Payızda keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca radikal müxalifət partiyalarının bir-birinə qarşı mübarizə taktikaları daha ciddi və gərgin hal almaqdadır. Onların əksəriyyəti öz ətraflarına siyasi qurumlar cəmləşdirərək, düşərgədəki rəqiblərinə hətta "xoruz səsi eşidilməyən" təhqiramiz sözlər deməklə, bir-birilərini alçaltmaqdan çəkinmirlər.
Bu isə müxalifət üçün yenilik deyil. Çünki neçə illər bu yolu tutan radikallar düşərgədə elementar siyasi əxlaq qaydalarını ayaqları altına ataraq, bir-birilərini hətta ailə-məişət zəminində də ittiham edirlər.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, "Azadlıq" bloku dağıldıqdan sonra Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında danışıqlar gedir. Lakin bu danışıqlar hələ də nəticəsiz qalmaqdadır. Çünki bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün əvvəlki seçkilər ərəfəsində mövcud olan vəziyyətə nəzər yetirmək kifayətdir. Müsavat öz ətrafına beş "cırtdan" siyasi partiyanı və bir qeyri-hökumət təşkilatını cəmləməklə digər müxalifət partiyalarında özünə qarşı əks-reaksiya yaradıb. Demək olar ki, "MBH", AMİP və AXCP (i) kimi partiyalar Müsavatın əleyhinə olmazın ittihamlar səsləndirərək, onu ənənəvi şəkildə düşərgədə parçalanma yaratmaqda və müxalifəti qarşıdakı mərhələdə qəsdən məğlubiyyətə sürükləməkdə ittiham edir.
ADP sədri Sərdar Cəlaloğlu hazırkı mərhələdə müxalifətin əməkdaşlığından danışmağın mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da, "əməkdaşlıq" ideyasını ortaya atmaqla, ən azı mətbuatın diqqətini özlərinə cəlb etmək istəyirlər. Ancaq bu "priyom" heç də uğurlu deyil. Çünki bu günə kimi hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil.
S.Cəlaloğlu verdiyi açıqlamasında müxalifətin siyasi iflasdan heç cürə qurtulmaq bilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, partiyaların daxilində hazırkı sədrlərə qarşı elə bir nifrət etalonu yaranıb ki, daha onu heç nə ilə ört-basdır etmək mümkün deyil. Xüsusilə, əvvəllər öz "monolitliyi" ilə öyünən Müsavat, AXCP (i) və AMİP kimi partiyalar indi daxili didişmələrin bir növ əlində oyuncağa çevrilib.
S.Cəlaloğlunun açıqlamasından aydın görünür ki, artıq müxalifət düşərgəsində normal təfəkkürə malik insanların səsləri gəlir. Belə ki, destruktiv müxalifətdən fərqli olaraq, belə qüvvələr milli mənafelərin və dövlət maraqlarının əleyhinə getmirlər. Amma bu, radikal düşərgədə heç də birmənalı qarşılanmır. Radikallar belə siyasətçiləri satqınlıqda və əsl müxalifət olmamaqda ittiham edirlər.
Beləliklə də, göründüyü kimi, qarşıdakı parlament seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.