PDF Oxu

Müxalifət

  • 9

"Demokratiya Uğrunda İttifaq" Müsavatla birgə mitinq keçirməkdən imtina etdi

"Demokratiya Uğrunda İttifaq" Müsavatla birgə mitinq keçirməkdən imtina etdi
Radikal müxalifət düşərgəsində iyulun 31-də keçirilmiş biabırçı aksiyanın nəticələri hələ də, acı fəsadlar yaratmaqdadır. Aksiyanın bu səviyyədə keçirilməsinə görə, bir-birilərini ittiham edən tərəflər nəticədə razılaşdırılmış münasibətlərini də pozmalı olublar. Qondarma aksiyanın acı nəticələri və bir sıra uyğunsuzluqlara qarşı çıxan "KAXCP" sədri Mirmahmud Fəttayev "DUİ" ilə Müsavatın birgə aksiyasının AXCP (i)-nin öz adına çıxması halını pisləyib. Bildirib ki, müxalifət düşərgəsində başqasının malına göz dikən insanlara rast gəlinmişdi, amma özgəsinin işini öz adına çıxan şəxslərə rast gəlinməmişdi. "Çox təəssüflər olsun ki, müxalifətçilər bu cür halları da, öz həyatlarında müəyyən insanların düşüncəsizliyi ucbatından görməli oldular" deyən M.Fəttayev açıq şəkildə Əli Kərimovun əlaltılarını ittiham edib. Qeyd edib ki, bu cür illüziyaların arxasında dayanan insanlar da bütövlükdə xəstə təfəkkürə malik olan şəxslərdir. Ona görə də, artıq bundan sonra atılacaq hər bir addımı götür-qoy etdikdə, çox diqqətli olmağın tələb edildiyini söyləyən M.Fəttayev Müsavatla aralarındakı əlaqələrin də məhz bu cür hallara görə şübhə altına düşdüyünü bildirib. Eyni zamanda "KAXCP"-nin təmsil olunduğu "DUİ" üzvləri də, olanları böyük hiddətlə və özlərinə qarşı ayrı-seçkilik prinsipləri kimi dəyərləndiriblər. Bu baxımdan da "DUİ" sədrlər şurasının bazar ertəsi keçirilən növbəti toplantısında kütləvi aksiya keçirilmə məsələsini müzakirə edərək, konkret qərarlar verilib. Bu barədə məlumat verən "Azadlıq" partiyasının və "DUİ"-nin seçki qərargahının sədri Əhməd Oruc artıq heç bir effekt verməyən aksiyaların hər dəfə təkrar olunmasına ehtiyacın olmadığını vurğulayıb. Bütün bunlar isə onu göstərir ki, iyulun 31-də Müsavatla "DUİ"-nin keçirmək istədiyi aksiyanın AXCP (i) tərəfindən öz adına çıxılıması düşərgədəki problemlərin üzərinə yeni bir problem də əlavə edib. Ona görə də, tam əminliklə demək olar ki, artıq bu olanlar radikal müxalifət düşərgəsindəki seyrəlmələrin və qopmaların daha da sürətlənməsini təmin etmiş olacaq. Çünki radikal düşərgə təmsilçiləri belə, birmənalı şəkildə Müsavat-AXCP (i) yaxınlaşması müqabilində çox ilginc olayların baş verəcəyini proqnozlaşdırmışdılar. Bu səbəbdən də, hələlik, ortada konkret bir fakt olmaya-olmaya düşərgədəki təlatüm və qarşıdurma meyillərinin qığılcımlanma səviyyəsinə gəlib çatması deyilənləri bir daha təsdiqləmiş olur.

Digər xəbərlər