Simasında yaltaqlıq və riyakarlıq gizlənən şəxs - Rauf Arifoğlu
Uzun müddətdir radikal müxalifət düşərgəsində tutduğu postdan bərk-bərk yapışan şəxslər burada iyrənc bir durumun yaranmasını təmin ediblər. Düşərgədə arzuolunmaz şəxslərdən olan bir zamanlar Müsavat başqanına müavinlik etmiş, "Yeni Müsavat" qəzetinin başsız baş redaktoru Rauf Arifoğlu yenidən aktivlik nümayiş etdirməyə başlayıb. Onun bu aktivliyi isə, həmişə olduğu kimi, düşərgədəki rəqiblərini zərərsizləşdirmək məqsədinə hesablanır. Çünki o, artıq siyasiləşmiş, kimlərinsə sifarişinin ünvanı olan bir qəzetin baş redaktorudur.
Onun şəxsi keyfiyyətlərindən bəhs etməzdən öncə, qeyd edək ki, R.Arifoğlu müxalifət düşərgəsində bir sıra partiyalar üçün əməlli-başlı baş ağrısına çevrilib. İş o, həddə çatıb ki, bu günlərdə AXCP (i) Müsavat yaxınlaşmasından söhbət gedildiyi bir halda, hamı bu məsələdə başlıca problem mexanizatoru kimi R.Arifoğlunun olduğunu bildirir. Hətta AXCP (i) sədrinin müavini Razi Nurullayev də, gələcəkdə Müsavat AXCP (i) danışıqlarına birbaşa "Yeni Müsavat" qəzetinin də qoşulmasını təklif edib. Bu onunla izah olunur ki, R.Arifoğlu maraqları təmin olunmadığı bir məsələdə istədiyi kimi hərəkət edir.
Məsələ ondan ibarətdir ki, R.Arifoğlu AXC-Müsavat hakimiyyəti illərində də, ən arzuolunmaz bir şəxs kimi qarşılanırdı. Artıq onu bu işə cəlb edənlər belə, özlərində peşmançılıq hissləri yaşayırdılar. Bir faktı da qeyd edək ki, AXC lideri mərhum Əbülfəz Elçibəyin onu Kələkiyə ziyarətə gəlmiş nümayəndə heyətinin içindən yalnız R.Arifoğlunu geri qaytarması deyilənləri bir daha təsdiqləmiş olur. Məhz bundan sonra R.Arifoğlu rəhbərlik etdiyi qəzetdə AXC lideri barəsində ən təhqiramiz yazılar dərc etdirməyə başladı. Bu hadisədən sonra Ə.Elçibəy ətrafındakılara "mən sizə demişdim ki, qoy Rauf içini təmizləsin, sonra gəlsin" deyə müraciət edib. Amma görünən odur ki, R.Arifoğlu bu cür hallarla çirkab içində ola-ola öz içini təmizləyə bilməyəcək. Saqqal saxlamaqla özünü pəjmurdə göstərməyə çalışan R.Arifoğlu nəyə və kimə xidmət etdiyini özündən başqa heç kəs bilmir. Onun bilinən, görünən tərəfi ondan ibarətdir ki, R.Arifoğlu istənilən halda maraqları naminə ən iyrənc oyuna getməyə belə hazırdır. Oyunun isə iki tərəfi olur. Bir tərəfdə R.Arifoğlu, digər tərəfdə onun asılı olduğu donor təşkilatlar və rəhbərlik etdiyi qəzetdə sifarişli yazıları dərc etdirənlər dayanır. Bu isə əsl siması məlum olan R.Arifoğlunun bəzən aşkar və gizlin tərəfidir. Onun özü kimi gözə görünməyən tərəfləri isə Türkiyənin İstanbul şəhərindəki macəraları ilə bağlıdır. Daima macəraları sevən R.Arifoğlu üçün bu şəhərin xüsusi özəlliyi var. Çünki onun İstanbulun Laləli adlanan guşəsində etmiş olduğu hoqqabazlıqlar bu gün də, dillərdən düşmür. Amma maraqlısı ondan ibarətdir ki, R.Arifoğlu saqqalına sığışmayan işlərdən usanmayınca onu şəriət bağışlamayacaq. Gerçəklik və zaman prinsipi isə hər şeyin hakimidir. Elə ona görə də, R.Arifoğlu kimi siması qaranlıq şəxsləri zaman öz mühakiməsində gerçək prinsiplərlə dar ağacına çəkəcək.