PDF Oxu

Müxalifət

  • 9

Eynulla Fətullayev: şərəfsizlik simvolu

Eynulla Fətullayev: şərəfsizlik simvolu

Vətən xaininin portret cizgiləri

Hazırda vətənə xəyanətə görə məhkum olunan Eynulla Fətullayev böhtan, iftira, hədyan dolu açıqlamalarını davam etdirir. Xəyanətkarlıq, simasızlıq xislətinə sadiq qalan E.Fətullayev öz ədəbsizliyini, səviyyəsizliyini, şərəfsizliyini əyani şəkildə büruzə verir. Əxlaqi cəhətdən naqis olan bu şəxs Avropadakı ermənipərəst-lərə güvənərək o qədər azğınlaşıb ki, Azərbaycanın siyasi elitasına, milli dövlətçiliyimizə qara yaxmaqdan belə çəkinmir.
E.Fətullayevin bu qəbildən olan sayıqlamalarının Əli Kərimovun təsir dairəsində olan bir qəzetdə davamlı olaraq dərc olunması heç də təsadüfi deyil. E.Fətullayev Ə.Kərimova yaxın qəzetlərdən həmişə şər-şəbədə, böhtan, iftira tribunası kimi istifadə edib və aydındır ki, Ə.Kərimovun razılığı olmadan onun təsir dairəsində olan bu və ya digər qəzetdə E.Fətullayevin adının belə çəkilməsi mümkün deyil. Burada "taylı tayını, su da axıb çuxurunu tapar" məsəli yada düşür. Çünki bu iki simasız şəxsi bir çox ortaq xüsusiyyətlər birləşdirir. Deyilənə görə, Xocalı soyqırımına münasibətdə erməniləri aşkar şəkildə müdafiə etdiyinə görə həbsxanada məhbus yoldaşları onu Ə.Kərimovdan betər günə qoyub şəxsiyyətsiz ediblər.
Ən qəribə, gülməli məqamlardan biri də budur ki, bəzi insan hüquqları müdafiəçiləri "insan həbsdə olanda onun əsəbləri pozulur" deyərək hələ də onun hoqqabazlığına haqq qazandırmağa çalışırlar. Doğrudur, insan həbsxanaya düşəndə onun əsəblərində müəyyən problemlər yaranır, lakin E.Fətullayevin mənəviyyatının pozulması onun dustaq həyatından daha öncəyə təsadüf edir. Onun uğursuz həyat yolunu, anormal fəaliyyətini daha çox intriqalarla, məkrlə, keyfiyyətsiz xüsusiyyətlərilə, ünsiyyətdə olduğu insanlara, daim bəyan etdiyi ideyalara və təəssüf ki, nəhayət, Azərbaycana xəyanətlə xarakterizə etmək mümkündür.
Elə tələbəlik illərindən qalmaqallı adam kimi xatırlanan bu şəxs nizam-intizamı pozduğuna görə dəfələrlə tənbeh edilib, hərbi kafedrada təhsil alarkən nizamnamə qaydalarını pozduğuna görə, cavabdeh kursant yoldaşları tərəfindən sərt şəkildə - döyülərək, söyülərək cəzalandırılıb.
Əvvəlcə sosial-demokrat kimi tanınan Fətullayev, sonradan siyasi riyakarlığını ustalıqla pərdələyərək Yeni Azərbaycan Partiyasına keçməyə nail olmuşdur. Beləliklə, ilk andan daha çox siyasi fırıldaqçı, spekulyant kimi tanınan Fətullayev sonrakı fəaliyyəti dövründə də sol ideyalara bağlı olduğunu hansısa formada diqqətə çatdırmağı xoşlayan qeyri-səmimi- nin birisiydi. O, vaxtaşırı Çe Qevaradan və sol cəbhənin başqa tanınmış simalarından danışaraq, bununla "qəlbən sosial-demokrat olduğu" barədə təəssürat yaratmağa çalışırdı.

