PDF Oxu

Müxalifət

  • 13

Azərbaycan parlament seçkilərinə hazırlaşır

Azərbaycan parlament seçkilərinə hazırlaşır
Azərbaycanda keçiriləcək parlament seçkilərinə xeyli vaxt qalsa da, artıq seçkilərə hazırlıqla bağlı müəyyən aktivlik müşahidə edilməyə başlayıb. Ayrı-ayrı siyasi partiyalarda seçkilərə hazırlıqlarla bağlı tədbirlərin keçirilməsi, seçkilərdə iştirak edəcək namizədlərin siyahısının hazırlanması ilə bağlı müəyyən addımlar atılır.
Bəzi müxalifət partiyaları isə seçki öncəsi yenidən "Seçki Məcəlləsi"ndə dəyişiklik edilməsi, eləcə də, seçki komissiyalarının tərkibinin poritet əsaslarla formalaşdırılması məsələlərini ortaya atmaqla qarışıqlıq yaratmağa çalışsalar da, reallıq ondan ibarətdir ki, müxalifətçilərin bu iddiaları bu dəfə xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda lazımi dəstək qazana bilmədi. Bunun səbəbi isə müxalifətin iddialarının məntiqsiz və əsassız olması ilə yanaşı, həm də Azərbaycandakı "Seçki Məcəlləsi"nin təkmil bir sənəd olmasına elə həmin beynəlxalq təşkilatların özlərinin müsbət rəy verməsidir. Məlumat üçün deyək ki, Azərbaycanın "Seçki Məcəlləsi" Avropa Şurasının Venesiya Komissiyası tərəfindən müsbət rəy alıb və seçkilərin demokratik və ədalətli keçirilməsinə imkan verən sənəd kimi qiymətləndirilib. Bu baxımdan da müxalifət düşərgəsinin seçki qanunvericiliyi ətrafında hansısa şou yaratmaq cəhdlərinin prosesə hər hansı təsiri olmayacağı bəribaşdan hər kəsə aydındı.
Eyni zamanda, Müsavat başqanı İsa Qəmbərovun Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i) ilə birləşmə ideyasını ortaya atması da səbəbsiz deyil. Müsavat başqanının əsas məqsədlərindən biri seçkilərdə öz partiyasını gözləyən uğursuzluğu bəribaşdan sığortalamağa xidmət edir. Nəzərə alsaq ki, 2003-cü il prezident seçkiləri və 2005-ci ilə parlament seçkilərindən sonra Müsavat partiyasında təmsil olunan əksər insanlar partiya sıralarını tərk ediblər, Müsavatın builki parlament seçkiləri ilə bağlı elə bir elektoratının olmadığı partiya başqanına aydın olduğundan İ.Qəmbərov birləşdirici missiya adı altında gediş edərək özünün və partiyasını gözləyən seçki uğursuzluğunu müxalifətin bir araya gəlməsi ilə sığortalamağa çalışır.
Müxalifətin seçkiöncəsi birləşmək ideyası ətrafında canfəşanlıq göstərməsinin başqa bir səbəbi isə birbaşa xarici donorlara bağlı olan məsələdir. Məsələ burasındadır ki, 2008-ci il prezident seçkilərində parakəndəlik nümayəş etdirən müxalifət düşərgəsi xarici donorlardan lazımi maliyyə yardımı ala bilmədilər. Bu baxımdan da müxalifət düşərgəsi üçün 2010-cu il parlament seçkiləri xarici ölkələrdən və təşkilatlardan "pul qoparmaq" üçün növbəti imkan yaradıb. Bu baxımdan da müxalifət təmsilçiləri birlik nümayəş etdirərək bu dəfə daha çox vəsait əldə etməyə çalışırlar. Çünki seçkilərdə hansısa müxalifət partiyasının uğur əldə etməsi o qədər də inandırıcı deyil. Bunun bir səbəbi müxalifətə əhali arasında inam-etibarın və dəstəyin olmaması ilə bağlıdırsa, digər tərəfdən bu həmin insanların hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərmələri, öz siyasi fəaliyyətlərini məhz addım atdıqları xarici dairələrin maraqlarına uyğun qurmalarıdır. Məsələn, indiyə qədər Azərbaycan ictimaiyyəti nə Müsavat, nə AXCP (i), nə də digər müxalifət partiyalarının ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri qarşısında həmin dövlətlərin problemin həllinə lazımi diqqət göstərilməməsinə etiraz əlaməti olaraq "möhtəşəm" aksiya keçirməyib. Heç buna təşəbbüs də göstərilməyib. Hər halda bu da müxalifətin fəaliyyəti ilə bağlı maraq doğuran məqamlardandı. Eyni zamanda, Azərbaycana qərəzlə yanaşan, obyektivlikdən uzaq hesabatlar yayan hansısa beynəlxalq təşkilata və ya ölkəyə də müxalifət tərəfdən heç bir etiraz göndərilməyib. Bu baxımdan da müxalifətin heç bir elektoral bazası yoxdur.

Digər xəbərlər