Eynulla Fətullayevin Azərbaycanda antimilli fəaliyyəti xaricdən verilmiş sifariş idi
Azərbaycan dövlətçiliyinə qarşı qənim kəsilən siyasi dairələrin və antimilli mövqedə dayanan avantüristlərin siyasi girovuna çevrilmiş bəzi qəzetlərin apardığı antimilli kampaniya vətənini, xalqını sevən hər bir azərbaycanlı tərəfindən narazılıqla qarşılanır. "Dənizdən-dənizə böyük Ermənistan" mifini gerçəkləşdirməyə çalışan ermənilərin iradəsi ilə üst-üstə düşən azərbaycanlı Eynulla Fətullayevin Azərbaycanda antimilli fəaliyyəti xaricdən verilən sifarişin nəticəsi idi. Xocalını məcburi formada tərk edən soydaşlarımızı ermənilərin yox, azərbaycanlıların öldürdüyünü iddia edən E. Fətullayevin aqibəti ilə barışmayan müxalifət liderləri bu vəziyyətə siyasi don geyindirir. "Erməni soyqırımı"na dəstək verən E.Fətullayev kimi insanların Azərbaycanın milli təhlükəsizliyinə qənim kəsilməsi, təkcə xarici yox, həm də daxildə olan radikal dünyagörüşlü ermənipərəst qüvvələrin arzusu idi.
Azad təşəbbüskarlığa, siyasi polemikalar yolu ilə obyektiv həqiqətin aşkara çıxarılmasına, çoxluğun rəyini ifadə edən ədalətli qərarların qəbuluna əsaslanan demokratik idarəetmə prinsipləri əsasında inkişaf edən Azərbaycan cəmiyyəti E.Fətullayevin ermənipərəst ləyaqəti qarşısında aciz qalmamışdır. "Eynulla Fətullayev kartı"ndan istifadə edən radikal müxalifət liderləri bundan bəhrələnməyə çalışır, dövlətçiliyimizə qarşı qənim kəsilən siyasi dairələrin qərar və hesabatlarını təqlid edir. Bu, gözlənilən idi.
Azərbaycanda demokratiyanın qapıları hər bir vətəndaşın üzünə açıqdır və oradan hamının keçmək səlahiyyəti var. Ancaq bu qapıdan ağılla, təmkinlə, vətənə, xalqa sədaqətlə keçmək lazımdır ki, insanları sözünə inandırıb, əməllərinə rəğbət oyandıra biləsən, əks təqdirdə, qapılar üzünə bağlanacaq.
"Eynulla Fətullayev kartı" radikal müxalifətin aqoniyasına çevrilib
Parlament seçkiləri ərəfəsində xarici dairələrin diqqətini özünə çəkməyə çalışan İ.Qəmbərov və Ə.Kərimov mücərrəd ideyalar ətrafında "Fətullayev kartı" ilə spekulyasiyalar edirlər. Digər bir tərəfdən də radikal müxalifət təmsilçilərinin xaricdən verilmiş maddi əsaslara söykənən siyasi sifarişləri ölkə daxilində qarşıdurma yaratmaq riskinə hesablanıb. Radikal müxalifət düşərgəsinin ictimai rəyi çaşdırmağa yönələn siyasi gedişlərinin bir hissəsi hazırda Eynulla Fətullayevin üzərində qurulub. Təsadüfi deyil ki, cari ilin mart ayında Müsavat partiyası E.Fətullayevin həbsxanadan beynəlxalq təşkilatlara və yerli dövlət qurumlarına ünvanladığı müraciətinə toxunaraq, onun həyatına sui-qəsd edilə biləcəyini açıqlayaraq, ictimai fikri çaşdıracaq bəyanat yaymışdır. Siyasi məqsədləri naminə E.Fətullayevin "həyatına yaranmış təhlükədən narahatlıq" ifadə olunan bəyanatda hüquq-mühafizə orqanlarından E.Fətullayevin təhlükəsizliyinə təminat verməsini "tələb" edib. Göründüyü kimi, antimilli mövqedə dayanan avantüristlərin, erməni millətçilərinin girovuna çevrilmiş E.Fətullayevi müdafiə edən Müsavat partiyasının bu ideyası partiyanın mövcudluğu üçün zəruri hesab oluna bilər. Çünki bu partiyanın siyasi çəkisi və mövqeyi E.Fətullayev etalonu ilə müqayisədə bir-birini tamamlayır.