Əxlaqsızlıq etalonu

E.Fətullayev riyakarlığına, ikiüzlülüyünə, pulgirliyinə görə hakim partiyadan çıxarıldıqdan sonra daha böyük ehtirasla özünü təsdiq etmək və hansı yolla olur-olsun, daha çox pul qazanmaq "mübarizə"sinə başladı. Bu "mübarizə"də o tədricən mənəvi deqradasiyaya uğrayaraq, avantüralarının miqyasını genişləndirdi və ardıcıllıqla Ayaz Mütəllibov, ANS telekanalı, Rafael Allahverdiyev, "Monitor" jurnalı ilə müxtəlif formalarda əməkdaşlıq edərək onların imkanlarından yararlandı. Bu faydalanma R.Allahverdiyevlə münasibətləri olan, mənşəcə erməni qadınla Fətullayevin əlaqələrini də əhatə etmişdi. Keçmiş merin erməni mənşəli məşuqəsini öz tərəfinə çəkən E.Fətullayev R.Allahverdiyevi Pirşağıdakı bağ evində şantajla müxtəlif qeyri-ciddi açıqlamalar verməyə təhrik edərək onu ölkədən qaçıb getməyə vadar etmişdi. Eyni zamanda, özünü sabiq merə "canıyanan" kimi təqdim edən Eynulla R.Allahverdiyevin ölkədən qaçmasına, buradakı obyektlərinin satılmasına "yardım" göstərmiş, bundan əməlli-başlı pullar qazanmışdır. Sonradan isə o, R.Allahverdiyevin erməni əsilli məşuqəsi ilə ailə həyatı qurmuşdu.
E.Fətullayev o vaxtlar tanışı - milliyyətcə başqa bir erməni qızından aldığı, Azərbaycan iqtidarı əleyhinə yönələn materialları onların sifarişi əsasında "Monitor" jurnalında dərc etdirmək üçün Elmar Hüseynovla danışıqlar aparmış və ona ermənilər tərəfindən böyük məbləğdə pul ödəniləcəyini bildirmişdi. Lakin Elmar Hüseynov cavab olaraq "bizim iqtidarı tənqid etməyimiz, o demək deyil ki, biz ermənilərə kömək etməliyik. Kişinin mənliyi olar. Əgər istəyirlərsə, qoy ermənilər öz qəzetlərində bu materialları dərc etsinlər" demişdi. Şərəf, ləyaqət, milli mənlik hissi Fətullayevə yad olduğu üçün, eyni məzmunlu yazıların sonradan özünün rəhbərlik etdiyi "Realnıy Azerbaydjan" qəzetində dərcinə mütəmadi şərait yaratdı.
Digər məlumata görə, hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev "Monitor" jurnalında barəsində dərc olunan materialların qarşısını almaq və gələcəkdə öz siyasi oyunlarında istifadə etmək məqsədi ilə, mərhum E.Hüseynovla qardaşı Rafiq Əliyev vasitəsilə danışıqlar apararaq 600 000 avroya jurnalı onlara satmağı təklif etmişdi. Lakin Elmar Hüseynov bu qiymətlə razılaşmamış və jurnalı 2 000 000 dollara satmaq niyyətində olduğunu söyləmişdi. Bu söhbətlərdə iştirak edən Eynulla Fətullayev sonradan R.Əliyevlə gizli şəkildə görüşərək, E.Hüseynovu "yola gətirəcəyinə" və jurnalın daha ucuz satılmasını təşkil edəcəyinə söz vermiş və ondan 300 000 avro beh almışdı. Eynulla Fətullayevin bu barədə Elmar Hüseynova məlumat verməməsi və pulu alaraq aradan çıxması onların arasında münaqişəyə səbəb olmuşdu. Mərhum jurnalist E.Hüseynovun qətlindən Fətullayevin daha çox spekulyasiya kimi istifadə etməsi onun, ümumiyyətlə, bu qətldə rolunun olması ehtimalını aktuallaşdırır.

