PDF Oxu

Müxalifət

  • 21

Müxalif düşərgədə yeni qarşıdurmalar yaranır

Müxalif düşərgədə yeni qarşıdurmalar yaranır
Son zamanlar müxalifət düşərgəsində diqqəti cəlb edən qalmaqallı proseslər baş verməkdədir. Bir-birinin ardınca düşərgədə baş verən çəkişmələrə nəzər salsaq, müşahidə etmək olar ki, indi buradakı durum daha acınacaqlı səviyyədədir. Ola bilsin ki, məhz belə bir vəziyyəti müxalifət düşərgəsinə bəxş edənlərin heç özləri də, nə baş verməsindən xəbərsizdirlər. Amma olanlar onu deməyə əsas verir ki, müxalifətin bu prosesdən salamat çıxması, hələ də sual doğuran məsələlərdəndir. Bu baxımdan da, müxalifət düşərgəsində baş verənlərdən baş çıxarmağın özü də müşkül məsələyə çevrilib. Çünki radikal düşərgə olduqca ambisiyalı insanlarla doludur. Onlar isə, nəyin bahasına olur-olsun, öz maraqlarını doğrultmaqdan ötrü istənilən hər bir çirkin hərəkətə hazırdırlar. Ona görə də, müxalifət daxilində guya ki, yeni yaranacaq dırnaqarası "güc" mərkəzləri, əslində, görünən iyrənc oyunun bir nümunəsidir. İndi kimsə, müxalifət düşərgəsində Müsavat başqanı İsa Qəmbərova, AXCP (i) sədri Əli Kərimova, "MBH" lideri Lalə Hacıyevaya, necə deyərlər, "stavka" etmir. Çünki müxalifət düşərgəsində artıq "bəy"lərin vaxtı bitib. Doğrudur, onlar öz vaxtlarının bitməsini açıq şəkildə bildirsələr də, əsl məqam yetişəndə, özlərini necə aparmaları müəmmalı mətləbdən xəbər verir.
Bir qədər keçmişə nəzər salsaq, müxalifət düşərgəsində məskunlaşmış şəxslərin ancaq və ancaq vəzifəyə yiyələnmək eşqi ilə yanıb alışması və bu amal uğrunda hansı tükürpədən əməllərdən çıxmalarını yenidən müşahidə etmək olar. Hər kəsə bəllidir ki, ömrü boyu öz prinsipləri ilə yaşayan İ.Qəmbərov, Ə.Kərimov və digərləri həlledici məqamlarda hətta adından danışdıqları xalqı da əzib keçməyi bacarırlar. Bunu zaman dəfələrlə sübut edib. Ölkəmizin daxili və xarici uğurlarını gözü götürməyən təşkilatlarla əməkdaşlıq müqabilində, bu gün özlərinin mövcudluğunu hiss etdirməyə çalışan kərimovlar, qəmbərovlar, hacıyevalar, fəttayevlər və b. hansı üzlə sonradan xalqın üzünə çıxaraq pafoslu danışırlar? Bunun özü də sual doğuran məsələlərdəndir.
"Ümid" partiyasındakı müəmmalı toplantıdan sonra Ə.Kərimovla İqbal Ağazadənin yenidən söz atışmasını davam etdirməkçün baş-başa gəlmələri, müxalifət düşərgəsindəki qanlı düşmənçilik prinsiplərinin hələ də qaldığını nümayiş etdirdi. Digər bir tərəfdən isə, İ.Qəmbərovla L.Hacıyeva arasında da qalmaqal yaşandığı barədə məlumatlar yayıldı. Sonradan məlum oldu ki, İ.Qəmbərov Lalə "xanıma" onun daxili işlərinə burnunu soxduğuna görə əsəbiləşib. Öz növbəsində isə, "MBH" lideri İ.Qəmbərovu qədirbilməzlikdə suçlayaraq, onun üçün etdiklərindən heyifsləndiyini dilə gətirib. Bütün bunların davamında isə yuxarıda qeyd etdiyimiz kimi, bir qədər əvvəl yaradılmış olan "Respublikaçı" və "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı" təşviqat qrupları sonradan müəyyən qüvvələr tərəfindən təşkilata çevrildi. İndi isə həmin təşkilata üzv toplamaq üstündə müxalifət düşərgəsində əməlli-başlı mübahisə gedir. "Demokratiya Uğrunda İttifaqda" təmsil olunan "KAXCP" və "Azadlıq" partiyasının sədrləri olan Mirmahmud Fəttayev və Əhməd Orucov daş atıb baş tuturlar ki, qeyd olunan təşkilata üzv olmayacaqlar. Onların bu hərəkəti isə ADP sədri Sərdar Cəlaloğlunun hiddətinə səbəb olub. Müxalifət daxilində ayrıseçkilik salmaqda suçlanan hər iki şəxs S.Cəlaloğlunu ağılsız ideyalar verməkdə günahlandırıblar. Əks tərəf olan ADP sədri isə, onsuz da, onların deməyindən heç bir məsələnin asılı olmadığını qeyd edərək, M.Fəttayev və Ə.Orucov özlərinə daha uyğun bir iş axtarmağı tövsiyə edib. Çünki müxalifət düşərgəsində hal-hazırda baş verənlərdə bilavasitə M.Fəttayevlə Ə.Orucovu günahlandıran S.Cəlaloğlu, xüsusən də, "Azadlıq" partiyasının sədrinin siyasi düşərgədə artıq şəsxlərdən olduğunu bildirib.

Digər xəbərlər