PDF Oxu

Müxalifət

  • 9

Müxalifət iflic olub

Müxalifət iflic olub
Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Zərdüşt Əlizadə qəzetimizə verdiyi açıqlamasında növbəti parlament seçkiləri ərəfəsi radikal düşərgə daxilində ziddiyyətlərin daha kəskin hal aldığını söyləyib: "Bu gün ölkəmizdə hal-hazırda ictimai-siyasi sabitlik möhkəm olduğu halda müxalifət arasında çaxnaşmanın daha çox artdığının şahidi oluruq. Çünki müxalifət özü başa düşür ki, qüvvəsi yoxdur. Azərbaycanda gedən proseslərə ikiəlli səs vermək əvəzinə, radikallar hansısa şər-böhtan atmaqla gündəmdə qalmaq istəyirlər. Bu siyasi mübarizə yolu deyil. Bu siyasi riyakarlıq və alçaqlıqdır. Elə buna görə də onlarla birgə yol getmirəm". Z.Əlizadə ölkə müxalifətinin bütün ictimai-siyasi proseslərdən özünü tam olaraq təcrid etməsinin səbəbinin nədən ibarət olmasına da aydınlıq gətirdi: "Bunun iki səbəbi vardır. Birinci səbəb ondan ibarətdir ki, müxalifət liderləri vaxtilə xalqa çoxlu yalan vədlər verib, yalançı çıxıblar. Ona görə də, xalqın onlara inamı yoxdur. İkincisi isə, siyasət üçün iqtisadi baza olmalıdır. Əgər hər hansı bir maddi təminat yoxdursa, aktiv siyasi bir həyatın mövcudluğu sual altındadır. Üçüncü səbəb isə professional seçki sistemi ləğv edildikdən sonra partiyaların əhəmiyyəti, demək olar ki, sıfıra enib. Çünki hər hansı bir siyasi partiya vasitəsilə parlament həyatında və ölkənin ictimai-siyasi həyatında iştirak etmək mümkün olmur". ASDP həmsədrinin qarşıdakı parlament seçkiləriəri ərəfəsi "birləşmiş" müxalifətin keçirmək istədiyi mitinqlərlə bağlı məsələyə münasibəti isə daha kəskin oldu: "Mənim imkanım olsaydı, müxalifətə icazə verərdim "Azadlıq" meydanında aksiya keçirsin və göstərsin ki, nəyi bacarır, nəyi bacarmır. Bilirsiniz, bu gün ölkəmizdə xalqın nifrətini qazanmış xeyli müxalifət partiyası var və bu partiyaların müxtəlif "ideyalara" xidmət etdiklərini hər kəs yaxşı bilir. Neçə illərdir hakimyyətə gəlməyə can atan, lakin xalqın dəstəyini qazanmadıqlarına görə, bu istəklərinə nail ola bilməyən radikal "bəylər" siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşdi. Arzusunda olduqları növbəti mitinqlərini keçirmək istəkləri də nəticəsiz qalacaq. Çünki xalq tərəfindən dəstəklənməyən radikallar hansı sosial bazaya arxalanaraq mitinq keçirmək istəyir? Bir də, atalar demişkən, "utanmasan, oynamağa nə var ki". Görünür, bu qüvvələr utanmaq nə olduğunu hələ də bilmirlər. Əgər bilsəydilər, sosial bazadan məhrum olunmuş bu qüvvələrin kif atmış təfəkkürlərində hansısa irəliləyiş olardı. Bu bədbəxtlər elə zənn edirlər ki, 90-cı illər bir də qayıdacaq. Bilirsiniz, gərək şəxsi ambisiyalardan uzaq olasan ki, irəlini də görəsən. Digər bir məsələ də var ki, nədənsə, müxalifət dedikdə AXC-nin "şinel"indən çıxmış adamlar nəzərdə tutulur. O, bir hərəkat idi və o hərəkatdan çıxdıqdan sonra isə şəxsi ambisiyalar müqabilində partiyalar yaratdılar. Onlar hələ də, eynilə AXC-nin taktikasından başqa bir yol tanımırlar. Ona görə də, istər müxalifət düşərgəsində bundan sonra hansı qüvvələr və yaxud qurum və təşkilatlar yaranır-yaransın, onlar yenə cüzi bir qüvvədirlər. Əgər bunlar, doğrudan da, vahid bir mövqe nümayiş etdirmək istəyirlərsə, vahid bir radikal sağ müxalifət partiyası yaratsınlar. Yaxın perspektivdə isə, ümumiyyətlə, müxalifətin güclənəcəyini gözləmirəm. Artıq baş verən proseslər onu göstərir ki, müxalifət istər tək, istərsə də blok şəklində seçkilərə qatılıb-qatılmayacaqlarından asılı olmayaraq məğlub olacaq. Düşünürəm ki, Azərbaycan müxalifəti bu gün öz çirkin əməlləri nəticəsində iflic vəziyyətini yaşayır. Bu da baş verən haldır. Çünki hər kəs yaxşı və ya pis formada öz əməlinin bəhrəsini görür".

Digər xəbərlər