Xəstə təxəyyüllü adam

Xatırladaq ki, ANS rəhbərlərinin "Realnıy Azerbaydjan"a qarşı məhkəmə iddiası qaldırmasına səbəb bu qəzetdə dərc edilmiş "Ramil Səfərov qəhrəmanlıq etməyib" yazısı olmuşdu. Bu, onu göstərir ki, Eynulla, ümumiyyətlə, vətənpərvər, xüsusən, ermənilərə qarşı barışmaz mövqedə duran şəxslərə qarşı açıq mənfi münasibət bəsləyir. Onun belə davranışı heç də təccüblü deyil, əksinə, bu şəxsin bədxah, xain xislətinin təzahürüdür. Mənəvi simasını itirmiş Fətullayevin bütün hərəkətləri onun xəstə təxəyyülündən və korporativ maraqlarından qaynaqlanır.
O, öz xəstə təxəyyülü ilə artıq çoxlarını, hətta bir sıra hüquq müdafiəçilərini belə bezdirib. Hüquq müdafiəçisi Çingiz Qənizadənin bir müddət əvvəl "Biz niyə susuruq?" yazısında cəmiyyətə ünvanlanan bir çağırış diqqəti çəkir: "Eynulla Fətullayev son vaxtlar özündən başqa şahidi və sübutu olmayan fikirlər səsləndirməklə hər kəs və hər şey haqqında planlı və düşünülmüş, lakin qərəzli bəyanatlar verir, istədiyi hər kəsi ittiham edir. Ona bu haqqı kim verib? Bütün bunların arxasında hansı məqsədlər durur? Hər halda həmin sualların cavabı artıq çoxlarına aydındır. Gündəmdə qalmaq! Başa düşə bilmirəm ki, biz niyə susuruq?!"