Eynullanın mənəvi-əxlaqi fəzilətləri devalvasiyaya uğrayıb
Mətbuat cəmiyyətdə aşkarlığın bərqərar olunmasında aparıcı rol oynamaqla, demokratik inkişafı şərtləndirən əsas amillərdən biri sayılır. Mətbuata təsadüfi insanların axını isə ölkədə söz və mətbuat azadlığı üçün mövcud şəraitdən sui-istifadə halları E.Fətullayev kimi çoxşaxəli mövqeli insanların ortaya çıxmasına zəmin yaratdı. Bu meyil, xüsusən də, müxalifət qəzetlərinin fəaliyyətində özünü daha qabarıq göstərir. Cəmiyyətdə aşkarlığın, milli mədəniyyətin, mental ənənələrin assimilyasiyaya, yad təsirlərə məruz qaldığı qloballaşma əsrində Eynullanın "zühuru" Azərbaycan cəmiyyəti üçün göydəndüşmə olmadı. Radikal müxalifətin təsiri və xarici dairələrin himayəsi altında dərc olunan qəzetlərdə yalan və iftira xarakterli, insanların şərəf və ləyaqətinə toxunan məlumatların genişlənməsi mənəvi-əxlaqi dəyərləri və peşə etikasını cənginə aldı. Belə bir şəraitdə E.Fətullayev siması ilə rastlaşan ictimayyət onu "sifarişli mühərir" kimi tanımağa başladı. Sonradan "Qarabağ gündəlikləri" ilə məşhurlaşan E.Fətullayev Xocalıdan olan məcburi köçkünlərin məhkəmədə qaldırdıqları iddiaları əsasında həbs olundu. Həbsdə olduğu dövr ərzində mənəvi-əxlaqi məziyyətləri daha da devalvasiyaya uğrayan E.Fətullayev Azərbaycanın mənəviyyat xadimlərinə qarşı mənəvi terrora başladı.
Xalqımızın mənəviyyat xadimlərini erməni millətçiləri ilə müqayisə edən, Azərbaycan dövlətçiliyini düşmən kimi "vəsf" etməsi radikal müxalifətin maraqlarına da uyğun idi. Bundan vasitə kimi istifadə edən ayrı-ayrı siyasi qüvvələr bununla bir-birinə siyasi dəstək verməklə daha da aqressivləşərək öz mövcudluqlarını legitimləşdirməklə cəmiyyətdə Azərbaycan dövləti haqqında mənfi rəyin formalaşmasında təbliğat maşınlarını işə salıb. Belə olan halda təsir dairələrində olan nəşrləri məkrli siyasi maraqlarının ifadəçisinə çevirən siyasi qüvvələrin nəzarətində olan radikal müxalifət qəzetlərinin əməkdaşları ifrat siyasiləşməyə məcbur qalması onların mövqeyində də qabarıq sezilməkdədir.
Radikal müxalifət liderləri də "Hamımız Eynullayıq" şüarı qaldıracaq?
Erməni kəşfiyyatının əlində oyuncaq olan, bütün varlığı ilə, düşüncə və bacarığı ilə bədxah ermənilərə sədaqətlə xidmət göstərməyə girişən E.Fətullayevin acı aqibəti milli maraqlar baxımından mənəvi məsələyə çevrilib. E.Fətullayev "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, ərazi bütövlüyünə mənəvi zərbə vurub. Bunu E.Fətullayev "Qarabağ gündəlikləri"ndə öz imzası ilə praktiki olaraq təsdiqləyib. 2005-ci ildə dərc etdirdiyi "Qarabağ gündəlikləri" yazısında yüzlərlə Xocalı sakini ilə görüşməsi, faciənin başvermə səbəblərini "araşdırması" və "aşkara çıxarması" barədə uydurmaları ilə ortaya çıxarıb. Bundan sonra Azərbaycan cəmiyyətində Eynulla Fətullayev təkzibolunmaz faktların köməyi ilə ifşa olundu. E.Fətullayevin qəzetlərində ağlına və ağzına gələnləri yazması ilə yanaşı, özünü on minlərlə azərbaycanlının qanına əlini batırmış, Xocalı soyqırımını törətmiş bir xalqın nümayəndəsi ilə bir sırada qoymaqla, erməni kimi ölməkdən qorxması kimi cəfəng iddialar səsləndirməsi ilə millətin heysiyyətini siyasi predmetə çevirib, öz məqsədləri üçün istiqamətləndirmişdir. Türkiyədə çıxan "Aqos" qəzetinin baş redaktoru Q.Dinkin öldürülməsindən sonra küçələrə çıxan bəziləri "Hamımız erməniyik, hamımız Qrantıq" şüarını səsləndirən insanlara rəğbət bəsləyən E. Fətullayev özünü erməni millətçisi ilə müqayisə etməsi də gözlənilən idi.
Azərbaycanlı kimi Ermənistana və Dağlıq Qarabağa etdiyi səfərlərdən sonra ölkəsində erməni Q.Dink kimi ölüm proqnozları verən E.Fətullayevə siyasi dəstək verən radikal müxalifət liderlərinin "Hamımız Eynullayıq" şüarı qaldırması da gözləniləndir.