Rauf Arifoğlunun "AQB" ilə gizli əlaqələri üzə çıxır
Müxalifət düşərgəsində təmsil olunan radikal partiya funksionerlərinin bəzilərinin xarici maraqlı qüvvələrlə əlaqələrinin olması faktdır. O da faktdır ki, bu əlaqələr tərəflərin maraqlarının ödənilməsi üzərində qurulur. Dəfələrlə incik qalan partiya sədrləri xarici maraqlı qüvvələrə işləyən partiya sədrlərinin mövcudluğundan söhbət açıblar. Misal kimi Müsavat başqanı İsa Qəmbərovun "Bəzi partiyalar Rusiyaya və İrana işləyirlər. Aramızda şəxsi ambisiyalarını partiya maraqlarından üstün tutanlar var" deyə bildirməsini misal göstərmək olar. Təbii ki, İ.Qəmbərov kifayət qədər ciddi olan ittihamlarını əsaslandırmaqla səsləndirib. Çünki mətbəxtdə çalışanlar burada hansı yeməklərin bişirildiyini digərlərindən daha dəqiq bilirlər. Sonradan da məlum oldu ki, İ.Qəmbərov həmin ittihamlarını "MBH" lideri Lalə Hacıyeva və fəaliyyətini dayandırmış "Azərbaycançı Qüvvələr Birliyi"ndə ("AQB") təmsil olunmuş partiyalar haqqında söyləyib. "Aramızda şəxsi ambisiyalarını partiya maraqlarından üstün tutanlar var" deyərkən isə umacı satqınlıqdan yoğrulmuş keçmiş müavini Rauf Arifoğlunun bəd əməllərindən təngə gəldiklərinə işarə vurmuşdur. Doğrudan da, prosesləri diqqətlə nəzərdən keçirdikdə müxalifətə AXCP (i) sədri Əli Kərimovdan sonra ən böyük zərbəni R.Arifoğlunun vurduğunu görmək olar. Hələ 1993-cü ildə AXCP-nin mərhum sədri Əbülfəz Elçibəy R.Arifoğlunun satqın xislətli insan olduğunu söyləmişdir. Bunun əsaslı olduğunu Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovun fikirlərinə nəzər yetirməklə müəyyənləşdirmiş olardıq: "Ə.Elçibəyə yanınıza Əlinin, Arifin və Raufun gəldiyini söylədim. Bəy isə, "Rauf getsin içini təmizləsin, sonra gələr" deməklə onu qəbul etməkdən imtina etdi. Sonradan R.Arifoğlu Ə.Elçibəy haqqında baş redaktor olduğu "Yeni Müsavat" qəzetində təhqiramiz məqalələr dərc etdirməklə bəydən qisas almağa çalışdı".
R.Arifoğlunun daha bir satqın əməlinə dair faktı onun 1998-ci ildən 2005-ci ilin parlament seçkilərinə qədər İranın müəyyən dairələri ilə gizli əlaqələr qurmasını göstərmək olar. Hətta müəyyən vaxtlarda R.Arifoğlunun İranın müxtəlif şəhərlərində ETTELLAT-ın əməkdaşları ilə görüşləri olub. Bu görüşlərdə müzakirə olunan məsələlərdən tam məlumatlı olmasaq da, diqqət çəkən məqam ondan ibarətdir ki, R.Arifoğlu bəzi tələblərinin ETTELLAT tərəfindən qəbul edilməsinə nail ola bilib. 2003-cü il prezident seçkiləri ərəfəsi, xüsusi ilə də seçki günündə İranın "Səhər" televiziya kanalının prezidentliyə namizəd İsa Qəmbərovun uğursuz təbliğatının aparılmasında R.Arifoğlunun müstəsna rolu olub.
Adının çəkilməsini istəməyən mənbənini dediyinə görə, İrandakı bəzi qüvvələr İranmeyilli qüvvələr hesabına yaradılmış "Azərbaycançı Qüvvələr Birliyi"nə R.Arifoğlunun rəhbərlik etməsini istəmişlər. Ancaq qurumun təmsilçiləri olmuş Xudu Xuduyev, Hacıağa Nuriyev və Tahir Kərimli göstərişi yerinə yetirməyə və R.Arifoğlunun rəhbərliyi altında çalışmaqdan imtina ediblər. Bu didişmə və digər əsaslı səbəblər sonradan "AQB"-nin dağılmasına gətirib çıxartdı. "AQB" nin təsisçilərindən olmuş ASDP-nin həmsədri Araz Əlizadə R.Arifoğlunun "AQB" ilə əlaqələrinin onun qurumdan istefa verməsindən sonra olduğunu bildirdi. "Satqınlarla özəl maraqlar naminə münasibətlər qurmaqda nə qədər maraqlısınız" sualına cavab olaraq A.Əlizadə "satqınlarla əməkdaşlıqda maraqlı deyilik" deyə bildirdi.
Sual oluna bilər İ.Qəmbərov eyni partiyada təmsil olunub, onun imicmeykeri rolunda çıxış edən R.Arifoğlu nədən həm də, İranmeyilli qüvvələrlə əməkdaşlığa can atıb. Bu sualı cavablandırmazdan əvvəl, qeyd etmək lazımdır ki, müəyyən zaman kəsiyində İ.Qəmbərov İranın əlaltısı kimi çıxış edib. Onun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin İrandan keçməsi barədə bəyanatları və mitinqlərdə İran rəhbərlərinə ünvanlanan xoşməramlı mesajlar yaxın keçmişdə baş verən, eləcə də səslənən fikirlər olub. Məhz məfkurə maraqları R.Arifoğlu ilə İ.Qəmbərovu o dövr üçün eyni mövqeydən çıxış etməyə vadar etmişdir. Sonradan pul üstündə yaranan çəkişmələr və tərəflərin özlərinə yeni himayədarlar tapmaları R.Arifoğlu ilə İ.Qəmbərovun yollarının kəsişməsinə səbəb olmuşdur. Artıq fakt odur ki, İ.Qəmbərov "Yeni Müsavat" qəzetinin təsisçiliyindən imtina edib, R.Arifoğluda özünün yeni ofisində Müsavatdan kənar partiyalarla əməkdaşlıq edir. Bu isə birmənalı şəkildə R.Arifoğlu üçün əqidə və məfkurə birliyində sədaqətli olmağın təbiətinə və xarakterinə yad olduğunu bir daha ortaya qoyur.