Ermənilərin agenti

Tələbəlik illərindən bu günə kimi E.Fətullayevin hərəkətlərində və yazılarında milli düşüncəli, vətənpərvər, dövlətçilik mövqeyində dayanan insanlara qarşı patoloji nifrət duyulur. Bu nifrət onda xüsusilə milli dünyagörüşlü insanlara qarşı bir kompleks yaradır. Maraqlıdır ki, bu kompleks özünü məhz azərbaycanlılara münasibətdə göstərir, daha radikallığı, vəhşiliyi, vandalizm hərəkətləri ilə seçilən erməni millətçilərinə, Latın Amerikasındakı sol hərəkatın nümayəndələrinə onun kifayət qədər loyal yanaşdığı açıq-aşkar sezilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda məhz Fətullayevin rəhbərlik etdiyi "Realnıy Azerbaydjan" qəzetində Azərbaycanın şərəfini təhqir etdiyinə görə Budapeştdə erməni zabitini öldürmüş Ramil Səfərov haqsız sayılıb, onun ləyaqətinə həqarət edən ifadələr işlədilib. Eynullanın kumirlərindən Çe Qevaranın da dediyi kimi, başqa çıxış yolu qalmayanda qan tökmədən, düşmənin başını əzmədən onu güzəştə getməyə məcbur etmək mümkünsüzdür. Bunları Fətullayev gözəl bilirdi, lakin korporativ maraqlarına cavab vermədiyi üçün Ramil Səfərova münasibətdə ermənilərdən heç də fərqli münasibət göstərmədi.
Bu baxımdan Fətullayevin fəaliyyətində təsadüfi məqamlar, demək olar ki, yoxdur. Onun fəaliyyəti ardıcıl şəkildə Azərbaycanın maraqlarının təhrif edilməsinə, düşmən tərəfə arqumentlər verilməsinə və Qərbin müəyyən maraqlı dairələri üçün kosmopolit qismində onların eşitmək istədiklərinin gerçəkləşdirilməsinə hesablanıb. Onun Ramil Səfərova, Xocalı soyqırımına, Dağlıq Qarabağdakı rejimə münasibətini sərgiləyən yazılarda bu məqam özünü aşkar şəkildə göstərir. Zori Balayanı Anardan üstün tutduğunu diqqətə çatdıran Fətullayev bunun Ermənistanda hansı reaksiyaya səbəb olacağını dərk etməyəcək dərəcədə sadəlövh deyil. Münasibətinə haqq qazandıran Fətullayev həbsxanadan yazdığı məqalədə bildirir ki, "Zori Balayanın erməni milli təfəkkürünün formalaşmasında, "Miyatsum" hərəkatında xidmətlərini nəzərdən keçirib, erməni "milli mənliyinə" göstərdiyi xidmətlərinin Anarın Qarabağ hərəkatında iştirakı ilə müqayisəyə sığmadığı qənaətinə gəlmişəm. Məgər gəldiyim qənaət səhvdirmi?" Bəli, onun bir çox məsələlərdə tutduğu mövqeyi, eyni zamanda, Ermənistanın rəğbətinin qazanmağa yönəlib. Görünür, Türkiyədə Qərbin qələmi adlandırılan, ermənilərin və kürdlərin soyqırıma məruz qaldıqlarını iddia edən yazıçı Orxan Pamukun Nobel mükafatına layiq görülməsi fətullayevləri daha da "ruhlandırır". Yəni nə qədər çox dönük çıxsan, bir o qədər də qiymətləndiriləcəksən. Fikir verin, Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyümüzü bir dəfə də olsun açıq şəkildə dəstəkləməyən, milyonlarla insanın öz vətənində didərgin hala salınmasının yolverilməz olduğunu bildirməyən bir sıra beynəlxalq qurumların nümayəndələri Fətullayevin azad edilməsi şərtini irəli sürür, onun hüquqlarının pozulduğunu iddia edirlər.
Eynullanın müəllifi olduğu "Qarabağ gündəlikləri"ndə Xocalı soyqırımına özümüzünkülərin şərait yaratdığı, faciə qurbanlarının meyitlərinin ermənilərin təhqir etmədiyi barədə ermənilərin açıqladığı analoji mülahizələr vurğulanır. Ermənilərin guya qırğının qarşısını almaq üçün humanitar dəhliz ayırdığı iddia edilir. O, qarabağlıların Bakıda alverlə məşğul olduğu halda, ermənilərin onların torpaqlarına yiyələnməsindən (?!) yazır. Bu şəxs azı bir dəfə götürüb statistikaya diqqət yetirsə, görər ki, şəhidlərin çoxu elə işğal edilmiş ərazilərin övladlarıdır. Eynullanın bəyənmədiyi Ramin Səfərov da qarabağlıdır. Digər tərəfdən, Qarabağ təkcə yerli sakinlərin deyil, bütün azərbaycanlıların doğma torpağı, vətənidir. Maraqlıdır ki, erməni mətbuatının səhifələri də oxşar məzmunlu materiallarla "zəngindir". Dağlıq Qarabağda səfərdə olarkən qondarma rejimin idarəetməsindən rəğbətlə bəhs edən, işğalçıları konstruktiv tərəf adlandıran, işğal altındakı Şuşada məskunlaşmış Bakı, Gəncə, Mingəçevir ermənilərinin problemlərindən, Xankəndinin yenidən qurulmasından həvəslə yazan, onların hərbi texnikasının qarşısında şəkil çəkdirən, erməni kilsəsində şam yandıran, ermənilər arasında antiazərbaycan ovqatının olmadığını bildirən Fətullayevin hərəkətlərinə hər hansı formada bəraət qazandırmaq qeyri-mümkündür. Belələrinin yalnız bir adı var: şərəfsizlik simvolu. Odur ki, mənəviyyatca aşınmış, buqələmuna çevrilmiş E.Fətullayevdən hər hansı yaxşı hərəkət gözləmək mümkün deyil.

Digər xəbərlər