Müsavatla "DUİ"-nin "ittifaq"ı pozulur
Müsavat partiyası ilə "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar payızda keçiriləcək parlament seçkilərində birgə iştirakla bağlı vermiş olduqları qərar pozulur. Buna səbəb tərəflərin seçki dairələrini aralarında bölüşdürə bilməmələri və 31 iyulda keçirilməsinə göstərilən mitinq cəhdində biabırçı sonluqla üzləşmələridir. Çünki bir neçə müddətdir ki, tərəflər bu mitinqin böyük rezonans yaradacağını söyləsələr də, sonluq yenə də, həmişəki kimi müxalifətin hansı səviyyədə olduğunu bir daha açıq şəkildə göstərmiş oldu.
Özlərini biabır etməkdən usanmayan radikallar üçün 31 iyulda keçirilmiş qondarma aksiya, deyəsən, düşərgədə bir sıra qaranlıq məqamlara işıq salmış olacaq. Elə bu səbəbdəndir ki, uğursuz aksiyanın nəticələrini müzakirə edərkən, Müsavat başqanı İsa Qəmbərovla "KAXCP" sədri Mirmahmud Fəttayev arasında mübahisə baş verib. Tərəflər arasında yaranmış mübahisənin əsas səbəbi isə oyuncaq aksiyanın acı sonluğu göstərilsə də, digər məqam Müsavat-AXCP (i) yaxınlaşmasıdır. Onu da qeyd edək ki, Müsavat rəhbərliyi keçirdiyi biabırçı aksiyada AXCP (i)-nin fəaliyyətini daha çox önə çəkərək "DUİ"-nin fəaliyyətini aşağılamış kimi mövqe nümayiş etdirib. Bu isə, öz növbəsində, M.Fəttayevin İ.Qəmbərova qarşı hiddətinin daha da şiddətlənməsi ilə nəticələnib. Hətta İ.Qəmbərovla keçirilmiş aksiyada uğursuzluğun səbəblərini müzakirə edərkən M.Fəttayev belə bir nəticənin hasil olunmasında açıq şəkildə AXCP (i) sədrini günahlandırıb. Bu yanaşma isə İ.Qəmbərovun özündən çıxması ilə nəticələnib. Çünki son günlər Müsavatla AXCP (i) aralarındakı yaxınlaşmadan əlavə, bir-birilərinin tərəfini saxlamağa çalışırlar. Amma bir faktı da xüsusi ilə qeyd edək ki, düşərgədə olan bu yaxınlaşma və yanaşma müvəqqəti xarakter daşıyır.
Məhz bu baxımdan da, ortalıqda olan narazılığa əsasən, Müsavat başqanı İ.Qəmbərovla "KAXCP" sədri M.Fəttayev ötən şənbə aralarındakı münasibətlərə nöqtə qoymalı olublar. Müsavat qərargahında baş tutan görüşdə tərəflər 31 iyul mitinqinin acı nəticələrini müzakirə edərkən, açıq şəkildə bir-birilərini ittiham ediblər. İ.Qəmbərov, hətta M.Fəttayevin üzərinə səsinin tonunu qaldırmaqla öz etirazını çatdırıb. Bildirib ki, bu gün nə "KAXCP"-nin, nə də "DUİ"-də təmsil olunan partiyaların nəinki mitinq, ümumiyyətlə, piket keçirmək imkanları yoxdur. Məhz bu imkanın onlara Müsavat partiyası tərəfindən verildiyini bildirən İ.Qəmbərov 31 iyul aksiyasının acı nəticələrinə görə də, açıq şəkildə M.Fəttayevin rəhbərlik etdiyi "KAXCP"-ni günahkar bilib. Bir-birilərini qarşılıqlı şəkildə ittiham edən tərəflər parlament seçkilərində birgə iştirak məsələsində əldə etmiş olduqları razılaşmanın da pozulduğunu elan ediblər. Müsavat başqanının atılıb-düşməsindən hiddətlənən "KAXCP" sədri M.Fəttayev isə razılaşdırdıqları məsələlərin pozulmasında İ.Qəmbərov başda olmaqla Müsavat funksionerlərinin məsuliyyət daşıdığını bildirib.
Müsavatla münasibətlərini korlayan M.Fəttayev düşərgədə özünü əməkdaşlığa meyilli şəxsi kimi göstərməyə cəhd etməklə, bütün məsuliyyəti İ.Qəmbərovun boynuna atmağa çalışır. Öz növbəsində isə, İ.Qəmbərov arxasında 10 nəfər belə şəxsin olmadığı partiyalarla əməkdaşlığa getmələrindən təəssüf hissi keçirdiklərini bildirib. Qeyd edib ki, M.Fəttayevlə əldə olunmuş razılığın pozulmasında onların özləri günahkardır. Bütün bunlar isə, onu göstərir ki, müxalifət düşərgəsində istənilən formada yaradılan birlik və ya toplumların mahiyyəti heç nəyi ifadə etmir. Sadəcə olaraq, istənilən iki müxalifət təmsilçisinin çayxanada və ya özlərinə müvafiq başqa bir yerdə vermiş olduqları qərarın ittifaq və əməkdaşlıq kimi qələmə verilməsi sonradan məhz bu cür acı nəticələrə gətirib çıxarır. Müsavatla "DUİ"-nin əməkdaşlığının pozulması da, elə bu səbəblərlə əlaqəlidir. Digər bir məsələ isə, öz ömrünü başa vuran partiyalardan yeni bir fiqur düzəltmək cəhdidir ki, bu da, öz növbəsində, məhz belə halların yaranması ilə nəticələnir.