Radikal müxalifətin maraqlarını xarici havadarlar şərtləndirir
Azərbaycanda keçirilən seçkilərdə siyasi məğlubiyyəti ilə barışmayan radikal müxalifət düşərgəsində bloklaşma taktikası davamlı xarakter alıb. Postseçki dövrünün təhliləri göstərir ki, bloklaşma gündəmdə qalmaq və müxalifət düşərgəsindəki rəqibləri zərərsizləşdirərək və xarici qüvvələrlə danışıqlar aparmaq məqsədilə təşkil edilən siyasi çətirdir. Müsavat və AXCP (i) ətrafında yeni bir birliyin yaradılması niyyəti də bu partiyaların müxalifət düşərgəsindəki rəqib qurumları sıradan çıxarmaq planının tərkib hissəsidir. Radikal müxalifətin inkişaf dinamikası göstərir ki, 1993-cü ildə təşəkkül tapan müxalifət 2003-cü ildə siyasi həyatda yaşamaq qabiliyyətinə malik olmadığını ortaya qoydusa, 2005-ci ilin parlament seçkilərində tam iflasa uğradı. Radikal müxalifət düşərgəsində qeyri-müəyyənliyin, ciddi fikir ayrılıqlarının yarandığı və ziddiyyətlərin dərinləşdiyi bir vaxtda daha böyük presedent baş verib. Müxalifətin zaman-zaman parçalanmasında məxsusi maraqlarının olması, maliyyə dayaqları ilə bağlıdır. "Əsl müxalifət" imici yaratmaq istiqamətində radikalların səylərinin nəticə vermədiyi və düşərgə daxilində mübarizənin kəskinləşdiyi bir zamanda siyasi fəaliyyətlərini xarici qüvvələrin maraqları ilə şərtlənir. Parlament seçkiləri yaxınlaşdıqca radikal müxalifət daxilində qeyri-müəyyənlik, prosesdə iştirakla bağlı birmənalı mövqenin formalaşmaması düşərgədə ciddi kataklizmlərin yaşandığını göstərir. Postseçki dövrünün təhlilərinə nəzər salsaq, seçkiləri ərəfəsində olduğu kimi, bu dəfə də düşərgə mənsubları siyasi maraqları kontekstində spekulyasiyalar edir, mühüm seçki kampaniyasına şərtlər daxilində qatılacaqlarını bəyan edirlər.
Xarici qrantların alınmasından tutmuş, qeyri-şəffaf metodlara qədər qanunvericiliyə zidd addımlar atmaqla püxtələşən radikal müxalifət qarşıdan gələn parlament seçkilərində ənənəvi üsullardan istifadə etməyəcəyi şübhəsizdir. Radikal müxalifətin Azərbaycanda hakimiyyət dəyişikliyini arzulayan təşkilatlar tərəfindən maliyyələşdirilməsi, qeyri-hökumət təşkilatlarının vasitəsilə alınan maliyyə vəsaitləri hesabına mitinqlər, nümayişlər keçirməsi barədə çox deyilib. Müxalifətə yaxınlığı ilə seçilən bütün ictimai qurumlarda qrant maxinasiyalarının, mənimsəmə hallarının mövcudluğu, bu vəsaitlərin siyasi partiyaların maliyyələşməsinə sərf edildiyi barədə faktlar kifayət qədərdir. Radikal müxalifətin ABŞ-dakı "Qəfəsçyanların Fondu" kimi fondlarla isti münasibətləri, Rəsul Quliyevin ABŞ-dakı ermənipərəst siyasi dairələrin nümayəndələri, habelə, ermənipərəst konqresmenlərlə görüşləri yaxın tarixdir. Antimilli əlaqələrdən bəhs edən faktların sayını AXCP (i)-in nəzarətində olan gənclər təşkilatının rəhbəri Ruslan Bəşirovun Tbilisi sərgüzəştləri ilə də artırmaq olar. Azərbaycan dövlətinə xəyanətin bariz nümunəsi olan belə əlaqələrin fonunda alınan milyonlarla dollar həcmində qrantlar isə götürülən öhdəlik kimi hakimiyyətin dəyişdirilməsi, ölkədə vətəndaş qarşıdurmasının yaradılması kimi çirkin və absurd ideyaların icrasına sərf olunmalıydı. Deyilənlər göstərir ki, radikal müxalifət düşərgəsinin nəzarətində olan QHT-lərin ictimaiyyətə xüsusən qrantlar və maliyyə hesabatları ilə bağlı açıqlamalar verməsində problemlər mövcuddur. Bu QHT-lər tərəfindən qrantların hansı təşkilatlardan və nə məqsədlə əldə edilməsi vətəndaşlar üçün naməlum qalır. Araşdırmalar nəticəsində qrantların bəzi hallarda nəzərdə tutulmayan istiqamətlərə - dövlətçilik əleyhinə, radikal müxalifətin çirkin planlarının həyata keçirilməsinə və ya partiya başçılarının şəxsi məqsədlərinə sərf olunduğu üzə çıxır.
Müstəqil Azərbaycanda açıq vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət quruculuğu uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının sıçrayışlı inkişafı, sosial problemlərinin həll edildiyi, xalqın maddi durumunun gündən-günə yüksəldiyi, müasir infrastrukturların yarandığı bir vaxtda radikal müxalifətin antimilli proqramlarla da çıxışı, xaricdən verilən sifarişin mövcudluğuna dəlalət edir. Sürətli iqtisadi inkişaf, ölkədəki sabitlik artıq bütün bölgənin stabilliyini və iqtisadi yüksəlişini müəyyənləşdirən əsas amilə çevrilmişdir. Nüfuzlu beynəlxalq qurumlar və ekspertlər hesab edir ki, Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə bölgədə sabitliyin və tərəqqinin daşıyıcısı və qarantıdır. Bu gün ölkəmizdə demokratiyaya etimad artdıqca kütləvi şüurun forması da dəyişir və o, daha çox yeni demokratik vərdişlərə, əqidəyə, fundamental siyasi dəyərlərə yönəlişlik kəsb edir. Nə xarici, nə də daxili siyasət sahəsində dövlətin və cəmiyyətin inkişaf modeli ilə əlaqədar hər hansı bir real təkliflə çıxış edə bilməyən radikal müxalifət düşərgəsində mənəmlik psixologiyası özünü daha qabarıq göstərir.