıyır. Cenevrə Konvensiyasında ölmüş əsirin meyiti üzərində vəhşilik törədilməsi qəti qadağandır. İşğalçı ölkə rəsmiləri müxtəlif hiyləgər bəhanələrlə cəsədin Azərbaycana verilməsinə əngəllər yaradır. Belə hərəkətlər ermənilərin iç üzünün əsl mahiyyətini oraya qoyur. Bununla dünyaya göstərmək istəyirlər ki, Serj Sarkisyan dövləti təcavüzkar dövlətdir. Bir Azərbaycan əsgərinin bütün Ermənistan ordusunu şoka salan hərəkəti ermənilərdə, həqiqətən də, çox böyük qorxu yaradıb və Mübarizin atdığı addımdan sonra Ermənistan ordusunda kütləvi şəkildə dağılışmalar baş verir. Ermənistanın müdafiə naziri Seyran Ohanyan beş yüksək rütbəli zabiti qovmağa məcbur olmuşdu. Ermənistan müxalifətinin yazılarında göstərilir ki, Azərbaycan Ordusu çox yüksək hazırlıq səviyyəsindədir və Azərbaycanda iki böyük diviziya var və bu diviziya hazır olunandan sonra Ermənistanı alt-üst edəcəkdir.