Mirmahmud Fəttayev Əli Kərimovu sağalmaz xəstəliyə düçar olmuş şəxs adlandırdı
Müxalifət düşərgəsində iyulun 31-də keçirilmiş biabırçı aksiyanın acı nəticələri hələ də, ağır fəsadlar yaratmaqdadır. Çünki hələ aksiyadan bir neçə gün öncə bu məsələdə anormal münasibətlərin olması barəsində fikirlər yayılmışdı. Müsavat Divanının iyulun 31-də keçirilmiş aksiya ilə bağlı vermiş olduğu qərara etiraz edən "KAXCP" sədri Mirmahmud Fəttayev onlara qarşı etinasızlıq edildiyini bildirmişdi.
Məhz Müsavat partiyası ilə aralarında əldə olunmuş razılığa əsasən bu cür qərarların qəbulunda onların da iştirakının olmasının vacib olduğunu qeyd edən M.Fəttayev, amma məlum mitinqin sonradan birgə keçirildiyini vurğulayıb. Amma bütün bunlara baxmayaraq, "DUİ"-Müsavat aksiyasına AXCP (i) funksionerləri tərəfindən Müsavat-AXCP (i)-nin birgə mitinqi kimi qələmə verilməsinə isə M.Fəttayev birmənalı mövqe bildirib. O, qeyd edib ki, verilmiş olan birgə qətnamədən də, bunu açıq şəkilə görmək mümkündür. Çox təəssüflər olsun ki, müxalifətdə hələ də, özgəsinin işini öz adına çıxan şəxslər hələ də qalmaqdadır deyən M.Fəttayev bu cür şəxslərin anormal insani keyfiyyətlərə malik olduğunu bildirib. "AXCP (i) təmsilçilərinin iyulun 31-də keçirilmiş mitinqi AXCP (i) və Müsavatın birgə aksiyası kimi təqdim etməsi xəstəliyin bariz nümunəsidir. Ya doğrudan da onları isti vurub, günvurmadan əziyyət çəkirlər, ya da sağalmaz bir xəstəlikləri var ki, onları müalicə etmək mümkün deyil" -deyən "KAXCP" sədri M.Fəttayev artıq bir neçə dəfə bu cür anormal halların baş verdiyini də təsdiqləyib. Qeyd edib ki, bu cür fikirlərlə çıxış edənlər, sadəcə olaraq, hansı təfəkkürə malik olduqlarını növbəti dəfə cəmiyyətə nümayiş etdiriblər. "DUİ" təmsilçisi bildirib ki, onlar kütləvi aksiyaların birgə keçirilməsinin təşəbbüskarıdır və bununla bağlı qəbul etdikləri qərar qüvvədən düşməyib. "KAXCP" sədri, həmçinin, bununla belə, o, növbəti aksiyanın keçirilməsi ilə bağlı, hələlik, heç bir müzakirənin aparılmadığını qeyd edib. M.Fəttayev iyulun 31-də keçirilən birgə aksiyanın məhz Ə.Kərimov tərəfdarları tərəfindən anormal formada təqdim edildiyini bildirib. "Yenə də, kimlərinsə xəstəliyi baş alıb gedirdi. Əvvəla, bu, ciddi bir məsələ idi ki, "DUİ" və Müsavat aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə birgə, AXCP (i) isə ayrıca müraciət etmişdi. Bunlara baxmayaraq, sağalmaz xəstəliyə düçar olmuş bəzi şəxslər bunu Müsavat-AXCP (i) mitinqi kimi təqdim etdilər. Bu isə istər-istəməz problem yaradır" - deyən M.Fəttayev müxalifət düşərgəsindən bu cür düşüncədə olan şəxslər getməyincə istənilən bir uğura imza atmağın da qeyri-mümkün olduğunu bildirib. Amma burada M.Fəttayev bir məntiqi, deyəsən, tamamilə yaddan çıxarır ki, elə onun özü də, müxalifətin başlıca problemi hesab ounur. Çünki M.Fəttayev siyasi müstəvidə öz maraqlarını gerçəyə çevirmək üçün yoluna çıxan istənilən müxalifət nümayəndəsini aradan götürməyə çalışır. Məhz bu baxımdan da, olanlara və olacaqlara nəzər salaraq, onu demək olar ki, artıq düşərgədə daha açıq formada baş qaldıran problemlər ilginc olaylarla nəticələnəcək.