"Demokratiya Uğrunda İttifaq" sıradan çıxır
Son zamanlar müxalifət düşərgəsində diqqət çəkən proseslər bir-birini əvəz etməkdədir. Çünki düşərgədəki durum və baş verən olayların qarşılığında daha ilginc mənzərənin nəzərə çarpması da qaçılmazdır. Ona görə də, hər seçki öncəsi məhz bu cür ağır vəziyyətlərə düçar olan radikal müxalifət üçün payızda keçiriləcək parlament seçkiləri son proses olacaq. Artıq müxalifət düşərgəsində olanların özləri də, dolayı yollarla olsa da, bunu təsdiqləyirlər. Amma bir reallıq isə ondan ibarətdir ki, bu gün müxalifət düşərgəsində iddialı şəxslərin hələ də, qalması buradakı durumun daha kritik həddə yüksəlməsini təmin etmiş olub. Bu baxımdan da, son günlərin daha çox müzakirə mövzusu olan Müsavat-AXCP (i) yaxınlaşması müqabilində "KAXCP"-nin və "Demokratiya Uğurunda İttifaq"ın münasibətləri geriyə doğru yüksək sürət almaqdadır. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi, məhz AXCP (i)-Müsavat yaxınlaşması müqabilində digər müxalifət partiyaları ilə Müsavatın münasibətlərinin heç də asan olmayacağı gözlənilən idi. Elə bu səbəbdəndir ki, Müsavat başqanı İsa Qəmbərov AXCP (i) sədri Əli Kərimova yaxşı münasibət bəsləməklə "KAXCP" sədri Mirmahmud Fəttayevi özündən uzaq məsafədə saxlamış oldu. Bu isə, öz növbəsində, M.Fəttayevlə İ.Qəmbərov arasında hələ bu cür olaylardan öncə olan münasibətin sona çatması ilə nəticələndi.
Qeyd edək ki, M.Fəttayevlə İ.Qəmbərov arasında razılaşdırılmış protokol mövcuddur. Bu protokola uyğun olaraq, tərəflərdən biri digərinin iştirakı olmadan ümumi qərar verə bilməz. Baş verənlər isə, onu göstərdi ki, artıq qeyd olunan hər iki partiya arasında soyuq münasibətlər qarşıdurma səviyyəsinə qədər yüksəlib. İlk növbədə, Müsavat Divanının iyulun 31-nə təyin etmiş olduğu mitinqlə bağlı qararın məhz "DUİ"-nin iştirakı olmadan verilməsi M.Fəttayevin İ.Qəmbərova və onun rəhbərlik etdiyi quruma qarşı açıq mövqe sərgiləməsi ilə nəticələnmiş oldu. Prosesin bu axarla davam etməsi "DUİ" üzvlərinin də, haqlı narazılığı ilə qarşılandı. Sonluqda isə İ.Qəmbərov, həmişə olduğu kimi, bütün variantlardan istifadə etməklə M.Fəttayevin könlünü almaqla aralarındakı soyuqluğa son qoymaq üçün hərəkətə keçməyə başladı. M.Fəttayevi Ə.Kərimovla aralarındakı münasibətlərin müəyyən bir mərhələ üçün mahiyyət kəsb etdiyini inandırmağa çalışan İ.Qəmbərov bu yolla özünə qarşı yönələn bütün təhlükələri və müxalifətdaxili qüvvələrin hücumlarını zərərsizləşdirməyə çalışır. M.Fəttayevə İ.Qəmbərovun şeytan donuna girərək, gündə bir mövqe sərgiləməsinin arxasında məkrli niyyətinin olduğunu xatırladan "DUİ" təmsilçiləri bu cür münasibətlərin sona çatdırılmasının zəruriliyini bildiriblər. "DUİ" sədrlər şurasının üzvü "Azadlıq" partiyasının sədri Əhməd Oruc M.Fəttayevə İ.Qəmbərovla münasibətlərə son qoymayacağı təqdirdə, onun təşkilatdan çıxarılmasının tələb olunacağı barəsində xəbərdarlığını çatdırıb. O, qeyd edib ki, M.Fəttayev özünün rəhbərlik etdiyi təşkilatın adından qərar vermək səlahiyyətlərinə malikdir. Onun "DUİ"-nin adından müəyyən qərarlar verməsini isə qeyri-mümkün hal hesab edən Ə.Oruc belə hərəkətlərin təkrarlanacağı təqdirdə, M.Fəttayevin təşkilatdan çıxarılması məsələsinin və bu mümkün olmadıqda, ittifaqın dağılmasının qaçılmazlığını diqqətə çatdırıb. Ona görə də, artıq İ.Qəmbərov öz maraqları naminə digər həmkarlarının da qurum və təşkilatlarını güdaza verdiyi açıq şəkildə görünməkdədir. Çünki Ə.Orucla M.Fəttayev uzun müddət normal münasibətdə olduqlarına baxmayaraq, hazırda aralarında böyük düşmənçilik yaranıb. Bu isə, onu göstərir ki, İ.Qəmbərov çirkin niyyətləri naminə istədiyi halda müxalifət düşərgəsində qardaşı-qardaşa qarşı qoymaqla, öz hüzürünü pozmamış olur. Amma digər bir reallıq isə ondan ibarətdir ki, M.Fəttayev də, öz növbəsində, müxalifətin bitmiş siyasətçilərindən hesab olunur. İndiki halda, onun özünü pafoslu formada təqdim etməsi isə hoqqabazlıqdan başqa bir şey deyil. Ə.Oruca gəldikdə isə, onu bir "siyasətçi" olaraq özündən başqa tanıyan yoxdur.
Bütün bu sadalananlar isə, onu göstərir ki, müxalifət düşərgəsində hər seçki öncəsi baş verən parçalanmalar, didişmələr və münaqişələr bu ilin payızında keçiriləcək parlament seçkilərində müxalifətin acı sonluğunu qaçılmaz edib.