Əli Kərimovla İsa Qəmbərov razılığa gələ bilmədilər
Bir neçə gündür ki, radikal düşərgədə daha geniş müzakirə mövzusu olan AXCP (i)-Müsavat yaxınlaşmasının tərəfləri artıq bütün çılpaqlığı ilə ictimaiyyət üçün bəlli olub. Tərəflər arasında bir sıra məsələlərdə razılığın əldə olunduğu bildirilsə də, konkret nəticə əldə olunmayıb. Bunun üçün hər iki siyasi partiyanın iradə nümayiş etdirməli olduğunu bildirən ekspertlər əks təqdirdə bu yaxınlaşma barəsində səslənən fikirlərin söz yığınından ibarət olacağını söyləyirlər. Yarı gizlin-yarı aşkar şəkildə keçirilən Müsavat-AXCP (i) rəhbərliyi arasındakı görüşlər də onu göstərir ki, bu əməkdaşlıq, həmişə olduğu kimi, yenə radikal düşərgə daxilində mövcud olan problemləri daha da artıracaq. Çünki bir neçə müddətdir hər iki partiya arasında keçirilən görüşlərdə aparılan danışıqlar onu göstərir ki, müxalifət hələ də yaxınlaşma və əməkdaşlıq əlaqələri qurmaq səviyyəsinə malik deyil. Amma çox təəssüf və təəccüb doğuran məqamlardan biri də ondan ibarətdir ki, bu gün əməkdaşlıqdan və birləşmədən ağız dolusu danışanlar konkret məqamlarda qarşılıqlı güzəştə belə getməyi bacarmırlar. Bu isə, öz növbəsində, radikal düşərgədəki birlik barəsində səslənən fikirlərin, sadəcə olaraq, illüziyadan ibarət olduğunu açıq şəkildə göstərmiş olur. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, bu radikal düşərgədə mövcud olan partiya və təşkilatlar birmənalı şəkildə xarici donorların hesabına öz mövcudluqlarını qorumağa çalışırlar. Məhz bu amil isə radikal müxalifətin birmənalı şəkildə asılılıq səviyyəsini müəyyənləşdirmiş olur. Bütün bunlara baxmayaraq, hələ də, öz mövcudluğunu hiss etdirməyə çalışan radikal qüvvələr istənilən metod və taktika ilə ambisiyalarını gerçəkləşdirməkdə israrlı görünürlər. Əgər belə olmasaydı, Müsavat başqanı İsa Qəmbərov yaşının ahıl vaxtında uşaq kimi ortalığa düşüb müxalifətin birliyindən, yaxınlaşmasından, qucaqlaşmasından, doğmalaşmasından, sonluqda isə dombalaq aşmasından danışmazdı. Görünür, ona havadarlıq edənlər İ.Qəmbərova belə bir tapşırıq veriblər ki, gedin birləşin, gəlin "maaşınızı" artıracağıq. Amma xarici təşkilatlar bu məsələ də, həmişə olduğu kimi, yenə də, yanlışlığa yol veriblər. Onlar radikal müxalifətə birləşmədən başqa, nə tapşırıq veriblərsə, onlar bunu başı üstə deyil, arxası üstə yerinə yetiriblər. Əgər onlar İ.Qəmbərova get, AXCP (i) Əli Kərimovu da götür, "Fəvvarələr" meydanında şortiklə mayallaq, dombalaq aş, axırda da, fontanın altında çimin, tapşırığını versəydilər, bu, onlar üçün lap asan "zadaniya" olardı. Amma görünür, bu küməsi başına uçmuş xarici donor təşkilatların sahibləri İsayla, Əlidən bundan sonra başqa-başqa şeyləri tələb edəcəklər. Baxır onların öz insafına... Çünki sifarişçi onlar olduğu üçün nə hava çalınacaqsa, ona oynamaq isə Ə.Kərimovla İ.Qəmbərovun işidir. Bu bizlik deyil. Burada digər bir ikrah doğuran məsələ də ondan ibarətdir ki, AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov payızda keçiriləcək parlament seçkilərinə birgə qatılmaq məsələsi üstündə neçə gündür ki, baş sındırırlar. Artıq bu yersiz və xeyirsiz müzakirələrin nəticəsində isə məlum olur ki, tərəflər yenə də, konkret razılığa gələ bilməyiblər. Onlar digər məsələlərdə razılığın əldə olunduğunu bildirsələr də, Bakı və Sumqayıt şəhərlərindəki seçki dairələrində maraqlarını bölüşə bilməyiblər. Artıq seçkiyə rəsmi start verilməsinə üç həftə müddətin qalmasına baxmayaraq, müxalifət düşərgəsindəki bu cür anormallıq onların seçkidə əldə edəcəkləri "uğuru" da indidən açıq şəkildə göstərmiş olur. Maraqlıdır ki, AXCP (i) Müsavat partiyaları arasında danışıqların getdiyi ərəfədə Ə.Kərimov tərəfdarları danışıqlar prosesində nəticə əldə etmək üçün "Yeni Müsavat" qəzeti və onun baş redaktoru Rauf Arifoğlu ilə əməkdaşlığın qurulmasının vacibliyini bildiriblər. AXCP (i) sədrinin müavini Razi Nurullayev bildirib ki, R.Arifoğlu ilə müzakirələrin nəticəsində əldə olunacaq göstərici Müsavatla münasibətlərində normal məcraya düşməsini təmin etmiş olacaq. Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi, bu gün radikal düşərgədə baş verən istənilən proses onun sonluğunu daha da yaxınlaşdırmış olur. Çünki tamamilə çirkab içinə batmış radikallar üçün artıq heç bir çıxış yolu qalmayıb. Onların yeganə çıxış yolu inadkarlıq etmədən, ətəklərindəki daşı töküb siyasi arenanı tərk etmələridir. Əgər yaxın vaxtlarda radikallar belə bir addım atmasalar, onaların hansı müsibətlərlə üzləşəcəkləri və özlərini cəmiyyət qarşısında növbəti dəfə gülünc-giryan edəcəkləri qaçılmaz olacaq.