Ləyaqətsizlik simvolu: Eynulla Fətullayev
Son günlər bəzi mətbuat səhifələrində "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev müxtəlif formalarda müdafiə olunur. Beynəlxalq təşkilatların E.Fətullayevi ciddi cəhdlə müdafiə etməsi və onun həbsdən azad olunmasına çalışmaları maraq doğurmaya bilməz. Bu yerdə ortaya belə bir sual çıxır: nə üçün həmin beynəlxalq təşkilatlar şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün bu qədər canfəşanlıq göstərmirlər? Halbuki bu məsələ operativ qaydada Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən həll olunmalı idi. Çünki təşkilat hər hansı bir yolla bu məsələni həll etməliydi. Onu da qeyd edək ki, ailəsi ilə görüşlərimiz zamanı öyrəndik ki, Mübariz İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılması üçün təkcə Beynəlxalq Qırmızı Xaç Komitəsinə yüzlərlə məktub ünvanlanıb. Ancaq təşkilat guya ermənilərə gücləri çatmadığı üçün bu sahədə bir iş görə bilmir. Yaranmış vəziyyət onu göstərir ki, xristian dünyası Ermənistanı ərköyün uşaq kimi saxlayır. Görünür, E.Fətullayev də onların "dünyasına" aid olduğu üçün həmin təşkilatlar aləmə car çəkirlər ki, guya Azərbaycanda mətbuat və söz azadlığı boğulur, jurnalistlərə rahat nəfəs almağa imkan verilmir...
"Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı E.Fətullayevlə bağlı mətbuata açıqlamasında beynəlxalq təşkilatların baş redaktoru canfəşanlıqla müdafiə etməsinə dair cavabında bildirib ki, öz ölkəsinə qarşı çıxanlar mənəviyyatsız adamlardır. Bir də atalar demişkən, "it itin ayağını basmaz". Ona görə ki, o, həmin qurumların nökəridir, öz nökərlərini qorumaq istəyirlər. E.Fətullayev ermənilərin rəhbərlik etdiyi beynəlxalq mərkəzlərin nökəridir. Ona görə də onlar öz adamlarını bu şəkildə müdafiə edirlər. Təəssüf ki, bəzi müxalifətyönlü Azərbaycan mətbuatı və partiyalar da onu müdafiə edirlər. Hesab edirəm ki, E.Fətullayev Azərbaycan mətbuatı üçün qara ləkədir. O, xarici qüvvələrin sifarişini yerinə yetirən, vaxtaşırı bir qrupun sifarişi ilə başqalarına qarşı yazan jurnalist olub. Onun azad, demokratik mətbuata heç bir dəxli yoxdur. Eynulla Fətullayevi müdafiə edən beynəlxalq təşkilatlar həqiqətən ədalətli mövqedə olsaydılar, onda milli qəhrəman Mübariz İbrahimovun cəsədinin geri qaytarılması üçün də canfəşanlıq edərdilər. Heç bir beynəlxalq təşkilat bu istiqamətdə addım atmır. Həmin mərkəzlər insan haqları adı altında alverlə məşğuldurlar".
Hətta ermənilərin Xocalıya həsr etdiyi xocali.net saytında E.Fətullayevin "Qarabağ gündəliyi" ermənilərin əsas təbliğat materialı kimi təqdim edilir. Erməni mətbuatında Fətullayevin ermənilərə "xoş münasibətindən, Yerevana və Xankəndinə səfərləri zamanı mehriban və dost rəftarından da" çox yazılıb. "Karabaxskiy ekspress" qəzetinin müəllif Karen Zaxaryan Fətullayevlə görüşünün təfərrüatları, bu "ağıllı, intelligent şəxsin mülahizələrindən ləzzət aldığını" yazır. Müəllif bildirir ki, Ermənistana səfər etmiş jurnalistlər arasında, E.Fətullayev yeganə şəxs idi ki, Xankəndi yox, "Stepanakert" deyirdi. Xüsusilə, E.Fətullayevin həbsinin onun Qarabağ probleminin həllində ermənilərin tərəfini saxlaması ilə bağlı fikirləri daha maraqlıdır".
Beləliklə, bütün bu deyilənlər onu göstərir ki, ləyaqətsizlik simvolu olan E.Fətullayev kimlərin marağının güdazına getdiyini, deyəsən, heç özü də dərk etməyib.