Radikal müxalifətin "şou" bazarı ifşa olunur
Artıq hər yerdən əli üzülən və heç bir çıxış yolu qalmayan radikal müxalifət partiya sədrləri ictimai rəydə çaşqınlıq yaratmaq və uydurma "şou"lar təşkil etməklə özlərinin hələ də mövcud olduqlarını göstərməyə çalışırlar. Onlar xarici havadarlarının gözündə iyrənc nüfuzlarını qaldırmaq üçün özlərinin əlaltısı kimi saxladıqları şəxsləri belə güdaza verməyə başlayıblar. Çünki onlar daima bu cür üsul və metodlarla gündəmdə qalmaqla şəxsi məqsədlərini gerçəyə çevirmək üçün istifadə edirlər. Artıq cəmiyyət də onların bu cür hoqqabazlıqlarından və dırnaqarası şoularından hiddətə gəlib. Məhz bu səbəbə görə də, onlara cəmiyyət tərəfindən olan diqqət sıfır səviyyəsindədir. Amma bütün bu reallıqları ortalıqda ola-ola radikallar yenə də, cəmiyyətin, xalqın adından danışmaqla kimlərinsə xoşuna gəlməyə çalışırlar. Bu isə, öz növbəsində, acı biabırçılığın məntiqi sonluğa çatmasını daha da tezləşdirir. Bəsit təfəkkürün acı nəticələrindən qurtula bilməyən radikal müxalifət üçün cəmiyyətdə heç bir yer qalmayıb. Sadəcə olaraq, onların bu günə qədər qalmaları isə xarici bosslarından aldıqları vəsaitlərin müqabilində mümkün olub. Əks-təqdirdə hazırkı məqamda radikal düşərgədə boşboğazlıq edən şəxslərin heç birini burada görmək mümkün olmazdı. Çünki bu tipajlar ancaq və ancaq xarici havadarlarının sifarişlərinin yerli icraçıları olaraq, müəyyən dərəcədə maliyyə qarşılığında istənilən hoqqabazlığı etməyə hazırdırlar. Əgər bu gün AXCP (i) sədri Əli Kərimova himayədarı deyə ki, get "Tbilisi" prospektində dombalaq aş, o, bunu edəsidir. Eyni zamanda, Müsavat başqanına desələr ki, sənə 10 milyon veririk, get "Fəvvarələr" meydanında atılıb-düş, bu, onu edəsidi. Ona görə ki, bu onların qarşısında gözükölgəlidi. Onaların başqa variantları olsa, nə bilim, nə edərlər. İndi isə guya iyulun 31-də keçirmiş olduqları biabırçı aksiyada saxlanılan əlaltılarının halına yanırlarmış kimi mövqe nümayiş etdirən radikallar üçün əllərinə şou yaratmaq fürsəti düşüb. Ona görə də, artıq bir neçə gündür ki, gecəni-gündüzə qatıb ağıllarına gələn ideyalarla çıxış edən əli kərimovlar, isa qəmbərovlar, mirmahmud fəttayevlər bircə o qalıb ki, əyinlərinə ətək taxaraq polis idarələrinin qarşısında atılıb-düşsünlər.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, boğazlarından yeməkləri də sərt keçəndə xarici havadarlarının ətəyindən yapışan radikal müxalifət liderləri indi də bu "ənənələrinə" sadiq qalaraq, müəyyən dərəcədə süni bir gərginlik yaratmağa çalışırlar. Bir faktı isə unutmaq olmaz ki, onların bu cəfəng-cəfəng ideyalarına artıq xarici bossları da diqqət və maraq göstərmir. Bir müddət öncə, ABŞ dövlət katibinin Azərbaycana səfəri müddətində radikal müxalifət liderləri ilə görüşün olacağı və onların bütün problemlərinin həll ediləcəyi ilə bağlı səsləndirmiş olduqları illüziyaları da son nəticədə puç oldu. Çünki Hillari Klinton Bakı səfərində müxalifət liderləri ilə görüşdən imtina etməklə onların səviyyəsinin artıq beynəlxalq cəmiyyətlərə də açıq olduğunu nümayiş etdirmiş oldu.