Müxalifətin seçki hazırlıqları da iflasa uğuradı
Müxalifət liderləri düşərgənin paxırını açmaqda davam edirlər. Artıq 7 ilə yaxındır ki, düşərgə ideoloqları müxalifətin perspektivi ilə bağlı bir dəfə də olsun nikbin fikir səsləndirməyiblər. Ümidsizlik sindromu 2003-cü il prezident seçkilərindən sonra yarandı. Həmin seçkidə müxalifətin parçalanmamış partiyası olan Müsavat ətrafına topladığı partiyalarla birgə uduzdu və nüfuzunu itirdi.
Ən pisi isə o oldu ki, elektorata ünvanlanan vədlər və rəqibə ünvanlanan hədələr boşa çıxdı. Digər partiyalar da imkanlarından daha böyük iddialarda bulunmaqla heç nə əldə edə bilmədilər. 2003-cü ilin prezident seçkilərindən sonra sıravi müxalifətçilərin illərlə "qəhrəman", "lider" kimi tanıdığı adamlar barəsində uydurulmuş miflər bir gecənin içində sabun köpüyü kimi partlayıb getdi. Müxalifət o həddə qədər kiçildi ki, 2005-ci il parlament seçkilərində düşərgənin bütün qütbləri birləşsə də, öncəki enerji və gücünü qaytarmaq mümkün olmadı.
Seçkidən sonra Müsavatla "Azadlıq" bloku arasında düşmüş mandat davası ümidsizlik sindromunu daha da dərinləşdirdi. Müxalifətçi elektorat bir neçə mandatdan ötrü bir-birini söyən sabiq müttəfiqləri bir daha tanımış oldu. Nəticədə "Azadlıq" bloku dağıldı və onlara bəlli oldu ki, bu liderlərin mübarizəsi mitinq tribunalarında deyilən "parlaq gələcək", "xalqın rifahı uğrunda" deyil, öz mənafeləri naminədir. Bu, dəfələrlə sınaqdan çıxmış məsələdir və sübuta ehtiyacı yoxdur.
Əgər qarşıdan gələn parlament seçkilərində də müxalifət yetərli yer qazana bilməsə, o zaman radikal düşərgənin sonuncu liderləri də siyasi səhnəni tərk etmək zorunda qalacaq. Bunu radikallar artıq anlamaqdadırlar. Dəfələrlə qeyd olunub ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır", "mübarizəyə hazır deyil" kimi deyimlərlə baş qatmasın. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir. Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir.
Bir müddət öncə, ənənəvi müxalifət liderlərini uzun illər ayrı-ayrı partiyalara qarşı Müsavat başqanı İsa Qəmbərovla birgə "projelər" həyata keçirmiş Pənah Hüseynovu sərt tərzdə tənqid etməyə başladı. Müxalifətin "ideyavericisi", hər seçkini bir partiyanın üzərində quran Pənah Hüseynov indi "ənənəvi müxalifətin köhnəlməsindən", "yararsızlığından", "ümumi inkişafa mane olmasından" danışır. Deputat açıq-aşkar bəyan edir ki, o, təkbaşına müxalifət liderlərindən daha artıq fəaldır və daha çox iş görə bilir. Yeri gəlmişkən, P.Hüseynov bu məqamı tez-tez səsləndirir. Açıqca bildirir ki, o və ya hansısa millət vəkili və ya QHT rəhbəri siyasi strukturları olan partiyalardan daha çox iş görə bilər. Qəribədir ki, onun bu fikri ciddi şəkildə təkzib edilmir. Eyni tezisi ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev də səsləndirir. Eks-spikerin fikirləri bəlkə də, müxalifət liderləri haqqında son illər səslənən ən ağır və aşağılayıcı ittihamlardır.
"İndiki liderlərin nə vaxtsa prezident və ya nazir olacağına inanmıram" fikrini inamla söyləyən eks-spiker fikrini xırda detallarla izah edə biləcəyini də söyləyib. "ACP" liderinin açıqlamalarının davamı daha maraqlı və müxalifət liderləri üçün heç də xoş deyil. Hazırkı müxalifət liderləri ilə 10 il çiyin-çiyinə mübarizə aparmış "ACP" lideri deyir: "...Əminəm ki, yaxın iki-üç ilə siyasi arenaya yeni şəxslər çıxacaq. Daha savadlı, öz maraqlarını ikinci plana keçirməyi bacaran, dünya siyasətindən başı çıxan və sair keyfiyyətlərə malik, xarici ölkələrdə təhsil almış yeni nəslin arasından çıxanlar xalqın gələcəyi uğrunda psevdo yox, əsl mübarizə aparacaqlar".
Əslində, ənənəvi müxalifət liderlərinin verməyə cavabı, deməyə sözü yoxdur. Görünür, artıq sıravi müxalifətçilər də bu həqiqəti dərk etməyə başlayıblar. Əsl həqiqət isə qarşıdan gələn parlament seçkilərində bumeranq kimi müxalifətin özünə dəyəcək. Bu da ondan ibarətdir ki, son 17 ildə heç bir prosesdə uğur əldə edə bilməyənlər acı reallıqla barışmalı olacaqlar.