PDF Oxu

Müxalifət

  • 7

Müxalifət seçim qarşısında: ya seçkidə uduzmaq, ya da strategiyanı dəyişmək

Müxalifət seçim qarşısında: ya seçkidə uduzmaq, ya da strategiyanı dəyişmək
Getdikcə dağınıqlıq içərisinə girən, qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan, sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müxalifət düşərgəsi parlament seçkilərinə "hazırlaşır". Özü də necə və əgər bunu "seçkiyə hazırlaşmaq" imitasiyası da adlandırmaq olarsa. Onu da deyək ki, düşərgədə hətta elə vəziyyət yaranıb ki, "çay gəlməmiş çırmanan" partiyalar da var. Bəziləri də ortaya atılaraq birgə fəaliyyət ideyaları ilə özlərinə tərəfdar axtarışına çıxıblar. Bir sıra partiyalar isə hələ bir neçə ay öncədən heç bir birliyə qoşulmayacaqlarını bəyan ediblər. Bəzi partiyalar isə gözləmə mövqeyindədir.
Müsavatda funksionerlərarası mübarizədən, "Azadlıq" bloku dağıldıqdan sonra ziddiyyətlər daha kəskin hal alıb. Bir yandan da Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu problemi. Adam sanki öz üzərinə bütün siyasi düşərgəni Müsavata qarşı qaldırmaq missiyası götürüb. Ötən ildən partiyanın ağır artilleriyası "Yeni Müsavat" qəzeti ilə "Azadlıq" bloku arasında başlayan müharibə artıq bu gün yuxarı eşalonlarda davam edir.
Beləliklə, ən böhranlı dövrünü yaşayan Müsavat partiyası da seçkilərə "hazırlıq" görür. Partiyanın funksionerlərinin seçki məsələsində mövqeyi fərqlidir. Bəziləri Müsavatın seçkilərdə iştirak etməsini istəyir, digərləri isə bunun partiyanın tamam rüsvay olacağına gətirib çıxaracağını düşündüklərindən, bunun əleyhinə çıxırlar. Amma məsələ belədir ki, İsa Qəmbərov hələ ki, tərəddüd edir. Başqan bu günə qədər seçki mövzusunda bir neçə dəfə fərqli fikirlər söyləyərək, mitinq keçirməyi əsas çıxış yolu hesab edir. İ.Qəmbərov elə zənn edir ki, bununla da ölkədə siyasi vəziyyəti gərginləşdirməklə seçkilərdə qələbə qazana bilər. Müsavatı buna ümidləndirən amillərdən biri də müxalifət liderlərinin seçkiləri boykot edəcəyi ilə bağlı gözləntidir.
Amma müxalif düşərgədə gedən proseslər göstərir ki, buna ümid etməyə dəyməz. Çünki seçkilərdə müxalifətin dağınıq halda iştirakı indidən görünür. Belə olan halda rdikalların kiçik elektoratı daha çox yerə parçalanacaq və "bir nəfərin payı, iki nəfəri ac qoyacaq". Beləliklə də, qonşuya ümid edənlər, görünür, ac qalacaq. Hazırda əksər partiyaların seçkilərdə iştirak edəcəyi bəyan olunub. Bu, o partiyalardır ki, onlar da hazırda ölkədə maddi-texniki imkanlarını və sosial bazalarını saf-çürük etməklə məşğuldurlar. Seçkidə iştirakı sual altında olan partiyalar isə, hələ ki, ortalıqda döyünə-döyünə qalıblar.
Beləliklə də, baş verən proseslər onu göstərir ki, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək. Bunu artıq düşərgə təmsilçiləri dəfələrlə qeyd ediblər.

Digər xəbərlər