PDF Oxu

Müxalifət

  • 16

O dairə sənin, bu dairə mənim...

O dairə sənin, bu dairə mənim...
Sözdə birləşmək niyyətindən danışan AXCP (i) ilə Müsavat təmsilçilərinin reallıqda heç cür ortaq məxrəcə gələ bilməməsi radikal düşərgədə təzadlı vəziyyət yaradıb. Bir qədər əvvəl AXCP (i)-yə Müsavatla birləşməyi təklif edən Müsavat başqanı İsa Qəmbərov indi qarşı tərəfi azı 6 ay gecikməkdə suçlayır, AXCP (i) sədri Əli Kərimov isə bunun müqabilində Müsavata yalnız 30 dairədə güzəştə gedə biləcəklərini söyləyir. AXCP (i)-nin qarşı tərəfə bu 30 dairənin siyahısı təqdim etməsi, zahirən qarşı tərəfə edilən jest kimi görünsə də, əslində, bu jestin arxasında müəyyən incə məqamlar gizlənir. Məsələn, bununla "islahatçılar" şərti müttəfiqlərinin nəzərinə çatdırmaq istəyirlər ki, digər 95 seçki dairəsində Müsavata güzəştə getmək niyyətində deyillər. Digər tərəfdən, bu, o deməkdir ki, real namizədləri olmasa belə, onlar əksər dairələrdə Müsavata hər hansı şəkildə güzəştə getmək niyyətində deyillər. Eyni zamanda, "islahatçılar"ın "DUİ"-nin maraqlarını hər hansı şəkildə nəzərə almaq istəməməsi Müsavatı çıxılmaz vəziyyətə salır. Belə vəziyyətdə Müsavat, doğrudan da, "iki qapı arasında" qalıb. "DUİ" ilə AXCP (i)-nin razılığa gələ bilməyəcəyi təqdirdə isə, Müsavatın iki qat seytnot vəziyyətinə düşəcəyi aydın görünür. Müsavatçıların bu siyahını sükutla qarşılamasını isə, indiki halda, heç də razılıq əlaməti kimi qiymətləndirmək mümkün deyil. İ.Qəmbərov bununla bağlı açıq şəkildə qeyd edir ki, Müsavatın "DUİ"-nin qarşısında seçki ilə bağlı müəyyən öhdəlikləri var və təmsilçisi olduğu partiya istənilən halda "DUİ" ilə müttəfiqlikdən imtina etmək niyyətində deyil. Bu, o deməkdir ki, Müsavat mənsubları AXCP (i) ilə hər hansı əməkdaşlığın perspektivinə ciddi şübhə ilə yanaşırlar. Bu səbəbdən, bütün mümkün vasitələrlə özlərini sığortalamağa səy göstərirlər. Xatırladaq ki, "DUİ"-də əsas söz sahibi olan "KXCP" artıq 10 ildir ki, AXCP (i)-nin barışmaz rəqibi sayılır. Tərəflər arasında ziddiyyətlərin kəskinləşməsində o zaman AXCP-nin parçalanmasını açıq şəkildə dəstəkləyən Müsavat rəhbərliyi də xüsusi rol oynayıb. Hətta "KXCP" rəsmi qeydiyyatdan keçənə qədər Müsavat təmsilçiləri AXCP (i)-ni öz adı ilə çağırmaqdan imtina edir, onu daha çox "Yurd" adlandırırdılar. Bu səbəbdən, 6 ay öncə "bizim Müsavatla ciddi problemlərimiz var" deyərək İ.Qəmbərovun müttəfiqlik təklifini rədd edən Ə.Kərimovun indi Müsavatla ciddi əməkdaşlıq edəcəyi inandırıcı deyil. Açıq-aşkar hiss olunur ki, tərəflər nə müttəfiqlikdə, nə də iki partiyanın birləşməsində o qədər də maraqlı görünmürlər. Sadəcə, öz korporativ maraqlarını həyata keçirmək istəyən xarici dairələrin təzyiqi fonunda ötəri imitasiya yaratmağa çalışırlar. Belə ki, seçkilərə az qalmasına baxmayaraq, nominal müttəfiqlər "vahid namizədlər" siyahısını heç cür müəyyənləşdirə bilmirlər. Beləliklə, "o dairə sənin, bu dairə mənim" deyən radikallar namizədləri bəlli olmasa da, qarşı tərəfə hər hansı formada güzəştə getmək niyyətində deyillər.

Digər xəbərlər